AZ

Leyla Turan: “Qaçqın da azərbaycanlıdır, köçkün də. Hamımız bir vətənin övladlarıyıq...”

Öz doğma yurd-yuvasından didərgin düşmüş bütün məcburi köçkünlər əzablı və məşəqqətli günlərdən keçib. Keçmiş qaçqınların nə yaşadığını, nə çəkdiyini biz bilmərik. Necə yaşadıqlarını görərək böyüdük. Onlarla birgə biz də o ağır günləri yaşadıq. İndi durub onları tənqid edib, irad bildirək? Haqqımız yoxdur!

32 ildir yurd-yuvasından ayrı düşmüşdülər. Yurd, torpaq üzünə həsrət qalmışdılar. Biz rayona öz doğmalarımızın yanına gedəndə, onlar öz evlərinə gedə bilmirdilər. Həsrət çəkirdilər. Darıxırdılar. Ürəklərindən keçirdi öz evlərinə qayıdıb, qapılarını açsınlar, isti ocaq qalayıb, ailəlikcə masa ətrafında əyləşsinlər. Əsasən Bakıda, Sumqayıtda, Gəncədə, Bərdədə, Mingəçevirdə yaşayırdılar. Burda məskunlaşmışdılar. Bəli, yaşayışları pis deyildi. Yenə də hamısı müğənni Manaf kimi milyoner olmadı, varlı həyat sürmədi. Kim çadırlarda, kim yataqxanalarda, kim isə kirayələrdə yaşadı. Bakıya uyuşmaq, Bakı mühitinə uyuşmaq onlar üçün çox çətin idi.

Bu gün doğma yurduna qayıdan ailələrin fotolarına baxdım. Ağ saçlı, nur üzlü bir nənə söyləyirdi: “Kəndimizdən çıxanda 40 yaşım var idi, indi 72 yaşım var” .

Bir az düşündüm: "Görəsən hansı saçlarla, hansı qırışsız sima ilə çıxıbmış evindən? Görəsən çox darıxıb? Bu nə axmaq sualdır, Leyla? Əlbəttə darıxıb. Çox gözəlsən, nənə! Həmişə evində. Xoş gəlirsən evinə".

Ona görə də keçmiş köçkün və qaçqınları incitməyin, küsdürməyin, qəlblərinə toxunmayın. Etməyin belə. Hamısı qayıdacaqlar öz yurd-yuvalarına. Dövlətimiz yaxşı şərait yaradıb hamısına. Hamısı evlə təmin olacaqlar. Qarabağ yenidən, sıfırdan qurulur. Torpaqlarımız qayıtdı. Qayıtmayan bircə o qeyrətli oğullardı. Şəhidlərimiz. Ruhları şad olsun. Bir də o illər. Keçmiş məcburi köçkünlər və qaçqınlar isə qayıdacaqlar. Çünki buna haqları var. Zatən 32 il bunu arzulayırdılar. O vaxt isti ocağını qoyub, malını mülkünü qoyub kim Bakıya gələrdi? Məncə heç kim. Məcbur idilər. Ermənilər rusların köməyi ilə torpaqlarımızı işğal etdilər. Nə etməliydilər? Ya ölməliydilər, ya qaçmalı idilər, ya da təslim olub onlarla birgə yaşamalıydılar. Ermənilər buna razı olmazdırlar. Onlar düşünürdülər ki, torpaqlarda ancaq onlar yaşamalıdılar. Azərbaycanlılara burda yer yoxdur. Heç özləri də bunu istəməzdilər. Kim istəyər düşmənlə yaşasın? Heç kim! Hamısı didərgin düşdü. Hamısını qovdular. Bu da tarixdir. Bunu da unutmamalıyıq.

Qaçqın da azərbaycanlıdır, köçkün də. Hamımız bir vətənin övladlarıyıq. Bir də ki, indi onlar qaçqın deyil. Qaçqınlıq qaldı keçmişdə. Bir gün Qərbi Azərbaycana qayıtmaq ümidi ilə. Zaman gələcək, biz bunu edəcəyik. İrəvana sülh ilə qayıdacağıq.

Leyla Turan.

Seçilən
14
1
turkustan.az

2Mənbələr