AZ

Türkiyəli professor: Vaşinqton Bəyannaməsi regionun siyasi və iqtisadi gələcəyini dəyişəcək

Bakı,11 sentyabr, AZƏRTAC

Vaşinqtonda Azərbaycan və Ermənistan arasında Birgə Bəyannamənin imzalanması Cənubi Qafqaz üçün yeni geosiyasi və iqtisadi dövrün başlanğıcını simvolizə edir. Bu sülh prosesi, xüsusilə Ermənistanın daxili siyasi mənzərəsinə və bütün regionun beynəlxalq münasibətlər sisteminə köklü təsir göstərə bilər.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında beynəlxalq münasibətlər üzrə ekspert, türkiyəli professor Toğrul İsmayıl bildirib.

Onun sözlərinə görə, sülh prosesi Ermənistanın daxili siyasətinə çoxşaxəli təsir göstərəcək və Ermənistanın Baş naziri Nikol Paşinyan hökuməti üçün 44 günlük müharibədən sonrakı dövrün legitimliyini möhkəmləndirən mühüm addım olacaq: “Cəmiyyətdə regional inteqrasiya və iqtisadi divident gözləntilərinin artması hökumətə daxili dəstəyi möhkəmləndirərkən, radikal və revanşist müxalifətin sosial bazasını tədricən zəiflədəcək və onların siyasi gündəmini qeyri-aktual edəcək. Ən fundamental transformasiya isə Ermənistanın milli kimlik və dövlətçilik anlayışında gözlənilir. Sülh müqaviləsi “Miatsum” kimi tarixi iddialara əsaslanan ideoloji paradiqmanın sonunu gətirərək, fokusu real iqtisadi inkişafa və beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində suveren dövlət quruculuğuna yönəldəcək”.

Toğrul İsmayıl qeyd edib ki, regional münasibətlər sistemində də ciddi dəyişikliklər proqnozlaşdırılır. Sülh istiqamətində atılan addımlar Rusiyanın regiondakı ənənəvi “arbitr” rolunu zəiflədərək, Ermənistanı xarici siyasətini şaxələndirməyə və Avropa İttifaqı ilə, ABŞ kimi Qərb aktorları ilə əlaqələri dərinləşdirməyə təşviq edir.

“Bu, eyni zamanda, Türkiyə ilə münasibətlərin tam normallaşması üçün ən mühüm şərti təmin edir və sərhədlərin açılması ilə Ermənistanın uzun illər davam edən geosiyasi blokadasına son qoyur. İran isə regionda artan Türkiyə-Azərbaycan tandeminin yaratdığı yeni reallıqlara uyğunlaşmalı olacaq və kommunikasiyaların açılmasından yaranan yeni ticarət imkanları fonunda daha konstruktiv rol oynamağa çalışa bilər”, - deyə ekspert vurğulayıb.

Onun fikrincə, sülh arxitekturasının iqtisadi onurğa sütunu Zəngəzur dəhlizidir. Bu dəhliz yalnız Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə quru əlaqəsini təmin edən yol deyil, həm də Avrasiyanın geoiqtisadi xəritəsini yenidən şəkilləndirən qlobal əhəmiyyətli layihədir.

“Rusiya üzərindən keçən Şimal marşrutunun etibarlılığını itirdiyi bir şəraitdə, Zəngəzur dəhlizi Çindən Avropaya uzanan Orta Dəhlizin ən optimal və strateji həlqəsinə çevrilir. Bu, Çin üçün “Bir kəmər, bir yol” təşəbbüsü baxımından cəlbedici alternativ yaradaraq, Türkiyəni Azərbaycan vasitəsilə Mərkəzi Asiyaya fasiləsiz bağlayır. Ən əsası, bu layihəni Türk Dünyasının İqtisadi İnteqrasiyası sahəsində olan bir həmlə kimi dəyərləndirmək lazımdır. Zəngəzur dəhlizi Türkiyəni birbaşa Azərbaycan və onun vasitəsilə Mərkəzi Asiyanın digər türk dövlətləri ilə fasiləsiz quru əlaqəsi ilə təmin edəcək. Bu, təkcə ticarət dövriyyəsini artırmayacaq, həm də Türk Dövlətləri Təşkilatı çərçivəsində iqtisadi və mədəni inteqrasiyanı dərinləşdirən fundamental bir infrastruktur rolunu oynayacaq. Bu layihə regional logistika və istehsalat hablarının yaradılmasına da imkan yaradacaq. Dəhliz boyunca - Cəbrayıl, Zəngilan, Naxçıvan və Qarsda yeni logistika mərkəzləri, azad ticarət zonaları və istehsal müəssisələrinin yaradılması üçün əlverişli şərait yaranacaq. Beynəlxalq şirkətlər bu bölgəni Avrasiya bazarlarına çıxış üçün bir platforma kimi istifadə etməkdə maraqlı ola bilərlər. Dəhliz boyunca yaradılacaq yeni logistika mərkəzləri və paralel çəkiləcək fiber-optik xətlər (“digital silk road”) regionu beynəlxalq ticarət və rəqəmsal kommunikasiya habına çevirəcək”, - deyə ekspert qeyd edib.

Son olaraq Toğrul İsmayıl əlavə edib ki, sülh müqaviləsinin imzalanması və Zəngəzur dəhlizinin tam işə düşməsi bir-birini tamamlayan, sinerji yaradan proseslərdir. Siyasi sabitliyi təmin edən sülh müqaviləsi imzalanarsa, iqtisadi rifahı və qlobal inteqrasiyanı təmin edən nəqliyyat dəhlizi möhkəmlənər, Cənubi Qafqazın bir münaqişə ocağından Avrasiyanın strateji qovşağına çevrilməsi üçün tarixi imkan yaranar.

Seçilən
1
3
azertag.az

4Mənbələr