AZ

Şəhid Kənan Rzayev doğum günündə ehtiramla yad edildi 

1995-ci ilin bu günü Culfa  rayonu Qızılca kəndində dünyaya göz açan Vətən müharibəsi şəhidi Kənan Əbdürrəhman oğlu Rzayevin doğum günü münasibətilə anım mərasimi keçirilib.  

Tədbirdə Culfa Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, Sosial Xidmətlər Agentliyinin Culfa Rayon Sektorunun əməkdaşları, şəhidin ailə üzvləri, şəhid ailələri, kənd sakinləri, hərbi qulluqçular və Kənanın döyüş yoldaşları iştirak ediblər.

Çıxış edənlər şəhid Kənan Rzayevin Vətən müharibəsində göstərdiyi rəşadətdən, onun cəsurluğundan və vətənpərvərliyindən söz açıblar. Vurğulanıb ki, Kənan kimi igidlərin qəhrəmanlığı xalqımızın yaddaşında daim yaşayacaq və gənc nəslə örnək olacaq.

Məktəblilər vətənpərvərlik ruhunda qələmə alınmış şeirlər səsləndirib. Şəhidin ruhuna dualar oxunub. Şəhidimizin ailəsi göstərilən diqqətə görə məmnunluqlarını bildiriblər.

Azərbaycan Ordusunun əsgəri olan Kənan Rzayev 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində kəşfiyyatçı-istehkamçı kimi iştirak edib. Füzulinin və Xocavəndin azadlığı uğrunda döyüşüb. 21 oktyabr 2020-ci ildə Xocavənd rayonunun Tuğ kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Culfa rayonunun Qızılca kəndində torpağa tapşırılıb.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamlarına əsasən Kənan Rzayev ölümündən sonra "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə", "Hərbi xidmətlərə görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Ruhu şad olsun.

Bəxtiyar ƏLİYEV,
Naxçıvan Şəhid Ailələri İctimai Birliyinin mətbuat katibi

Seçilən
5
herbiand.az

1Mənbələr