AZ

YAP nümayəndələri Çində - FOTO

Çində səfərdə olan Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndə heyətinin sentyabrın 11-də Pekin şəhərində Çin Kommunist Partiyası (ÇKP) Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin Avrasiya departamentinin rəhbəri Xu Qinxian ilə görüşü keçirilib.

YAP-ın mətbuat xidmətindən Modern.az-a bildirilib ki, görüşdə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri, Çin Kommunist Partiyasının Baş katibi Si Cinpinin birgə fəaliyyəti sayəsində Azərbaycan-Çin münasibətlərinin hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsindən məmnunluq ifadə edilib. Vurğulanıb ki, bir-birinin maraqlarına hörmət edən, ərazi bütövlüyünü və suverenliyini dəstəkləyən iki ölkə arasında çoxşaxəli əlaqələr dostluq və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə əsaslanmaqla nümunəvi xarakter daşıyır.

Hər iki ölkənin sosial-iqtisadi inkişafı və gələcəyə yönəlmiş hədəfləri barədə qarşılıqlı ətraflı məlumat verilib, tərəflərin siyasət, iqtisadiyyat, elm, təhsil, mədəniyyət, humanitar və digər istiqamətlərdə əlaqələri genişləndirməkdə maraqlı olduqları bildirilib.

Görüş zamanı YAP-ÇKP əməkdaşlıq əlaqələrinin önəmindən bəhs olunaraq qarşılıqlı səfərlərin partiyalar və ölkələr arasında münasibətlərin inkişafına təkan verdiyi qeyd edilib. Diqqətə çatdırılıb ki, fəal siyasi dialoq partiyalar arasında əlaqələrin mövcud vəziyyətinin dəyərləndirilməsi və işbirliyinin əhatə dairəsinin genişləndirilməsi baxımından son dərəcə önəmlidir. Ötən ilin noyabrında YAP nümayəndə heyətinin Çinə səfəri zamanı iki partiya arasında imzalanmış əməkdaşlıq memorandumundan irəli gələn vəzifələrin uğurla icra edildiyi vurğulanıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Sentyabrın 12-də isə YAP nümayəndə heyəti Pekin şəhərində 43 ölkədən 200-dən çox nümayəndənin qatıldığı, “Çini tanıyın, dünyanı dinləyin” mövzusunda keçirilən Forumun açılış mərasimi və plenar sessiyasında iştirak edib.

Forumda ÇKP Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdir müavini və İpək Yolu Beyin Mərkəzləri Assosiasiyası Şurasının həmsədri Ma Xuey çıxış edərək bildirib ki, dünyada hələ də “soyuq müharibə” düşüncəsi mövcuddur və yeni təhlükələr, çağırışlar artmaqda davam edir: “Çinin mövqeyinə görə, bütün ölkələr yalnız birlik və əməkdaşlıq vasitəsilə dünyada sülhü, sabitliyi təmin edə bilərlər”.

Plenar sessiyada YAP nümayəndə heyətinin rəhbəri, partiyanın İdarə Heyətinin üzvü, Milli Məclisin Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Hikmət Məmmədov “Yüksək keyfiyyətli əməkdaşlıq və qlobal sülh, sabitlik və inkişaf” mövzusunda çıxış edib. Diqqətə çatdırıb ki, hazırda dünya beynəlxalq münasibətlər sisteminin yeni nizama doğru getdiyi, yaxud yenidən nizamlanmağa ehtiyac duyduğu bir mərhələdən keçməkdədir. Belə təşəbbüslərin qlobal nüfuzu getdikcə artan Çin Xalq Respublikasından, xüsusilə Prezident Si Cinpindən belə təşəbbüslərin gəlməsi təsadüfi deyil, çünki Çin ortaq rifah naminə çoxtərəfli dialoqu təşviq edərək aparıcı beynəlxalq platformaya çevrilmişdir. H.Məmmədov əlavə edib ki, mövcud geosiyasi gərginlik, iqtisadi çağırışlar və təhlükəsizlik riskləri fonunda ölkələr öz maraqlarını qorumaqla yanaşı, qlobal rifah və ümumbəşəri dəyərlər naminə əməkdaşlıq etməli, sülh və sabitliyin möhkəmlənməsi üçün birgə hərəkət etməlidirlər. Azərbaycan Respublikası da məhz bu istiqamətdə ardıcıl və məqsədyönlü siyasət həyata keçirir. Onun sözlərinə görə, Azərbaycanın xarici siyasətində önəm daşıyan əməkdaşlıq, qarşılıqlı hörmət, etimad və dayanıqlı inkişaf kimi prinsiplər Forumun məqsədləri ilə üst-üstə düşür. Foruma olan böyük maraq isə qlobal sülh və təhlükəsizlik naminə birgə fəaliyyətin uğuruna inam yaradır.

Forum plenar sessiyalarla öz işini davam etdirib.

Səfər çərçivəsində nümayəndə heyətinin İmperator Sarayı, Pekin Şəhər Kitabxanası, Böyük Kanal Muzeyi və Böyük Çin Səddinə ziyarəti təşkil olunub.

Seçilən
1
7
modern.az

8Mənbələr