AZ

Azərbaycanın sərbəst güləşçisi: Dünya çempionu olmaq üçün əlimdən gələni edəcəyəm

Azərbaycanın

Dünya çempionu olmaq üçün əlimdən gələni edəcəyəm.

AZƏRTAC xəbər verir ki, bu sözləri sərbəst güləş üzrə Azərbaycan millisinin üzvü Osman Nurmaqomedov sentyabrın 13-də Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək dünya çempionatı barədə federasiyanın mətbuat xidmətinə danışarkən deyib.

92 kiloqram çəkidə çıxış edən idmançı yarış öncəsi hazırlıq prosesi və hədəflərindən bəhs edib: “Türkiyədəki təlim-məşq toplanışı yaxşı keçdi. Hazırlıq prosesində 4-5 komanda iştirak edirdi. Xalça üzərində məşqlərə daha çox yer ayrıldı və səhvlər üstündə işlədik. Bakıdakı təlim-məşq toplanışında isə yoxlama görüşlərinə üstünlük verildi. Toplanışı zədəsiz başa vurduq. Parter üzərində çalışmalara, ayaqlarla işləməyə diqqət ayırdıq. Görüş sonluğuna da yer verdik. Bu da yaxşı forma yığmağa imkan verdi. Hər şey yaxşıdır. Uşaqlar da yaxşı formadadırlar”.

O.Nurmaqomedov komandada əhval-ruhiyyənin yüksək olduğunu, özünün də yarışa tam hazırlaşdığını vurğulayıb: “Özümü yaxşı hiss edirəm. Hər şey qaydasındadır. Komandanın əhval-ruhiyyəsi də əladır. Yüksək səviyyədə toplanışlar keçdik. Güləşçilərimiz qələbəyə kökləniblər”.

Güləşçi 8 illik qızıl medal həsrətinə son qoymaq niyyətində olduğunu bildirib: “92 kiloqramda güclü rəqiblər çoxdur. Zəif-güclü tərəflərini təhlil etmişəm. Onlara qalib gəlməyin yolunu bilirəm. İlk növbədə, özümə sübut etmək istəyirəm ki, mən dünya çempionu ola bilərəm. Bunun üçün əlimdən gələni edəcəyəm. Bu zamana kimi iştirak etdiyim dünya və Avropa çempionatlarının finallarında qələbəyə çox yaxın olmuşam. Yəqin ki, həmin görüşlərdə çatışmayan idman xoşbəxtliyi olub”.

Güləşçi gələcəkdə sağlamlığı imkan verəcəyi təqdirdə 97 kiloqram çəki dərəcəsində çıxış etməyi planlaşdırdığını söyləyib.

Qeyd edək ki, mundiala sentyabrın 21-də yekun vurulacaq.

Seçilən
18
2
xalqcebhesi.az

3Mənbələr