AZ

2001-ci il 11 sentyabr terrorundan 24 il ötür

2001-ci il sentyabrın 11-i dünya tarixində ən faciəli günlərdən biri kimi xatırlanır.

Missiya.Az xəbər verir ki, həmin gün ABŞ-nin müxtəlif şəhərlərində koordinasiyalı şəkildə həyata keçirilmiş terror aktları nəticəsində minlərlə insan həlak oldu və beynəlxalq münasibətlərdə yeni bir dövr başlandı. Bu hadisələr yalnız ABŞ üçün deyil, bütün dünya üçün təhlükəsizlik anlayışının dəyişməsi idi.

Hadisə səhər saatlarında “Əl-Qaidə” terror təşkilatına bağlı 19 nəfər dörd sərnişin təyyarəsini qaçırdı. Onlardan ikisi Nyu-York şəhərində yerləşən Dünya Ticarət Mərkəzinin 110 mərtəbəli əkiz qüllələrinə çırpıldı. Toqquşma nəticəsində hər iki qüllə az sonra tamamilə uçaraq dağıldı. Üçüncü təyyarə ABŞ Müdafiə Nazirliyinin binası olan Pentaqona dəyərək böyük dağıntıya səbəb oldu. Dördüncü təyyarə isə sərnişinlərin müqaviməti nəticəsində hədəfə çatmadı və Pensilvaniya ştatında açıq əraziyə düşdü.

Bu terror hücumları nəticəsində təxminən 3 min nəfər həyatını itirdi, minlərlə insan yaralandı. Həlak olanların arasında müxtəlif millətlərə mənsub şəxslər var idi. Bu səbəbdən hadisə qlobal faciə kimi qəbul olundu. Hadisədən sonra Nyu-Yorkun mərkəzində “Ground Zero” adlanan böyük dağıntı sahəsi uzun müddət dünya mediasının diqqət mərkəzində qaldı.

Sentyabrın 11-i yalnız böyük insan itkisi ilə deyil, həm də beynəlxalq siyasətdə yaratdığı dəyişikliklərlə yadda qaldı. ABŞ həmin hadisədən sonra “terrorla mübarizə” strategiyasını elan etdi və Əfqanıstana hərbi müdaxilə edərək “Əl-Qaidə”nin lideri Usamə bin Ladenin gizləndiyi bölgələrə əməliyyatlar başladı. Ardınca 2003-cü ildə İraq müharibəsinə səbəb olan gərginliklər yarandı. Bu proseslər onilliklərlə davam edən siyasi və hərbi qarşıdurmaların əsasını qoydu.

Hadisənin ildönümlərində ABŞ və digər ölkələrdə həlak olanların xatirəsi anılır. Nyu-Yorkda “9/11 Memorial & Museum” adlanan abidə kompleksi qurulub və burada həmin faciə qurbanlarının adları əbədiləşdirilib.

11 sentyabr terror hadisələri bütün dünyada təhlükəsizlik, hava nəqliyyatı və kəşfiyyat sistemlərinin yenidən təşkil olunmasına gətirib çıxardı. Bu faciə beynəlxalq terrorçuluğun yaratdığı təhlükənin miqyasını göstərdi və müasir dövrün simvolik hadisələrindən biri oldu.

İlahə QənbərliMissiya.Az

Seçilən
19
missiya.az

1Mənbələr