“Qarabağ” Azərbaycan millisinin düşərgəsində zədələnən futbolçusu Nəriman Axundzadənin əvəzinə Çempionlar Liqasına yeni oyunçu sifariş edə bilər.Sportnet.az xəbər verir ki, bu, UEFA İcraiyyə Komitəsinin sentyabrın 11-də Albaniyanın paytaxtı Tiranadakı iclasında çıxarılmış qərara əsasən mümkün olacaq.
Avropa futbol qurumu 2025/2026 mövsümündə UEFA-nın kişilər arasında keçirdiyi klub turnirlərinin reqlamentinə düzəlişi təsdiqləyib.
Bu dəyişiklik mövsüm ərzində zədə və ya xəstəlik üzündən uzunmüddətli sıradan çıxmış maksimum bir meydan oyunçusunun VI turadək, yəni 2025-ci ilin son tur matçınadək müvəqqəti əvəzlənməsinə icazə verir.
Xatırladaq ki, Nəriman Axundzadə sentyabrın 5-də Azərbaycan millisinin səfərdə İslandiyaya 0:5 hesabı ilə uduzduğu 2026-cı il dünya çempionatının seçmə qrup oyununda zədələnib. “Qarabağ” onun 3-4 həftə müddətinə sıradan çıxdığını açıqlayıb.