Ukraynada Ali Radanın deputatı Aleksey Qonçarenko ABŞ-də öldürülən ukraynalı İrina Zarutskayanın atasının qızının dəfni üçün ölkəni tərki etməsinə icazə verilməməsindən sonra bütün kişilərin ölkədən sərbəst çıxışı ilə bağlı qanun layihəsini parlamentə təqdim etdiyini bildirib.
Moderator.az-ın xəbərinə görə, bu barədə Aleksey Qonçarenko öz "Telegram" kanalında məlumat verib.
"Dünyanın o tayında övladı qətlə yetirilən atanın nə hiss etdiyini təsəvvür etmək mümkün deyil. Sərhəd özləri üçün açıqdır, lakin insanlar üçün bağlıdır. Hər kəs bərabər hüquqlara malik olmalıdır. Mən hamının ölkədən çıxış imkanı ilə bağlı qanun layihəsi təqdim etmişəm", - deyə deputat yazıb.
Qeyd edək ki, daha əvvəl Ukrayna KİV-in xəbərinə görə, İrina Zarutskayanın ABŞ-dəki dəfn mərasiminə getmək istəyən atasının ölkəni tərk etməsinə icazə verilməyib, çünki o, səfərbərlik yaşındadır.
Xatırladaq ki, avqustun 22-də ABŞ-də Dekarlos Braun adlı şəxs tramvayda 23 yaşlı ukraynalı qaçqın İrina Zarutskayaya bıçaqla hücum edib. Qız aldığı xəsarətlərdən yerindəcə keçinib. Braun daha sonra həbs edilib və ona qarşı qətl maddəsi üzrə ittiham irəli sürülüb. ABŞ Prezidenti Donald Trampın qeyd etdiyi kimi, cinayətkar residivist olub - polis daha əvvəllər onu azı 14 dəfə həbs edib, lakin hər dəfə heç bir pul ödəmədən girov müqabilində azad edilib.