AZ

Ermənilər Zəngəzur dəhlizinin keçəcəyi yerlərdə intensiv işə başladılar, amerikalılar da gəlir...


Afsəddin Nəbiyev: “Qaçırılmış fürsətlər Ermənistan rəhbərliyi tərəfindən mətbuatda müzakirə olunduqca...”

Azərbaycanla kommunikasiyaların açılması Ermənistanın iqtisadi inkişafına təkan verəcək. Bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan deyib.

Nazir “Tramp yolu” layihəsi (Zəngəzur dəhlizi) ilə bağlı bildirib ki, yaxın günlərdə Ermənistana müxtəlif nümayəndə heyətlərinin səfəri gözlənilir.

“Əslində, praktiki mərhələdəyik. Mehri və Qafan (Qərbi Zəngəzur) sakinləri hər gün dağların dağıdıldığını, yeni yolun çəkildiyini görürlər”, - nazir qeyd edib.

Papoyan əlavə edib ki, amerikalılar da gələrək durumla tanış olacaq, yerində hesablamalar aparacaq: “Bununla praktiki mərhələyə qədəm qoyacağıq, nəticədə Ermənistan qlobal nəqliyyat qovşağına çevriləcək. Ermənistan təkcə dənizə çıxışı olmayan ölkə deyil, həm də mövcud quru sərhədlərinin 75 faizi bağlıdır”.

Burada diqqəti çəkən məqam odur ki, erməni nazir “sakinlər hər gün dağların dağıdıldığını, yeni yolun çəkildiyini görür” deyir. Belə məlum olur ki, Zəngəzur dəhlizinin çəkilməsi ilə bağlı Ermənistanda praktiki iş başlayıb?

“Dəhliz sadəcə iqtisadi fayda deyil, həm də Cənubi Qafqazda sabitlik və etimad mühitinin güclənməsi deməkdir”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP-in sədr müavini Afsəddin Nəbiyev bldirdi ki, ermənilərin bu yöndə praktiki addımlar atması hiss olunur: “Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyanın Zəngəzur dəhlizi ilə bağlı son açıqlamaları bir həqiqəti üzə çıxarır: İrəvan nə qədər inkar etməyə çalışsa da, bu yolun açılması Ermənistan üçün həyati əhəmiyyət daşıyır. Nazir özü etiraf edir ki, Mehri və Qafan sakinləri dağların dağıdıldığını, yeni yolun çəkildiyini görürlər. Bu, əslində Ermənistanın uzun müddət ictimaiyyəti çaşdırmağa yönəlmiş siyasətinin uğursuzluğunu göstərir. Azərbaycan öz ərazisində bütün infrastruktur layihələrini artıq həyata keçirib, alternativ marşrutları işə salıb və regionun mühüm nəqliyyat qovşağına çevrilib. Ermənistan isə bağlı sərhədlər və təcrid siyasəti nəticəsində iqtisadi tənəzzül girdabına düşüb. Qaçırılmış fürsətlər indiki Ermənistan rəhbərliyi tərəfindən mətbuatda müzakirə olunduqca cəmiyyət aydın şəkildə düşdüyü durumun əsl səbəbini dərk etməyə başlayır.

Zəngəzur dəhlizi bu vəziyyətdən çıxış yoludur və bunun ən yaxşı nümunəsini indi Ermənistanın rəsmiləri çox gec də olsa özləri dilə gətirirlər. Bu dəhliz sadəcə iqtisadi fayda deyil, həm də Cənubi Qafqazda sabitlik və etimad mühitinin güclənməsi deməkdir. Kommunikasiyaların açılması əməkdaşlığı genişləndirir, qarşılıqlı əlaqələr yaradır və sülhə xidmət edir. Ermənistan bu şansı düzgün qiymətləndirməlidir. Əks halda, Azərbaycan və tərəfdaş ölkələr alternativ yollar üzərindən əməkdaşlığı dərinləşdirəcək. Ermənistan isə bir daha regional proseslərdən kənarda qalacaq. Seçim üçün İrəvanın iki yolu var - ya əməkdaşlıq və inkişaf, ya da təcrid və iqtisadi geriləmə. Birinci yol Ermənistanı xilasa, ikinci özünütəcridə aparan yoldur”.

Vidadi ORDAHALLI

Seçilən
17
baki-xeber.com

1Mənbələr