AZ

MİQ üzrə müsabiqədə ödənişli iştirak namizədləri daha ciddi hazırlaşmağa sövq edəcək – Elçin Mirzəbəyli

Təklif olunan dəyişiklikdə müəllimlərin işə qəbulu üzrə imtahanda ilk dəfə iştirak edən bütün vətəndaşlar üçün tamamilə ödənişsiz əsasların saxlanılmasını nəzərdə tutur. Bu, dövlətin sosial yönümlü siyasətinə tam cavab verir və vətəndaşların ilk cəhddə bərabərlik hüququnu məhdudlaşdırmır.

Bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Elçin Mirzəbəyli komitənin bugünkü iclasında "Ümumi təhsil haqqında” Qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı deyib.

Millət vəkili bildirib ki, ödəniş yalnız təkrar müraciətlərdə tətbiq olunur:

"Yəni, söhbət ümumi hüququn məhdudlaşdırılmasından deyil, resurslardan daha məsuliyyətli istifadənin təşviqindən gedir.

Digər tərəfdən, təklif olunan dəyişiklik ictimai və iqtisadi zərurətdən irəli gəlir. Hər il minlərlə insan imtahanlarda iştirak edir və dövlət büdcəsindən ciddi vəsait sərf olunur. Təkrar müraciətlərin çoxluğu isə əlavə maliyyə yükü yaradır.

Büdcənin qənaətlə idarə olunması dövlətin əsas vəzifələrindən biri olduğu üçün prosesə bütün iştirakçı tərəflərin məsuliyyətlə yanaşması zəruridir.

Layihədə sosial ədalət prinsipi tamamilə qorunur. Çünki əlilliyi olan şəxslər, şəhid ailələri, müharibə veteranları, aztəminatlı ailələrin üzvləri və ilk dəfə müraciət edənlər bu ödənişdən tam azaddırlar. Bu istisnalar həm Konstitusiyanın bərabərlik prinsipinə, həm də dövlətin sosial siyasətinə uyğun olaraq ən həssas təbəqələri müdafiə edir.

Təklif olunan dəyişiklik məsuliyyətli yanaşmanı təşviq edir. Təkrar imtahanların ödənişli olması namizədləri daha ciddi hazırlaşmağa, ilk cəhddə uğur qazanmağa sövq edəcək ki, bu həm müəllimlərin peşəkarlıq səviyyəsinə, həm də təhsil sisteminin keyfiyyətinə müsbət təsir göstərəcək.

Nəhayət, bu dəyişiklik beynəlxalq təcrübəyə də uyğundur. Bir çox ölkələrdə müəllimlərin işə qəbul proseslərinin təkrar mərhələlərində rüsum tətbiq olunur. Bu, nəinki hüquqların pozulması kimi, əksinə, ədalətli və məsuliyyətli idarəetmənin tərkib hissəsi kimi qiymətləndirilir”.

Deputat vurğulayıb ki, ödənişli iştirak sistemi beynəlxalq praktikada iki başlıca şərtə əsaslanır:

"Birincisi, ədalətlilik – yəni ödənişdən aztəminatlı və həssas sosial qruplar azad edilir. Bizim layihədə də məhz bu mexanizm nəzərdə tutulur: təkrar imtahanlar zamanı əlilliyi olan şəxslər, şəhid ailələri, müharibə veteranları və aztəminatlı ailələr ödənişdən azaddır.

İkincisi, məsuliyyətlilik – ödəniş mexanizmi namizədləri daha ciddi hazırlaşmağa və imtahana məsuliyyətlə yanaşmağa sövq edir”.

E.Mirzəbəyli qeyd edib ki, bu dəyişiklik dövlət büdcəsinin səmərəli istifadəsinə və müsabiqə iştirakçılarının məsuliyyətli davranışına xidmət etdiyi üçün dəstəklənməlidir.

 
 

Seçilən
11
6
7news.az

7Mənbələr