AZ

Adil Vəliyev: "Hər il müəllimlərin işə qəbulu müsabiqəsinə dövlət büdcəsindən maliyyə sərf olunur"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Ümumi təhsil haqında" Qanunda əsas prinsiplər müəllimlərin tələbatının müəyyən edilməsi, müəllimlərin işə qəbulu və yerdəyişməsi qaydalarının müəyyən edilməsi, onların kadr təminatı siyasətinin həyata keçirilməsi təsbit edilib".
Oxu.Az-ın məlumatına görə, bunu Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev bildirib.
O qeyd edib ki, 2011-2012-ci tədris ilindən etibarən ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulunun mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi nəticəsində 2015-2024-cü illərdə 45 000 nəfərə yaxın namizəd müddətsiz əmək müqaviləsi əsasında işlə təmin olunub:
"Hər il müəllimlərin işə qəbulu müsabiqəsinin təşkili və keçirilməsi üçün dövlət büdcəsindən kifayət qədər maliyyə vəsaiti sərf olunur. Belə ki, müsabiqənin keçirilməsi üçün təchizat xərcləri 2021-ci ildə 1 milyon 106 min 33 manat, 2022-ci ildə 1 milyon 314 min 197 manat, 2023-cü ildə 1 milyon 290 min 567 manat, 2024-cü ildə isə 1 milyon 232 min 665 manat təşkil edib.
2021-ci ildə ərizəsi təsdiq edilmiş və müsabiqədə iştirakı nəzərdə tutulmuş 59 171 nəfərdən 46 930 nəfər, 2022-ci ildə 54 804 nəfərdən 44 363 nəfər, 2023-cü ildə 58 000 nəfərdən 47 571 nəfər, 2024-cü ildə isə 61 669 nəfərdən 50 264 nəfər test imtahanı mərhələsində iştirak edib. Yalnız ötən il 18.5 faiz namizəd imtahana gəlməyib. Bu isə imtahan xərclərinin ödənilməsi üçün izafi xərclərə səbəb olub".
Deputat qeyd edib ki, müəllimlərin işə qəbulunda iştirakçıların məsuliyyətinin artırılması, dövlət büdcəsi vəsaitlərinə qənaət edilməsi və maliyyə yükünün müəyyən bir hissəsinin iştirakçılar tərəfindən qarşılanması məqsədilə müsabiqədə iştirakın ödənişli olması təklif edilir:
"Ödəniş ilk dəfə müsabiqədə iştirak edənlər, əlilliyi olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, şəhid ailəsinin üzvləri və Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə "Müharibə veteranı" adı almış şəxslərə münasibətdə nəzərdə tutulmur".
Samir Əli
Seçilən
9
1
oxu.az

4Mənbələr