AZ

"Kimsə mənə deyirdi ki, ailə üzvlərimi öldürməliyəm" - Əhmədin şok etirafı - FOTO

2024-cü il fevralın 13-də Bakıda dəhşətli ailə qətliamı baş verib. Daxili İşlər Nazirliyi (DİN) bildirib ki, saat 16 radələrində Xətai rayonunda 1972-ci il təvəllüdlü Mehman Əhmədov, 1977-ci il təvəllüdlü Pikə Əhmədova və 2015-ci il təvəllüdlü Məhəmməd Əhmədovun qətlə yetirilməsi barədə 35-ci Polis Bölməsinə məlumat daxil olub. Hadisəni törətməkdə şübhəli bilinən, 1999-cu il təvəllüdlü Bakı şəhər sakini Əhməd Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Bundan əlavə, müəyyən edilib ki, Əhməd Əhmədov bir qədər əvvəl Suraxanı rayonunda da bacısı - 1997-ci il təvəllüdlü Elmira Əhmədovanı və onun qızı, 2021-ci il təvəllüdlü Ülviyyə Niftəliyevanı qətlə yetirib. Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları Yeni Günəşli qəsəbəsi, "D" massivində yerləşən yaşayış kompleksindəki mənzili açarkən qadınla azyaşlı övladının meyitlərini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

DİN-dən alınmış təqdimata əsasən, Əhməd Əhmədovun barəsində əvvəllər də Cinayət Məcəlləsinin 127.1-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb. Lakin 2016-cı il iyunun 17-də həmin cinayət işinin icraatına xitam verilib.

Fevralın 14-də amansızlıqla qətlə yetirilən ailə üzvləri Suraxanı rayonunda yerləşən "Dədə Qorqud" qəbiristanlığında dəfn olunublar.

Avtosfer.az Lent.az-a istinadən ölkə gündəmini zəbt edən dəhşətli qətliamın istintaq materiallarını təqdim edir.

İstintaqla müəyyən edilib ki, fevralın 13-də, saat 12 radələrində Əhməd Əhmədov psixi patologiyaya xas imperativ hallusinasiya və ailə üzvlərinə qarşı sayıqlama fikirlərinin təsiri altında şəxsi münasibətlər zəminində dəhşətli cinayət törədib.

O, General Şıxlinski küçəsi, ev 59B, mənzil 303-də mətbəxdən götürdüyü bıçaqla atasına - 1972-ci il təvəllüdlü Mehman Əhmədovun bədəninin müxtəlif nahiyələrinə ümumilikdə 57 bıçaq zərbəsi endirib. Nəticədə, Mehman Əhmədov xüsusi amansızlıqla qətlə yetirilib.

Daha sonra Əhməd Əhmədov hadisə yerini tərk edərək istifadəsində olan "Hyundai Accent" markalı, 10-LY-304 dövlət nömrə nişanlı avtomobillə saat 14 radələrində bacısı Elmira Əhmədovanın yaşadığı Yeni Günəşli qəsəbəsi, "D" massivindəki yaşayış kompleksinə gedib.

Mənzilə daxil olduqdan sonra Əhməd Əhmədov bıçaqla bacısı Elmira Əhmədovaya ardıcıl zərbələr endirib. Hadisə zamanı istifadə etdiyi bıçaq tiyə hissəsindən iki yerə bölündüyündən o, mətbəxdən başqa bir bıçaq götürərək hücumunu davam etdirib. Nəticədə, Elmira Əhmədova aldığı 22 bıçaq yarasından dünyasını dəyişib.

Daha sonra Əhməd Əhmədov 3 yaşlı Ülviyyə Niftəliyevaya qarşı da xüsusi qəddarlıq nümayiş etdirib. O, azyaşlının döş qəfəsinə iki dəfə zərbə endirərək, onun həyatına son qoyub.

Cinayəti törətdikdən sonra o, mənzildən çıxaraq avtomobilinə əyləşib və Şıxlinski küçəsi, 59 ünvanına qayıdıb. Burada inşaat materialları mağazasından təsərrüfat təyinatlı balta alaraq, saat 15:43-də yaşadığı evə qalxıb.

Giriş qapısının qarşısında 9 yaşlı qardaşı Məhəmməd Əhmədovun gözü qarşısında anası Pikə Əhmədovaya balta ilə baş, boyun və digər nahiyələrinə ümumilikdə 14 zərbə vuraraq onu qətlə yetirib. Ardınca həmin alətlə qardaşı Məhəmməd Əhmədova da 8 zərbə endirərək onun həyatına son qoyub.

Məhkəmə iclasında Əhməd Əhmədov ifadə verməkdən imtina edib.

Onun ibtidai istintaq zamanı verdiyi ifadə prosesdə elan olunub. Müəyyən edilib ki, Əhməd Əhmədov prosessual fəaliyyət qabiliyyəti olmayan şəxs kimi tanınmazdan əvvəl təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində ailə üzvləri barədə bunları bildirib:

"Mehman Əhmədov atam, Pikə Əhmədova anam, Elmira Əhmədova doğma bacım, Məhəmməd Əhmədov doğma qardaşım, Ülviyyə Niftəliyeva isə bacımın qızıdır.

Valideynlərim və qardaşım General Şıxlinski küçəsi, 59 ünvanında yaşayırdılar. Bacım övladı ilə Yeni Günəşli qəsəbəsində məskunlaşmışdı. Mən dəfələrlə ailəmə problemlər yaratdığım üçün onlar mənə Gəncə prospektində ayrıca ev almışdılar və mən orada tək yaşayırdım. Ailə üzvlərimlə münasibətlərim yaxşı deyildi. Əvvəllər müxtəlif restoranlarda ofisiant və barmen kimi çalışmışam.

Fevralın 13-də, saat 11 radələrində atam Mehmanla birlikdə idarə etdiyim avtomobillə Şıxlinski küçəsindəki evimizə gəldik. Həmin vaxt evdə heç kim yox idi. Atam mətbəxdə səhər yeməyi hazırlayanda onu öldürmək qərarına gəldim. Əlimə keçən bıçaqla, gözləmədiyi halda, ona ardıcıl zərbələr endirdim. Onun yerə yıxıldığını gördükdən sonra maşının açarını və bıçağı götürərək mənzildən çıxdım.

Yeni Günəşli qəsəbəsinə yollandım. Bacım qapını açan kimi heç nə demədən ona zərbələr vurdum. İstifadə etdiyim bıçaq sındığından tez mətbəxə keçdim və oradan götürdüyüm başqa kəsici alətlə əvvəlcə Elmiranı, ardınca isə ağlayan uşağını öldürdüm. Bıçaqların ikisini də həmin evdə qoyub Şıxlinski küçəsinə qayıtdım.

Siqaret almaq üçün binanın həyətindəki marketə girdim, lakin satıcı əlimin qanlı olduğunu görüb siqaret satmadı. Marketdən çıxarkən anamla qardaşımın evə getdiklərini gördüm. Daha sonra "1001 xırdavat" mağazasına girib 20 manata balta aldım və onların arxasınca getdim. Baltanı belimə keçirib bloka daxil oldum və liftlə yuxarı qalxdım.

Liftdən çıxan kimi baltanı götürüb qapını açmaq istəyən anamı vurmağa başladım. Arxadan tanımadığım bir qadın yaxınlaşıb anamı niyə vurduğumu soruşanda, qışqıraraq onu təhqir etdim. Ardınca balta ilə qardaşım Məhəmmədə də zərbələr endirdim".

Mehman Əhmədovun meyiti

Onları öldürdükdən sonra qapını açaraq içəri girib. Baltanı şkafla eyvanın divarı arasındakı su borusunun arxasında gizlədib. Qana bulaşmış paltarlarını dəyişərək evdən çıxıb. Marketin qarşısında polis əməkdaşları tərəfindən saxlanılaraq 35-ci Polis Bölməsinə aparılıb.

Əhməd Əhmədov ifadəsində bildirib ki, valideynlərinin və bacısının onu ailənin üzvü kimi qəbul etməməsi və diqqət göstərməməsi səbəbindən onlara qarşı nifrət hissi yaranıb:

"Azyaşlı Məhəmməd və Ülviyyə də böyüyüb gələcəkdə valideynlərim kimi olacaqları üçün onları da öldürdüm ki, rahatlıq tapım. Eyni zamanda, sanki daxilimdə bir səs mənə deyirdi ki, ailə üzvlərimi öldürməliyəm. Hadisə zamanı sağ əlimin iki barmağı kəsildi. Hadisənin şahidi qonşuluqda yaşayan, adını bilmədiyim qadındır".

Elmira və qızı Ülviyyənin meyitləri

O qeyd edib ki, hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Heç vaxt narkotik vasitələr qəbul etməyib. Ara-sıra spirtli içki içib. Cinayəti törədən zaman isə spirtli içkinin təsiri altında olmayıb.

Mərhum Mehman Əhmədovun varisi Mehriban Mustafayeva ifadəsində bildirib ki, Mehman onun qardaşı olub:

"Hadisə barədə qohumlarım zəng edərək məlumat verdilər. Bu hadisəyə qədər Əhməd müxtəlif dərmanlar qəbul edirdi, lakin psixiatriya dispanserində stasionar müalicə almayıb. Ölənlər də, öldürən də mənim doğmalarımdır. Buna görə də Əhmədə qarşı şikayətim yoxdur".

Pikə Əhmədova və oğlu Məhəmmədin meyitləri

Mərhum Pikə Əhmədova və Məhəmməd Əhmədovun varisi Baxış Bədəlov ifadəsində bildirib ki, Pikə onun bacısı, Məhəmməd isə bacısıoğlu olub:

"Hadisə günü işdən gələndə mənə zəng edərək, Əhmədin ailə üzvlərini öldürdüyünü xəbər verdilər. Onlar yaxın ərazilərdə yaşayırdılar. Əhməd atası ilə birlikdə tez-tez evimizə gəlib-gedirdi. Əhmədin dərmanlarını qəbul etməsinə atası nəzarət edirdi, lakin son vaxtlar oğlan tək yaşadığından ehtimal ki, dərmanlarını qəbul etməyib. Şikayətçi olub-olmamaq məsələsinə gəldikdə isə Əhmədi bağışlaya bilmərəm".

Mərhum Elmira Əhmədovanın varisi Rüstəm Niftəliyev ifadəsində bildirib ki, Elmira və onun övladının sağ olduğunu zənn edərək hadisə yerinə gedib:

"FHN əməkdaşları mənzilimin qapısını açdıqdan sonra onların öldürüldüyü məlum oldu. Axırıncı dəfə Neapol dairəsinin yaxınlığında yaşayan Ülvi adlı şəxsin ad günündə Əhmədlə görüşmüşəm. Əhmədin psixi xəstə olması ilə bağlı heç bir əlamət müşahidə etməmişdim. Özümün və ailəmin adından xahiş edirəm ki, Əhmədə ömürlük cəza verilsin".

Ülviyyə Niftəliyevanın varisi Tofiq Niftəliyevin ibtidai istintaqda verdiyi ifadəsi elan olunub. Məlumata görə, Tofiq Niftəliyev 1982-ci ildən Rusiyada yaşayır və həmin ölkənin daxili işlər orqanlarında xidmət edib:

"2016-cı ildə təqaüdə çıxmışam. Gəlinim Elmira oğlum Sərxan Niftəliyevlə 2020-ci ildə Rusiyada evlənib. 2021-ci ildə nəvəm Ülviyyə dünyaya gəldi. Oğlum ailəsi ilə Rusiyanın Skovorodino şəhərində yaşayırdı. Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Hissəsində dispetçer vəzifəsində çalışırdı. Hazırda Sərxan kompüter üzrə proqramçı işləyir.

Uşaq anadan olduqdan sonra Elmira Bakı şəhərinə köçdü. Əhməd evdə tez-tez ailə üzvləri ilə mübahisə edir və onlara qarşı kobud hərəkətlər göstərirdi. Buna görə də 2023-cü ilin yay ayında qudam Mehman qızı üçün Yeni Günəşli qəsəbəsində ev aldı.

2024-cü il fevralın 13-də Bakıda yaşayan qohumlarım bizə Əhmədin ailə üzvlərini öldürdüyünü xəbər verdilər. Əhmədin hansı səbəbdən bu cinayəti törətdiyini bilmirəm. Oğlanın psixi pozuntusu olub-olmaması barədə atası Mehmandan eşitmişdim ki, guya Əhməd idman yarışlarında iştirak edərkən baş nahiyəsindən travma alıb".

Məhəmmədin meyiti

Şahid qismində dindirilmiş Nurlana Əliyeva bildirib ki, 5 aydır General Şıxlinski küçəsi, 59 ünvanında yaşayır:

"Mehman Əhmədov ailəmlə üzbəüz qonşuluqda yaşayırdı. Doktoranturaya hazırlaşdığım üçün fevralın 13-də evdə dərs oxuyurdum. Blokdan səs-küy eşidib qapıya yaxınlaşdım. Qapının gözləmə dəliyindən baxanda bir nəfərin kimisə yerə yıxıb əlindəki alətlə başına zərbələr vurduğunu gördüm.

Tez otağa keçib həyat yoldaşıma zəng etdim və ona qapının qarşısında hadisə baş verdiyini danışdım. Daha sonra ərim mənə geri zəng vuraraq polisə və binanın komendantına məlumat verdiyini bildirdi. Əlimdə telefonla yenidən qapıya yaxınlaşdım, qorxduğumdan və uzun müddət keçdiyini düşündüyüm üçün yenidən yoldaşıma zəng edib niyə hələ də polislərin gəlmədiyini soruşdum. Özümü yaşadığımız 12-ci mərtəbənin eyvanından atacağımı dedim, çünki həmin şəxsin qapımızı baltalayıb məni öldürə biləcəyini düşündüm.

Qapının dəliyindən hadisənin görüntülərini telefona çəkdim. Sonra həmin şəxs qapını açıb, öz evinə daxil oldu".

Şahid Sevinc Yusifzadə ifadəsində bildirib ki, o, Mehman Əhmədovla qonşuluqda yaşayır:

"Hadisə günü evdə olanda uşağın ağlayaraq "Anamı öldürmə" deyə yalvardığını eşitdim. Qapını açanda, Əhmədin anasının başının üzərində dayandığını gördüm. Pikə Əhmədovanın huşunu itirdiyini zənn edərək, onlara tərəf 1-2 addım atdım və Əhməddən nə etdiyini soruşdum. Cavab olaraq Əhməd məni söydü. Qorxaraq evə girib qapını bağladım və dərhal polisə zəng etdim. Baltanın yerə dəyməsinin səsini, sonra uşağın yalvardığını eşitdim. Əhmədin evdən çıxıb pilləkənlə aşağı qaçmasını qapının dəliyindən gördüm".

Şahid Əkbər Səfərov ifadəsində bildirib ki, Yeni Günəşli qəsəbəsində yerləşən yaşayış kompleksində mühafizəçi işləyib:

"Fevralın 13-də binaya "Hyundai Accent" markalı avtomobil yaxınlaşdı. Sürücüdən burada yaşayıb-yaşamadığını soruşduqda o, qonaq gəldiyini dedi. Təxminən 10-15 dəqiqə sonra sürücü qayıtdı. Maşınla çıxışa yaxınlaşaraq siqnal verdi və yolu açmağımı istədi. Yenə onun kim olduğunu və kimin yanına gəldiyini soruşanda, həmin şəxs əsəbiləşərək "Sənə demədim ki, mən qonağam, niyə 2-ci dəfə soruşursan?" söylədi".

Şahid Xəqani Nadirovun ifadəsi elan olunub. Məlum olub ki, o, Şıxlinski küçəsi, 59 ünvanında yerləşən mağazanın sahibidir:

"Hadisə günü saat 15:20-də Əhməd Əhmədov içəri girərək üzərində "9 manat" yazılmış baltanı göstərdi və onu almaq istədiyini bildirdi. Mən həmin aləti ona satdım. Bundan sonra Əhmədov heç nə demədən mağazadan çıxdı. Onun sağ əlində sarıdığı əl-üz dəsmalı qana bulaşmışdı".

Kompleks stasionar məhkəmə-psixiatrik və psixoloji ekspertizasının rəyinə görə, Əhməd Əhmədovda paranoid sindromla təzahür edən kəskin psixotik hal diaqnozu müəyyən edilib. Cinayət əməllərini törədərkən o, hərəkətlərinin faktiki xarakterini dərk etmək və onları idarə etmək iqtidarında olmayıb. Buna görə də Əhmədov anlaqsız hesab edilib.

Əhmədin qəbul etdiyi dərmanlar

2024-cü il aprelin 24-də Əhməd Əhmədovun təkrar stasionar məhkəmə-psixiatrik ekspertizası keçirilib. İlk ekspertizadakı kimi, rəy göstərib ki, yoxlanılan şəxsin əməli Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşür.

Respublika Psixiatriya Xəstəxanasından alınmış arayışa əsasən, Əhməd Əhmədov 2020-ci il iyulun 2-də ambulator müayinədən keçib. 2023-cü il dekabrın 25-də isə xəstəxanaya stasionar müalicəyə qəbul olunub, lakin bir gündən sonra atasının ərizəsi əsasında evə buraxılıb.

Məhkəmə nəticəyə gəlib ki, Əhməd Əhmədovun Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) və 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddələrində nəzərdə tutulan cinayət əməllərini anlaqsız vəziyyətdə törətməsi tam sübuta yetirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə nəzərdə tutulan əməlləri anlaqsız vəziyyətdə törətdiyindən Əhməd Əhmədov Cinayət Məcəlləsinin 21-ci maddəsinə əsasən cinayət məsuliyyətindən və cəzadan azad olunub. Onun barəsində psixiatriya xəstəxanasında tibbi xarakterli məcburi tədbirlər tətbiq edilib.

Seçilən
2
19
avtosfer.az

10Mənbələr