Dünya siyasəti artıq çoxqütblü mərhələyə qədəm qoyub. Bu gün beynəlxalq qaydaları müəyyənləşdirən bir yox, bir neçə güc mərkəzi fəaliyyət göstərir. Belə bir şəraitdə Azərbaycan balanslı və təşəbbüskar diplomatiya ilə seçilir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Çin Xalq Respublikasına işgüzar səfəri də məhz bu strategiyanın davamı və yeni mərhələsinin göstəricisidir. Səfər sadəcə protokol xarakterli olmayıb, konkret layihələr və institutlarla möhkəmləndirilmiş “Şərq vektoru”nun açıq ifadəsi kimi dəyərləndirilir. Azərbaycanın Türk dünyası ilə birlikdə Şərqdən Qərbə uzanan geoiqtisadi xətt üzrə strateji mövqeyi daha da güclənir.
Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova Musavat.com-a açıqlamasında bildirib ki, aprel ayında Azərbaycan-Çin münasibətləri "hərtərəfli strateji tərəfdaşlıq" səviyyəsinə yüksəlib: "Pekində imzalanan 20-dən artıq sənəd yaşıl inkişafdan rəqəmsal iqtisadiyyata, aerokosmik əməkdaşlıqdan hüquqi sahələrə qədər geniş spektri əhatə edir. Bu sənədlər Bakının Şərq vektorunu institutlaşdırdığını göstərir. Çin XİN rəsmiləri Azərbaycanı Cənubi Qafqazda "sabitləşdirici oyunçu" adlandıraraq yeni münasibətlərin konturlarını açıq ifadə etdilər".
Arzu Bağırova deyib ki, Tiencin görüşündə Çin rəhbəri Si Cinpin Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına qoşulmasına açıq dəstək verməsi ölkəmizin regiondakı rolunu yalnız enerji və nəqliyyat sahələri ilə məhdudlaşmadığını, həm də təhlükəsizlik, maliyyə və logistika sahələrində koordinasiya imkanlarını artırır: "Çin diplomatiyası Azərbaycanın BRICS+ dialoquna qoşulmasına da maraq göstərir ki, bu da çoxqütblü dünyada Azərbaycanın rolunu daha da gücləndirir. Azərbaycan və Çinin adı bir cümlədə işlənirsə, ağıla ilk gələn layihələrdən biri Orta Dəhliz – Trans-Xəzər magistralının gücləndirilməsidir. Çin rəsmən Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunu (TITR, Orta Dəhliz) əsas xətt elan edib. Bu magistral Qazaxıstandan başlayaraq Xəzər, Azərbaycan, Gürcüstan, Türkiyə vasitəsilə Avropaya çıxır və Türk dünyasını birləşdirən ən böyük geoiqtisadi layihədir. Çin Nəqliyyat Nazirliyi 2025-ci ilin sonuna qədər Orta Dəhlizlə daşınan yüklərin həcmini ən azı ikiqat artırmağı planlaşdırır. Prezidentin avqust-sentyabr səfərinin ən önəmli hissəsi konkret layihələrdir. Bunlara AIIB ilə əməkdaşlıq barədə birgə bəyanat, "PowerChina" ilə yaşıl enerji, su təsərrüfatı, tullantı suları və hidrogen layihələrinin müzakirəsi, CNCEC ilə SOCAR arasında çərçivə sazişi, həmçinin "Huawei", ZTE ilə rəqəmsal transformasiya və süni intellekt üzrə ilkin memorandumlar daxildir.
Vizasız gediş-gəlişin tətbiqi isə yeni strateji mərhələdir. Artıq iki ölkə arasında şəxsiyyət vəsiqəsi ilə sərbəst səfər mümkündür ki, bu da biznes, turizm və təhsil mübadiləsini sürətləndirir. Pekində Azərbaycan Turizm Evinin açılması planı da gündəmə gəlib, bu isə insan axınının institusional mərkəzlərə çevriləcəyindən xəbər verir".
Arzu Bağırova deyib ki, Birinci xanım Mehriban Əliyevanın səfərdə iştirakı və yüksək səviyyəli görüşlərə qatılması Azərbaycanın mədəni-humanitar xəttinə incə toxunuş qatıb: "Bu, qarşılıqlı münasibətlərin yalnız iqtisadi deyil, həm də mədəni, təhsil və humanitar sahələrdə inkişafına xidmət edir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Çin səfəri Türk dünyasının Şərqdən Qərbə uzanan strateji xəttinə yeni “bəndlər” əlavə etdi. Azərbaycan artıq Şərqdən Qərbə gedən yolun tranzit nöqtəsi olmaqla yanaşı, strateji qərar mərkəzinə çevrilməkdədir".
E.MƏMMƏDƏLIYEV,
Musavat.com