AZ

Rusiya Mərkəzi Bankı uçot dərəcəsini azaldıb “İnflyasiya riski yüksəkdir”

ain.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

Rusiya Bankının Direktorlar Şurası 12 sentyabrda əsas uçot dərəcəsini 100 baza bəndi azaldaraq 18%-dən 17%-ə endirib. Bu barədə tənzimləyicinin yaydığı açıqlamada bildirilir.

Məlumata görə, avqust ayında Rusiyada son üç ildə ilk dəfə deflyasiya (-0,4%) qeydə alınıb, illik inflyasiya isə 8,14%-ə enib. Bunun əsas səbəbləri kimi meyvə-tərəvəz məhsullarının ucuzlaşması və rublun möhkəmlənməsi göstərilir. Lakin sentyabrın əvvəlindən qiymətlər yenidən artmağa başlayıb (+0,1%).

Mərkəzi Bank xəbərdarlıq edir ki, inflyasiya riskləri hələ də yüksək olaraq qalır. Qiymət artımına xidmət sektorunda bahalaşma, əhalinin gəlirlərində sürətli artım və rekord səviyyədə aşağı olan işsizlik (2,2%) təsir göstərir.

Yay aylarında faiz dərəcələrinin aşağı salınması kreditləşmənin artımına səbəb olub. Təkcə avqust ayında istehlak kreditlərinin həcmi 10,7% artaraq 331,6 milyard rubl təşkil edib.

Ekspertlərin fikrincə, Mərkəzi Bank payızda daha ehtiyatlı davranacaq və faiz endirimlərinin tempini azaldacaq. Proqnozlara görə, 2025-ci ildə uçot dərəcəsi maksimum 16%-ə qədər enə bilər.

Qeyd edək ki, "Sberbank" rəhbəri German Qref bu ayın əvvəlində Mərkəzi Bankın faiz dərəcəsinin 12%-dən yuxarı olmamasının vacib olduğunu bildirmiş, mövcud vəziyyəti “texniki stagnasiya” adlandırmışdı. VEB-in baş iqtisadçısı Andrey Klepaç isə ardıcıl iki rüb iqtisadi azalma səbəbilə ölkənin “texniki resessiya” yaşadığını qeyd etmişdi. Bununla belə, Mərkəzi Bank yaydığı açıqlamada vəziyyəti “tarazlı artım” kimi qiymətləndirib.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
azpolitika.info

1Mənbələr