Təhsil sektorunda hazırda müzakirə olunan məsələlərdən biri də məktəblərdə dərs bölgüsünün sertifikasiya ballarına əsasən aparılmasıdır. Təhsilverənlər bunu ədalətsizlik kimi qiymətləndirir, bölgünün indiyədək diaqnostik qiymətləndirmənin nəticələrinə əsasən aparıldığını deyirlər.
Elm və təhsil naziri Emin Əmrullayev növbəti tədris ilinin başlaması ilə bağlı keçirdiyi brifinqdə AFN.az-ın əməkdaşının mövzu ilə bağlı sualını cavablandırıb. Nazirin sözlərinə görə, bu, qanunauyğundur: "Diaqnostik qiyəmətləndirmə keçmişdə qaldı. İndi sertifikasiya var və onun nəticələrinə uyğun dərs bölgüsünün aparılması düzgündür".
Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov AFN.az-a açıqlamasında bildirib ki, sertifikatlaşdırma prosesi müəllimlərin peşəkarlıq səviyyəsini ölçmək və təhsildə keyfiyyət göstəricilərini yüksəltmək məqsədi daşıyır. Bu prosesin həyata keçirilməsi nəticəsində hər bir müəllimin peşəkar hazırlığının real qiymətləndirilməsi mümkün olur və bu da həm məktəbin daxili idarəetməsində, həm də ümumi təhsil sistemində şəffaflığın təmin edilməsinə xidmət edir: “Ümumtəhsil müəssisələrində müəllimlərin sertifikatlaşdırılması Qaydaları” Nazirlər Kabinetinin 18 yanvar 2021-ci il tarixli 22 nömrəli qərarı ilə təsdiq edilib və həmin sənəddə əsas hədəf kimi müəllimlərin bilik və bacarıqlarının dövlət təhsil standartlarına uyğunluğunun yoxlanılması göstərilir. Burada sertifikasiyanın nəticələrindən istifadə mexanizmləri də müəyyənləşdirilir, lakin dərs bölgüsünün birbaşa bu nəticələrə bağlanması ayrıca qeyd olunmur. Bununla belə, Elm və Təhsil Nazirliyi son illərdə məktəblərdə dərs bölgüsündə sertifikasiya ballarının nəzərə alınmasını tədrisin keyfiyyətinə müsbət təsir edən mexanizm kimi təqdim edir və bu yanaşmanı normal sayır.
Statistik göstəricilərə nəzər saldıqda, 2023-cü ildə keçirilən sertifikatlaşdırmada iştirak edən müəllimlərin yalnız 54 faizi minimum keçid balını toplayıb. Bu isə o deməkdir ki, hər iki müəllimdən biri ya zəif nəticə göstərir, ya da əlavə təlimə ehtiyac duyur. Belə bir vəziyyətdə dərs bölgüsünün yüksək bal toplayan müəllimlərə yönəldilməsi şagirdlərin daha yaxşı nəticə qazanmasına şərait yaradır. Bu yanaşmanın müsbət tərəfi ondan ibarətdir ki, daha savadlı və hazırlıqlı müəllimlər daha geniş kontingentlə işləyir, nəticədə təhsil müəssisəsinin ümumi göstəriciləri yüksəlir. Eyni zamanda, zəif nəticə göstərən müəllimlərin əlavə təlimlərə yönləndirilməsi onların peşəkar inkişafına təkan verir.
Hüquqi müstəvidə məsələni təhlil etdikdə, Əmək Məcəlləsinin 45-ci maddəsində işçinin əmək funksiyasının əmək müqaviləsi ilə müəyyənləşdirildiyi göstərilir. Bu, o deməkdir ki, müəllimin dərs yükü və bölgüsü onun əmək müqaviləsindəki şərtlərə əsaslanır. Sertifikasiya nəticələrinin dərs bölgüsündə əsas meyar kimi götürülməsi bu baxımdan birbaşa qanunda təsbit olunmayıb. Lakin “Təhsil haqqında” Qanunun 26-cı maddəsində müəllimlərin peşə hazırlığının və səriştəliliyinin yüksəldilməsi dövlətin vəzifəsi kimi müəyyən olunub. Buna görə də sertifikasiya ballarının nəzərə alınması pedaqoji heyətin keyfiyyətinə yönəlmiş əlavə idarəetmə mexanizmi kimi əsaslandırıla bilər.
Ekspertin sözlərinə görə, dünya təcrübəsi göstərir ki, bir çox ölkələrdə müəllimlərin qiymətləndirilməsinin nəticələri birbaşa dərs bölgüsünə təsir etmir, daha çox maaş sistemində, stimullaşdırıcı tədbirlərdə və peşəkar inkişaf proqramlarında istifadə olunur: "Məsələn, Finlandiyada müəllimlərin qiymətləndirilməsi nəticələri onların karyera yüksəlişi və əlavə təlimlərə cəlb olunması ilə bağlı qərarlara təsir göstərir. ABŞ-da bəzi ştatlarda müəllimlərin qiymətləndirilməsində əldə olunan nəticələr onların dərs saatlarına deyil, bonus və əlavə maliyyə stimullarına yönəldilir. Braziliyada tətbiq edilən beşpilləli modeldə isə müəllimlər qiymətləndirmədən keçdikdən sonra pillə-pillə həm əmək haqqını, həm də peşəkar statusunu artırırlar." Bu modellərlə müqayisədə Azərbaycanda dərs bölgüsünün sertifikasiya nəticələrinə bağlanması daha sərt yanaşma təsiri yaradır və müəllimlərin bir hissəsi bunu ədalətsizlik kimi qəbul edir.
Mənfi tərəf ondan ibarətdir ki, bu mexanizm zəif nəticə göstərən müəllimlərin motivasiyasını azalda, onların pedaqoji fəaliyyətinə mənfi təsir göstərə bilər. Eyni zamanda, dərs bölgüsündə yalnız bal meyarının əsas götürülməsi müəllimlərin uzun illər təcrübəsini, pedaqoji üslubunu və məktəb icması ilə qurduğu münasibətləri nəzərə almır. Bu, kollektivdə gərginlik yarada və müəllimlər arasında sosial narazılıqlara səbəb ola bilər. Lakin digər tərəfdən, nəticəyə görə bölgü tətbiq edildikdə müəllimlər daha çox məsuliyyət hiss edir, növbəti sertifikatlaşdırmalara daha ciddi hazırlaşır və bu da sistemin keyfiyyətini artırır.
Elm və Təhsil Nazirliyinin bu istiqamətdə atdığı addımlar, xüsusilə də keyfiyyət göstəricilərinə əsaslanan idarəetmə yanaşması müsbət qiymətləndirilməlidir. Bu, təhsil sistemində keyfiyyətli kadrların irəli çəkilməsi, zəiflərin isə inkişaf üçün yönləndirilməsi baxımından doğru siyasətdir. Nazirliyin mövqeyi ondan ibarətdir ki, məktəblərdə dərs bölgüsünün ballara əsaslanması nəticələrə təsir edəcək və şagirdlərin öyrənmə keyfiyyəti yüksələcək. Bu yanaşma nəticəyönümlülüyün gücləndirilməsinə xidmət edir və təhsil islahatlarının əsas istiqamətlərindən biri kimi dəyərləndirilə bilər.
K.Əsədov qeyd edib ki, Azərbaycanda sertifikasiya yalnız bir yoxlama mexanizmi deyil, həm də idarəetmə alətinə çevrilir: "Bu isə beynəlxalq təcrübədən fərqli olsa da, yerli reallığa uyğunlaşdırılmış praktiki addım kimi təqdim olunur. Gələcəkdə bu yanaşmanın təkmilləşdirilməsi üçün müəllimlərin yalnız bal nəticələrinə deyil, həm də pedaqoji təcrübəsinə, təlimlərdə iştirakına və məktəbin ehtiyaclarına əsaslanan qarışıq model tətbiq olunmalıdır. Beləliklə, həm ədalətli bölgü təmin olunar, həm də keyfiyyət göstəriciləri qorunmuş olar." Elm və Təhsil Nazirliyinin bu istiqamətdə atdığı addımların müsbət tərəfi ondan ibarətdir ki, təhsil sistemində məsuliyyət, keyfiyyət və nəticəyönümlü yanaşma güclənir və bu, ölkənin təhsil siyasətində mühüm dönüş nöqtəsi kimi qəbul edilə bilər.