AZ

 “Sumqayıt Dolması” kitabı haqqında qeydlərim

(Yazıçının düşüncələri)

 

“Sumqayıt  Dolması”  kitabını əldə edən, onunla yaxından tanış olan bir çox qələm dostlarımız müəllif və kitab haqqında gözəl, dəyərli və geniş fikirlərini yazmış, belə bir kitabın çap olunması münasibəti ilə arzu və təbriklərini qeyd etmişlər. “Yağın çoxluğu plovun dadına xələl gətirməz” atalar məsəlinə əsaslanaraq mən də bu dəyərli kitab haqqında heç harda yazmadığım, heç kimə demədiyim, hətta müəllifə belə söyləmədiyim fikirləri qələmə almaq qərarına gəldim. Təvazökarlıqdan uzaq olsa da, bu mənim həm də “Sumqayıt Dolması” kitabının Baş redaktoru və tərtibçisi kimi şərəfli borcumdur. Və  beləliklə...
Bəzən bir kitab yalnız sözlərin düzülüşü, cümlələrin ardıcıllığı deyil, həm də mənəviyyatın, mədəniyyətin və xalqın yaddaşı ilə yoğrulmuş zəngin bir xəzinə olur. Bu baxımdan Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, yazıçı, publisist ,  həkim Hümbət Həsənoğlunun yeni çapdan çıxmış  “Sumqayıt Dolması”  kitabı belə zəngin xəzinənin rəflərində yerləşən dəyərli əsərlərin sırasında dayanır.
 “EXSPRES”  nəşriyyatında yüksək zövqlə  tərtib olunmuş, “AZMİR” MMC-nin mətbəəsində nəfis şəkildə çapdan çıxmış bu kitabın səhifələrini çevirdikcə insan yalnız yeməklərin hazırlanma qaydasını öyrənmir; sanki xalqın min illərin sınağından çıxmış zövqünü, məişətini, estetik  duyumunu, ən əsası isə mədəni kimliyini görür. Bu kitab sadəcə 120 çeşiddən ibarət  olan dolma reseptlərinin toplusu  deyil, həm də Azərbaycan mətbəxinin yüksək səviyyəsinin göstəricisidir. Elə bu səbəbdən də mətbəximizin səviyyəsini dünyaya yaymaq və tanıtmaq üçün “Sumqayıt Dolması” kitabı iki dildə çap olunub – azərbaycan və ingilis dillərində.

Dolma - bu sözün özündə bir bütövlük var. Yarpaqla ət bir-birinə sarılır, düyü  və ədviyyatla canlanır, sonda sanki hər zərrəsi bir hekayə danışır. Hər bir dolma həm ailə süfrəsinin istiliyini, həm də xalqın tarixində qazanlarda qaynayan yaddaşını xatırladır. Yazıçı Hümbət Həsənoğlunun  “Sumqayıt Dolması”  kitabı isə bu hekayələri yazılı şəkildə gələcək nəsillərə ötürən bir körpü  rolunu oynayır. Oxucu kitabı vərəqlədikcə orada yalnız yeməklərin hazırlanma  texnologiyasını deyil, onların ruhunu da tapır.
Əsərin ən gözəl cəhətlərindən biri onun ədəbi nəfəsidir. Adətən kulinariya  kitabları quru  təsvirlər,  ölçülər və qaydalarla məhdudlaşır. Lakin bu kitabda hər resept bir hekayəyə çevrilir. Yarpağın necə seçilməsindən tutmuş, soğanın doğranma qaydasına qədər hər detalın öz incəliyi var. Müəllif dolmanı yalnız bişirilən yemək kimi deyil, həm də mədəniyyətin simvolu kimi təqdim edir. Oxucu sanki qazan ətrafında toplaşmış ailə üzvlərinin səsini, xörəyin qaynayarkən yaydığı qoxunu, süfrə başında deyilən söhbətlərin istiliyini hiss edir.
Kitabın dilində xüsusi bir sadəliklə yanaşı bir təmtəraqda var. Sadəlik ondadır ki, hər bir azərbaycanlı evdar qadın və ya gənc oxucu bu reseptləri izləyərək sərbəst şəkildə özü dolma  bişirə  bilər. Təmtəraq isə onun ifadə gücündədir - dolma haqqında deyilən hər söz, verilən hər resept, kitabın sonunda təqdim olunan dolma haqqında hekayə, sanki bir ədəbi təlimatdır. Beləliklə, kitab özlüyündə tam olaraq həm praktik, həm də bədii dəyərə malikdir.
Hümbət  Həsənoğlunun təbirincə desək, “dolma”nın özündə bir fəlsəfə də var. Yarpaq - təbiətin bəxşişi, ət - zəhmətin bəhrəsi, düyü - torpağın məhsulu, ədviyyatlar isə həyatın rəngləridir. Bütün bunlar bir yerdə bişərkən vahid bir harmoniya  yaradır. İnsan həyatı da elə belədir: müxtəlif çalarların, duyğuların, xatirələrin birləşməsindən yaranan bütöv bir tablo. “Sumqayıt Dolması”  kitabı bu fəlsəfəni oxucuya sözsüz, amma dad və duyğu vasitəsilə çatdırır.
Mənim üçün müəllifin bu kitabının ən böyük dəyəri onun xalq mətbəxini sənət səviyyəsinə qaldırmasıdır. Burada dolma yalnız yemək deyil - həm də milli kimliyin daşıyıcısıdır. Dolma süfrəyə gələndə insanın qarşısına təkcə bir qida yox, həm də tarixi yaddaş  gəlir. Kitabın hər səhifəsi oxucunu bu yaddaşla üz-üzə qoyur, ona keçmişlə bu gün arasında körpü salır.
Kitabın strukturu da diqqətəlayiqdir. Reseptlər ardıcıllıqla təqdim olunur, hər biri sanki ayrı bir fəsil, ayrı  bir hekayədir. “Sumqayıt İkiqat yarpaq dolması”, “Sumqayıt Yalançı İkiqat yarpaq dolması, “Sumqayıt Buzlu İkiqat yarpaq dolması”, “Sumqayıt Buzlu Yalançı İkiqat yarpaq  dolması” kələmə bükülmüş 10 müxtəlif yarpaqlara məxsus müxtəlif dolma resepti həm kulinariya, həm də etnoqrafik baxımdan dəyər daşıyır. Bu ardıcıllıq oxucuya bir mətbəx səyahəti bəxş edir. Sanki Sumqayıtdan başlayıb Azərbaycanın müxtəlif guşələrinə gedirsən və hər dayanacaqda bir yeni dad, bir yeni ləzzət, bir yeni rəng kəşf  edirsən.
Yüksək səviyyəli rəngli foto şəkillərlə zəngin olan “Sumqayıt Dolması” kitabının oxucuya ötürdüyü əsas mesajı belə ifadə etmək olar: mədəniyyət süfrədən başlayır. Süfrə sadəcə qidalanmaq üçün deyil, həm də mehribançılığı, sevgini, paylaşma kimi gözəl bir adət-ənənəni  yaşatmaq üçündür. Müəllif demişkən, “Dolma birlik rəmzidir”.  Onu bişirən də, yeyən də eyni mədəniyyətin daşıyıcısı olur. Bu mənada “Sumqayıt Dolması” təkcə yemək kitabı deyil, həm də bir həyat fəlsəfəsi kitabıdır.
Nəticə olaraq, yazıçı Hümbət Həsənoğlunun “Sumqayıt Dolması” kitabı mənim təəssüratıma görə, ədəbiyyatla kulinariyanı birləşdirən nadir nümunələrdəndir. O, oxucunu həm öyrədir, həm də düşündürür; həm dilini dadlandırır, həm də ruhunu isidir. Bu kitabı oxumaq bir süfrə başında oturmaq kimidir - qaynayan qazanların qoxusu, paylaşan insanların səsi, milli yaddaşın istiliyi bir araya gəlir.
Əslində, yazıçı Hümbət Həsənoğlunun  “Sumqayıt Dolması”  kitabının əsas qayəsi də elə budur: oxucunu milli kimliyi ilə qidalandırmaq!

Arif ƏRŞAD, yazıçı-publisist,
Azərbaycan Yazıçılar və
Avrasiya Yazarlar Birliklərinin üzvü,
Prezident mükafatçısı

Seçilən
24
2
herbiand.az

3Mənbələr