AZ

Ətin qiyməti kəskin artdı: səbəb... Ekspert

Axar.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Ətin qiymətlərinin formalaşmasına bir neçə əsas faktor təsir edir. Azərbaycanda heyvandarlıq mövcud olsa da, son illər yem bazasının zəifləməsi (otlaq sahələrinin azalması, yem məhsullarının bahalaşması) maya dəyərini artırıb. Quş əti ilə müqayisədə mal və qoyun ətində idxal payı azdır, amma bəzi məhsullar (yem, dərman preparatları, damazlıq heyvanlar) xaricdən gətirilir ki, bu da valyuta məzənnələrindən və gömrük rüsumlarından asılılıq yaradır. Rayonlardan Bakıya ətin daşınması, yanacaq və digər xərclərin artması da bazardakı qiymətləri yüksəldir. Əhali sayının artması, toy və bayram mövsümlərində tələbin çoxalması əlavə bahalaşma yaradır.

Bu sözləri Axar.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli ət bazarındakı bahalıq barədə danışarkən deyib.

Ekspert bildirib ki, fermerdən alınan ət ilə bazarda satılan ət arasında fərq çoxdur və vasitəçilərin çoxluğu da qiymətləri süni şəkildə şişirdir:

“Ət bahalığının əsas səbəbləri yem və istehsal xərclərinin artması, məhsuldarlığın aşağı olması və bazar mexanizmlərinin qeyri-effektivliyidir. Yem bazası gücləndirilməli, dövlət subsidiyaları ilə qarğıdalı, arpa, yonca kimi yemlik məhsulların istehsalı artırılmalıdır. Kreditlər, subsidiyalar və damazlıq heyvanların güzəştli satışı maya dəyərini azalda bilər. Fermerlərin birbaşa bazara çıxışı təmin olunsa, vasitəçilərin sayı azalacaq və qiymətlər düşəcək.

İdxal siyasəti balanslı aparılmalı, müəyyən qədər idxal icazəsi ilə bazarda rəqabət yaradılmalı, amma daxili istehsala zərər vurulmamalıdır. Süni mayalanma və yeni damazlıq cinslərin gətirilməsi məhsuldarlığı artıraraq maya dəyərini azalda bilər”.

Ekspert xəbərdarlıq edib ki, yem xərcləri azalmadığı, idxaldakı çətinliklər qalxdığı və kənd təsərrüfatında məhsuldarlıq yüksəlmədiyi halda qiymətlər tədricən artacaq:

“Qısamüddətli perspektivdə (2025-in sonuna qədər) qiymətlərin yüksək qalması ehtimalı yüksəkdir. Uzunmüddətli sabitlik yalnız struktur islahatlarla mümkündür. Hökumət subsidiyaları, bazar nəzarəti və alternativ protein mənbələrinin inkişafı ilə qiymət artımının qarşısını ala bilər”.

Qeyd edək ki, hazırda bazarda mal əti 18-21 manat, quzu əti isə 21-25 manat aralığında satılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
2
axar.az

10Mənbələr