1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Nepalda iğtişaşlar zamanı cəzaçəkmə müəssisələrindən 15 mindən çox məhbus qaçıb və bu, ölkə tarixində ən böyükmiqyaslı həbsxanadan qaçış olub.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Kathmandu Post" qəzeti polisə istinadən məlumat verib.
Məlumata görə, kütləvi qaçışlar Nepalın müxtəlif şəhərlərindəki 25 həbsxanada baş verib. Qaçanlar arasında qətl, təcavüz, adam oğurluğu və insan alveri üzrə məhkum olunanlar da olub.
Cəzaçəkmə Müəssisəsinə Nəzarət İdarəsindən bildiriblər ki, yekun rəqəmlər hələ dəqiqləşdirilir. İdarənin direktoru Lila Prasad Şarmanın sözlərinə görə, ölkədəki bütün təhlükəsizlik qüvvələri - ordu və polis qaçanların axtarışı və saxlanması üçün səfərbər edilib.
"Biz məhbusları dəmir barmaqlıqlar arxasına qaytarmaq üçün bütün mümkün resurslardan istifadə edirik", - deyə o bildirib.
Xatırladaq ki, sentyabrın 8-də Katmanduda parlament binası yaxınlığında "Z nəslinin inqilabı" adlı etiraz aksiyası keçirilib.
Etirazlar paytaxtda və ölkənin ən azı yeddi böyük şəhərində baş tutub. Etirazçılar hökumətin sentyabrın 4-də Nepalın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmiş mesencer və sosial şəbəkələrin, o cümlədən "WhatsApp", "Facebook" və "Instagram"ın fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı elan etdiyi qərara etiraz ediblər. Polislə toqquşmalarda ölənlərin sayı 22-yə çatıb, 500-dən çox insan yaralanıb. Nepalın bir sıra siyasətçiləri, o cümlədən daxili işlər naziri Rameş Lehak və Baş nazir Şarma Oli istefa veriblər.
Sentyabrın 9-da etirazçılar ölkənin onların nəzarətinə keçdiyini bəyan edərək, yeni hökumətin formalaşdırılmasına və seçkilərin keçirilməsinə çağırıblar. Nepalda etirazçılar Katmandu meri Balendra Şahın baş nazir səlahiyyətlərinin icraçısı təyin olunmasını tələb ediblər.
Hökumət əleyhinə aksiyaların etirazçıları baş nazirin, ölkə Prezidenti Ram Çandra Paudelin və bir neçə başqa siyasətçinin Balkot şəhərində şəxsi iqamətgahlarını yandırıblar. Etirazçılar, həmçinin parlament binasını və Nepalın əsas inzibati kompleksini, ölkə hökumətinin və bir çox nazirliklərin yerləşdiyi Sinqha Durbar Sarayını ələ keçirərək yandırıblar.