AZ

11 sentyabr terroru ərəfəsində ABŞ-də qətl – bu dəfə Venesuela hədəf ola bilər - ŞƏRH

Dünən ABŞ-nin tanınmış ictimai xadimi Çarli Kirk Yuta ştatının Orem şəhərində Yuta Vadisi Universitetindəki mitinq zamanı qətlə yetirilib. Onu öldürməkdə şübhəli bilinən iki şəxs saxlanılsa da, sonradan sərbəst buraxılıblar. Hazırda qatilin axtarışı və istintaq davam edir.

Çarli Ceyms Kirk kimdir? O, 1993-cü il oktyabrın 14-də ABŞ-nin İllinoys ştatının Arlinqton-Hayts şəhərinin Kuk dairəsində anadan olub. O, yeni mühafizəkar, sağ təmayüllü siyasi fəal, "Turning Point" ("Dönüş nöqtəsi") adlı tələbə təşkilatının həmtəsisçisi və icraçı direktoru olub. Məktəbdə siyasi kampaniyalarda iştirak edib, ABŞ Senatına seçkilərdə Respublikaçı namizəd Mark Kirki (qohumu deyil) dəstəkləyib, həmçinin məktəb yeməkxanasında qiymətlərin artırılmasına qarşı kampaniya təşkil edib.

Həmçinin, "The Charlie Kirk Show" adlı öz radio şousunu aparıb. Kirk mühafizəkar olaraq Donald Trampın təşəbbüslərini dəstəkləyib, irqi nəzəriyyəni tənqid edib. O, eyni zamanda, iqlim dəyişikliyi haqqında elmi konsensusun inkarı və COVID-19 haqqında dezinformasiya yayması ilə tanınıb və bu virusu "Çin virusu" adlandırıb.

mTG9Jp1FAHXhxidUMisYQF5qz6R95Cj6.jpg

Donald Trampın 2020-ci il seçkilərində məğlubiyyətindən sonra Kirk siyasi kampaniya zamanı saxtakarlıq iddiaları ilə bağlı məlumatlar yayıb. 2021-ci il yanvarın 6-da Kapitoliyə hücumdan əvvəl Kirk öz təşkilatlarının Vaşinqtona "80 avtobus vətənpərvər" göndərdiyinə dair xəbər yayıb. Bir müddət sonra "Turning Point" nümayəndəsi yeddi avtobus olduğunu bildirib.

Bu hadisələrdən sonra Kirk iddia edib ki, bu olaylar "üsyan" deyildi və Tramp tərəfdarlarının mövqeyini əks etdirmir. Məsələ üzrə Nümayəndələr Palatasının xüsusi komitəsinin dinləmələrində o, özünə qarşı ifadə verməmək hüququndan istifadə edib.

Kirk 2016-cı ildə Respublikaçılar Partiyasının qurultayında çıxış edib. 2016-cı ildən etibarən Trampın kampaniyasını fəal şəkildə dəstəkləyib və Donald Tramp-kiçiklə əməkdaşlıq edib. 2019-cu ildə "Students for Trump" ("Trampın tələbə tərəfdarları") hərəkatının sədri olub. 2020-ci il seçkilərində isə onun yenidən seçilməsini dəstəkləmək üçün bir milyon tələbənin cəlb edilməsi kampaniyasını başladıb.

2024-cü il seçkiləri ərəfəsində Kirk "You're Being Brainwashed" ("Sizin beyniniz yuyurlar") adlı tur çərçivəsində 25 universiteti ziyarət edib. Onun məqsədi gənclərin siyasi fəallığını stimullaşdırmaq olub. Bildirib ki, tur sosial şəbəkənin müxtəlif platformalarında təxminən iki milyard baxış toplayıbmış. Donald Trampın qələbəsində bunun "həlledici rol" oynadığı deyilir.

O, Demokratlar Partiyasını tənqid edərək bildirirdi ki, amerikalıların "mədəni kimliyin olmadığı, cinsi anarxiya şəraitində yaşamasını, şəxsi mülkiyyətin keçmişin qalığı olmasını və hakim sinfin hər şeyə nəzarət etməsini" istəyirlər.

IoY57IyiZG6Q6FESNnqb1JmXtmQH9vKoJ0LHfc7u_850.jpg

Çarli Kirkin Ukrayna ilə bağlı mövqeyi Trampın siyasətindən fərqli sayılır. O, ölkəsinin Ukraynaya hərbi yardımını sərt tənqid edərək Ukrayna Prezidenti Volodimir Zelenskiyə mənfi münasibət sərgiləyib: "Tramp Zelenski haqqında həqiqəti bilir. O, öz xalqını mənasız qırğına göndərən MKİ-nin kuklasıdır".

Kirk "X" sosial şəbəkəsində Zelenskini Rusiya ilə müharibəni bitirmək istəməməkdə günahlandırıb. Bloqqerin fikrincə, "Ukraynanın şərq hissəsi və Krım tarixən ruslara məxsusdur". Bir az da irəli gedərək Ukraynada ABŞ-nin maliyyələşdirdiyi biolaboratoriyalar fəaliyyət göstərdiyini bildirib.

Kirk hesab edirdi ki, Rusiyanı və onun Prezidenti Putini sevməməsinə baxmayaraq, ABŞ Rusiyanı düşmən kimi görməkdə "səhv edir".

Bu açıqlama həm də Çarli Kirkin avantürist olduğundan xəbər verir. Çünki o, Volodimir Zelenskinin MKİ-nin adamı olması barədə heç vaxt məlumatlı ola bilməz. Müharibədə Rusiyanın işğalçı mövqeyini isə bununla ört-basdır edib.

Ən qorxulusu və Rusiyanın xeyrinə işləyən moment isə onun ABŞ-nin Ukraynada "biolaboratoriyanı maliyyələşdirməsi" barədə açıqlamasıdır. Ancaq ABŞ Ukraynada biolaboratoriyalarının, o cümlədən hərbi məqsədlərə xidmət edə biləcək belə quruluşların olması barədə iddiaları dəfələrlə təkzib edib.

Bu və başqa belə çıxışları onun heç də fenomen ictimai fiqur olmadığını təsdiqləyir. Çarli Kirk ABŞ-dəki demokratik şəraitin imkanlarından istifadə edərək önə çıxmış gənclərdən sayıla bilər. Bundan başqa, ölkənin aparıcı, hakim partiyasının təmsilçisi, tanınmış bloqqer olduğundan, habelə mitinqdə çıxışı zamanı qətlə yetirildiyindən onun ölümü bu səviyyədə təbliğ edilir. O da istisna deyil ki, ABŞ cəmiyyəti üçün belə hadisə adi cinayət sayılmır.

ckUWbkLvpMl0kP4ea2aKi5eiAUGshN225FKFw6Ks_850.jpg

Onun güllələndiyi universitetin ərazisi sentyabrın 15-nə qədər bağlanıb. Bu müddət ərzində bütün dərslər, tədbirlər və inzibati fəaliyyət dayandırılacaq. Belə bir tədbir Krikin xatirəsinə hörmət əlaməti olaraq keçirilir.

Donald Tramp sosial şəbəkədəki paylaşımında ona yüksək dəyər verib: "Böyük və əfsanəvi Çarli Kirk öldü. ABŞ-də gəncləri Çarlidən daha yaxşı başa düşən və onlara həmdərd olan heç kim yox idi. Onu hamı, xüsusilə, mən də, sevir və ona heyran idik". O, Kirki "həqiqət və azadlıq uğrunda şəhid" adlandırıb.

Donald Tramp mühafizəkar aktivist Çarli Kirkin qətlinə həsr olunmuş videomüraciətində bildirib ki, ABŞ-də terrorizmin artmasına görə radikal solçuları məsuliyyətə cəlb edilməlidir. O bu cinayəti və başqa siyasi zorakılıq aktlarını, o cümlədən onları maliyyələşdirən, dəstəkləyən təşkilatları, şəxsləri tapacaqlarını vəd edib.

ABŞ-də siyasi, ictimai liderlərin və dövlət xadimlərinin çıxışı zamanı sui-qəsdə, terrora məruz qalma halları nadir sayılmır. Keçmiş prezidentlər Abraham Linkoln, Ceyms Qarfild, Uilyam Mak-Kinli və Con F.Kennedi sui-qəsdlərin qurbanı olublar. Yaxud irqçiliyə qarşı mübarizənin liderlərindən Martin Lüter Kinq çıxışı zamanı snayper tərəfindən öldürülmüşdü.

Bundan başqa, bu qətl 34 il əvvəl sentyabrın 11-də törədilmiş terror aktları ərəfəsinə təsadüf etdiyi üçün də diqqət çəkir. Həmin tarixdə ABŞ-nin Nyu-York və Vaşinqton şəhərlərində bir sıra terror aktları törədilib. Bu cinayəti "əl-Qaidə"nin törətdiyi rəsmi olaraq açıqlandı. Hadisədən sonra ABŞ başda olmaqla beynəlxalq koalisiya qüvvələri Əfqanıstana hərbi müdaxilə etməklə o vaxt hakimiyyətdə olan (indi de-fakto hakimiyyətdədir) "Taliban" hərəkatını devirərək onu dünyəvi rejimlə əvəzlədilər.

6APPp6O8HTwUHMLzPBFXo3A4OJAmMoMDQ2aoPtfM_850.jpg

11 sentyabr hadisəsi ilə bağlı hələ də müxtəlif fikirlər səslənir. Bu terror aksiyasından sonra beynəlxalq arenada güclər yerində qalıb. Ancaq 34 ildə yeni terror təşkilatları yaranıb və sıradan çıxarılıb. "Əl-Qaidə", İŞİD, PKK kimi silahlı dəstələr, demək olar ki, artıq üzdə görünmür. "Əl-Qaidə"nin başçısı Üsamə bin-Ladən də zərərsizləşdirilib. Qəzza zolağında HƏMAS-ın, Livanda "Hizbullah"ın tərk-silah edilməsi, sıradan çıxarılması istiqamətdə əməliyyatlar davam edir.

ABŞ-nin "şər bucağı" saydığı İran hələ də özünü Qərbə qarşı müqavimət göstərən kimi aparır. Yəmənin bir hissəsinə nəzarət edən iranyönlü husi qiyamçılar regionda pozuculuq fəaliyyətini davam etdirirlər.

Suriyada Bəşşar Əsəd rejimi süquta uğradıldı. Onun yerinə isə əvvəllər - 2012–2017-ci illərdə "Əl-Qaidə"nin Suriyadakı qolu olan "Nusra Cəbhəsi"nin lideri olmuş Əhməd əş-Şaraa gətirilib.

Habelə Rusiya Ukraynaya hücum edərək torpaqlarını işğal və ilhaq edib.

4a1c9c9e-35b1-37d7-b864-19d3a548d4c4_850.jpg

Əfqanıstanda "Taliban" hərəkatının yenidən hakimiyyətə gətirilməsi isə müəyyən mənada müəmma sayılır.

Bu hadisələr 11 sentyabr hadisəsindən sonra baş verib. 34 il əvvəl əsas diqqət məhz üç ölkəyə - İran, Əfqanıstan və İraqa yönəlmişdi.

Çarli Kirkin qətlində radikal solçuların təqsirləndilməsi də təsadüf deyil. Son zamanlar ABŞ-nin Venesuelada narkotik dövriyyəsinə qarşı əməliyyat keçirəcəyi və bu məqsədlə ölkəyə qoşun yeridəcəyi bildirilir. Bundan başqa, Venesuelada solçular hakimiyyətdədir. Çarli Kirk isə Çini ABŞ-yə narkotik maddələr yeritməkdə ittiham etmişdi. Bu baxımdan, qətldən sonrakı əməliyyatlar fonunda Ştatların Venesuelaya qoşun yeritməsi ehtimalı daha çoxdur.

İran mediası isə Çarli Kirki İsrailin Baş naziri Binyamin Netanyahunun tərəfdarı adlandırır. Çin və İslam Respublikasının yaxın müttəfiqi, tərəfdaşı olan Venesuela Latın Amerikasında, ABŞ-nin yaxınlığındadır. Bu baxımdan, Ağ Ev Pekin və Tehrana, habelə narkotacirlərə, radikal solçulara zərbə vurmaq üçün Venesuelanı hədəf seçə bilər.

Odur ki, 34 ildən sonra da terrora qarşı mübarizə Ştatların əsas hədəfi olaraq qalır. Bu dəfə isə Çarli və başqalarının qisasını almaq üçün hədəf uzaqda deyil, Karib dənizi sahillərindədir. Donald Tramp ölkədə cinayətkarlığa qarşı mübarizəni gücləndirəcəyini vəd edib. Bu məqsədlə bir sıra ərazilərə qvardiya yeridildiyi də bildirilir. Ona görə də ABŞ-nin bu ölkədə əməliyyat keçirməsi məqbul ehtimallardandır.

Sədrəddin İsmayılov
Report.az

Seçilən
1
3
musavat.com

4Mənbələr