Azərbaycanın yunan-Roma güləşi üzrə Avropa çempionu, dünya ikincisi və üçüncüsü Murad Məmmədovun (60 kiloqram) AZƏRTAC-a müsahibəsi
- Sentyabrın 13-21-də Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçiriləcək dünya çempionatına hazırlığınız necə gedir?
- Təlim məşq toplanışına sentyabrın 3-də start vermişik və ayın 16-na kimi davam edəcək. Təbii ki, yığmamızın bütün üzvləri mundiala yaxşı hazırlaşır. Mən də öz növbəmdə əlimdən gələni edirəm. Bir neçə rəqibim var ki, onlarla görüş üçün həm taktiki, həm də fiziki olaraq çalışmışam. Onlardan Türkiyədən Kərim Kamal, Rusiyadan Sergey Emelinin adını çəkə bilərəm. Tam yaxşı hazırlaşmışam. Avropa çempionatında nəticə istədiyim kimi olmadı. Ümid edirəm ki, dünya çempionatında uğurlu çıxış edəcəyəm.
- Mundiala hansı hədəflərlə yollanırsınız?
- Mənim üçün ən əsası turnirdən medalsız qayıtmamaqdır. Təbii ki, başlıca hədəfim dünya çempionu olmaqdır. Bildiyiniz kimi, mundialın gümüş və bürünc mükafatçısıyam. İndi isə oraya qızıl üçün gedirəm.
- Milli komandamızın ümumi şanslarını necə qiymətləndirirsiniz?
- 55 kiloqram çəkidə Eldəniz Əzizli dördqat dünya çempionudur. Düşünürəm ki, o, bunu beşinci dəfə də bacaracaq. Komanda daxilində ən çox onun şanslarını yüksək qiymətləndirirəm. Həmçinin 60 kiloqramda Nihat Məmmədlidən medal gözləyirəm. Avropa və dünya çempionudur. Bu dəfə də fəxri kürsüdə yer alacağına inanıram. 67 kiloqramda isə Həsrət Cəfərovun mükafatçılar sırasında olacağına ümid edirəm. O, çox yaxşı idmançıdır. Əminəm ki, ən azı final qarşılaşmasında döyüşəcək. Təbii ki, digər çəki dərəcələrində də güclü güləşçilərimiz var. İnanıram ki, hamımız Vətənə yaxşı nəticə ilə qayıdacağıq.
- Rəqibləri necə dəyərləndirirsiniz? Hansı ölkələrin güləşçilərini daha təhlükəli sayırsınız?
- Ümummiyətlə dünya çempionatında zəif rəqib olmur. Burada hər ölkənin ən güclü idmançıları iştirak edirlər. Rusiya, Türkiyə, İran və Özbəkistan güləşdə daha iddialıdırlar. Bunlardan fərqli olaraq Norveç, İsveç kimi ölkələrdən olan güləşçiləri rahatlıqla məğlub edəcəyimi düşünürəm. Yenə də bilmək olmaz. Bu, idmandır. Hər şey baş verə bilər.
- Dünya çempionatından sonra gələcək planlarınız nələrdir?
- Dünya çempionu olduqdan sonra gələcək planlar haqqında düşünəcəyəm. İndi yalnız mundiala fokuslanmışam. Ən böyük istəyim Vətənimizi layiqincə təmsil etməkdir.
İdman.biz