AZ

Konstitusiyanın aliliyi milli suverenliyin əsasıdır

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci il respublikamızda "Konstitusiya və Suverenlik İli" elan olunub. Bu qərar konstitusion hüquqlarımızın tam bərpasının dərindən öyrənilməsi və təbliği, yeni inkişaf mərhələsində qarşımızda dayanan ideoloji vəzifələrin müəyyən edilməsi baxımından böyük əhəmiyyətə malikdir. Eyni zamanda bu mühüm sərəncamın qəbul edilməsini şərtləndirən əsas amil konstitusiyamızın qəbul edilməsinin 30 və Vətən müharibəsində qələbəmizin 5 ilinin tamam olmasıdır.

1918-ci ildə Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisində dövlət hakimiyyətinə malik olub müstəqil xarici və daxili siyasət yeridirdi və eyni zamanda müstəqil və suveren dövlətə xas olan təsisatları - parlamenti, hökuməti, ordusu, maliyyə sistemi yaradılmışdı və fəaliyyət göstərirdi. Müstəqilliyi elan edilmiş Azərbaycan Respublikası çox mürəkkəb tarixi  şəraitdə fəaliyyət göstərməyə başlamışdı. Artıq həmin dövrdə Azərbaycan bir çox xarici dövlətlər tərəfindən tanınmış və onlarla diplomatik münasibətlər yaratmışdı. Lakin 1920-ci il 28 aprel işğalı ilə Azərbaycan müstəqil dövlət olmaq yolunda səylərini dayandırmalı oldu. Uzun sürən çətinliklər nəticəsində beynəlxalq aləmdə de-fakto tanınan Azərbaycan yalnız 23 ay müstəqil ola bildi, qanuni seçilmiş hakimiyyət orqanları zorakılıqla devrildi və xalqımızın çox böyük qurbanlar bahasına qazandığı müstəqilliyə son qoyuldu. Azərbaycan yenidən Rusiya tərəfindən ilhaq edildi. Lakin müstəqillik hissini xalqın ruhundan və yaddaşından silmək mümkün deyildi. Azərbaycan xalqı hələ sovet hakimiyyəti dövründə öz azadlığı uğrunda mübarizəyə başlamışdı. 1991-ci ildə Azərbaycanın müstəqilliyinin bərpası yalnız SSRİ-nin çöküşünün nəticəsi deyildi, bu həm də xalqımızın apardığı milli-azadlıq mücadiləsinin məntiqi nəticəsi idi.

1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı qəbul olundu. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və "Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsinə istinad olundu, Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edildi. "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı ilə müasir Azərbaycan Respublikası özünün dövlət müstəqilliyini və suverenliyini elan etdi. 1991-ci il dekabrın 29-da isə respublikamızda ümumxalq referendumu keçirildi və ölkəmizin müstəqilliyinə və suverenliyinə səs verildi. Beləliklə, Azərbaycan Respublikasının müstəqillik haqqında Konstitusiya Aktı qüvvəyə mindi.

Ulu Öndər Heydər Əliyev 1990-cı ilin iyul ayında SSRİ rəhbərliyinin fəaliyyətinə etiraz əlaməti olaraq tutduğu vəzifələrdən istefa vermiş və Naxçıvana gəlişindən sonra onun rəhbərliyi ilə respublikamızda dövlət müstəqilliyimizin bərpası uğrunda tamamilə yeni mübarizəyə başlanılmışdır. 1990-1991-ci illərdə məhz Naxçıvanda xalqımızın müstəqillik və milli suverenlik mübarizəsinə əhəmiyyətli dərəcədə təsir edən praktik siyasi qərarlar qəbul edilmişdi. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan və ölkəmizdə sovet hakimiyyətinin qurulmasından sonra üçrəngli bayrağımız birinci dəfə 1990-cı ilin noyabrında məhz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanda rəsmi şəkildə ucaldılmış və muxtar respublikanın bayrağı elan olunmuşdu. Ulu Öndərin təşəbbüsü ilə Naxçıvanın rəsmi adından "sovet" və "sosialist" sözləri çıxarılmışdır. Məhz Ulu Öndər Heydər Əliyevin sayəsində Naxçıvan Ali Məclisində 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verilmişdi. Bütün bunların hər biri Azərbaycan xalqının müstəqillik mübarizəsinə, öz suverenliyi uğrunda mücadiləyə təkan verən, onu yeni mərhələyə yüksəldən siyasi qərarlar idi. Odur ki, bu qərarların hər biri Azərbaycanın müstəqillik və suverenlik yolunun mühüm hadisələri kimi tariximizə həkk olunub. 

Həmin dövrdə gedən prosesləri nəzərdən keçirdikdə bir daha görürük ki, müstəqilliyin elan edildiyi 1991-ci ilin oktyabrından 1993-cü ilin iyun ayınadək olan dövrdə ölkəmizə rəhbərlik edənlər Azərbaycanı çətin vəziyyətə salmış, dövlət müstəqilliyimiz itirilmək təhlükəsi ilə üz-üzə qalmışdı. Belə bir ağır və çətin dövrdə Ümummilli Liderimiz xalqın təkidli tələbi ilə Naxçıvandan Bakıya qayıtmışdı. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycana rəhbərliyə başlamasından sonra aparılan müdrik siyasət nəticəsində ölkədə siyasi-iqtisadi böhranlara, separatçılıq meyillərinə və vətəndaş qarşıdurmasına son qoyulduğu kimi, ərazilərimizin işğalının, milli suverenliyimizə qəsd olunmasının da qarşısı alınmışdı.

Ulu Öndər Heydər Əliyev müstəqilliyimizi qorudu, dövlətçiliyimizi xilas etdi. Qeyd etmək lazımdır ki, hələ müstəqilliymiz bərpa olunan zaman demokratik quruluşu və qanununun aliliyini özünün başlıca məqsədi elan edən respublikamızda qarşıda duran əsas vəzifələrdən biri yeni konstitusiyanın hazırlanması idi. 

Konstitusiya dövlətin quruluşunun və təməlinin prinsiplərini, cəmiyyətin siyasi, hüquqi və iqtisadi əsaslarını təsbit etməklə, həm də vətəndaş hüquqlarını özündə əks etdirir, ölkənin inkişaf prioritetlərini müəyyən edir. Konstitusiyanın mükəmməl hüquqi sənəd kimi hazırlanması üçün gərgin əmək sərf edən Ulu Öndər layihənin hər bir müddəasını şəxsən nəzərdən keçirir, açıq müzakirəsi təşkil olunurdu. 12 noyabr 1995-ci ildə Azərbaycan xalqı ümumxalq səsverməsi yolu ilə müstəqil dövlətimizin ilk Konstitusiyasının qəbuluna səs verdi. Müstəqil Azərbaycanın ilk konstitusiyasının qəbulu müasir tariximizin ən mühüm hadisələrindən biri olmaqla Ulu Öndərin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindəndir. Azərbaycanın yeni Konstitusiyası hüquqi, demokratik, dünyəvi dövlət quruculuğunun əsaslarını müəyyən etdi, yeni siyasi və hüquqi sistemin yaradılmasına yol açdı. 

Əsas Qanunun qəbul edilməsi müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olaraq, milli dövlətçiliyimizin daha da möhkəmləndirilməsi baxımından çox mühüm ictimai-siyasi hadisə oldu. Konstitusiya Günü münasibətilə Azərbaycan xalqını təbrik edən Ümummilli Lider Heydər Əliyev bildirmişdir: "Bu Konstitusiya Azərbaycan xalqının keçdiyi tarixi inkişaf yolunun məntiqi nəticəsidir. Konstitusiya ölkəmizdə vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi, müstəqil dövlətçiliyimizin qorunub saxlanması, möhkəmləndirilməsi və demokratik dəyişikliklərin həyata keçirilməsi üçün hərtərəfli zəmin və şərait yaradır. Azərbaycanın tarixi keçmişini, bugünkü reallıqlarını və gələcək inkişaf perspektivlərini əks etdirməsi, ümumbəşəri və milli dəyərlərə söykənməsi konstitusiyamızı səciyyələndirən əsas cəhətlərdir".

Azərbaycan Respublikasında ən yüksək hüquqi qüvvəyə malik olan konstitusiya dövlət suverenliyinin əsas təminatçısı olmaqla dövlət quruluşunun əsaslarını, hakimiyyətlərin bölünməsi prinsipini, hakimiyyət orqanlarının təşkili, səlahiyyətləri və fəaliyyət qaydalarını, şəxsiyyət, cəmiyyət və dövlət arasındakı münasibətlərin hüquqi çərçivələrini müəyyən edir, insan hüquqları və azadlıqlarının müdafiəsi və təminatı ilə bağlı mexanizmləri tənzimləyir. Bu baxımdan prokurorluq orqanları dövlətin və dövlətçiliyin vacib sütunlarından biri kimi müstəqillik və suverenlik prinsiplərinin qorunmasında mühüm rol oynayır. Prokurorluq cinayətkarlığa qarşı mübarizə aparmaqla yanaşı, eyni zamanda insanların konstitusion hüquq və azadlıqlarının müdafiəsində, qanunların icrasına nəzarətdə, dövlət maraqlarının qorunmasında fəal iştirak edir. 

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasında prokurorluğun statusu "Məhkəmə hakimiyyəti" bölməsində verilməklə (maddə 133. Azərbaycan Respublikasının Prokurorluğu), prokurorluğun hakimiyyətin üçüncü qolu olan məhkəmə hakimiyyətinin bir hissəsi olması təsbit edildi. Bununla da, Azərbaycan Respublikasının Prokurorluğu qanunla nəzərdə tutulmuş qaydada və hallarda qanunların icra və tətbiq olunmasına nəzarət edən, qanunla nəzərdə tutulmuş hallarda cinayət işləri başlayan və istintaq aparan, bütün təhqiqat və ibtidai istintaq orqanlarının fəaliyyətinə prosessual rəhbərlik edən, həmin orqanların, habelə əməliyyat-axtarış orqanlarının fəaliyyətində qanunla nəzərdə tutulmuş hallarda və qaydada qanunların eyni cür və dürüst tətbiqinə və icrasına nəzarət edən, məhkəmədə dövlət ittihamını müdafiə edən, məhkəmədə iddia qaldıran, məhkəmə qərarlarından protest verən, cəzaların icrasında iştirak edən və qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirən bir hüquq-mühafizə orqanına çevrildi. 

Prokurorluğun müasir dövrün tələblərinə uyğun formalaşdırılması, o cümlədən müstəqil Azərbaycanın ali qanunu olan konstitusiyada ilk dəfə olaraq cinayət mühakimə icraatında mühüm vəzifələri yerinə yetirməsi nəzərə alınmaqla ölkəmizin məhkəmə hakimiyyəti sistemində layiqli yerinin müəyyənləşdirilməsi, onun statusunun, təşkili və fəaliyyət prinsiplərinin, funksiyalarının və səlahiyyət dairəsinin qanunvericilik qaydasında təsbit olunması məhz Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə gerçəkləşən köklü hüquq islahatlarının sayəsində mümkün oldu. Məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilən qanunvericilik islahatları əsasında qəbul edilmiş "Prokurorluq haqqında" və "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının qanunları prokurorluq orqanlarının daha da demokratikləşdirilməsini, onun qanunçuluğun və insan hüquqlarının aliliyinin real təminatçısına çevrilməsini gerçəkləşdirmişdir. Eyni zamanda 19 sentyabr 2002-ci il tarixdə qüvvəyə minmiş "Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər edilməsi haqqında" referendum aktı ilə prokurorluğa qanunvericilik təşəbbüsü hüququnun verilməsi isə dövlətdə prokurorluğun rolunu daha da artırmışdır. 

Ümummilli Liderin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən cənab Prezident İlham Əliyevin 2003-cü ildə hakimiyyətə gəlişindən sonra Azərbaycan dövlət müstəqilliyinin möhkəmləndirilməsi və suveren hüquqların tam bərpası istiqamətində mühüm tarixi mərhələ başlamışdır. Prezident İlham Əliyev tərəfindən ölkənin iqtisadi potensialını artırmaq məqsədilə, kənd təsərrüfatının inkişafı və qeyri-neft sektorunun gücləndirilməsi istiqamətində mühüm addımlar atılmış və ən əsası müasir ordu quruculuğu sahəsində geniş islahatlar keçirilmişdir. Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində aparılan proqramatik islahatlarla hərbçilərin peşəkarlığının artırılmış, şəxsi heyətin döyüş ruhu və psixoloji hazırlığı yüksəldilmiş, Silahlı Qüvvələrimiz ən müasir silah və texnika ilə təchiz edilmişdir. Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrilməklə Cənubi Qafqazda birinci, dünyada ilk əlli ordu sırasında yer almışdır.    

Məhz Ermənistanın növbəti təxribatına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlanmış və 44 gün davam etmiş Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin uzaqgörən sərkərdəliyi, ordumuzun rəşadəti sayəsində torpaqlarımız işğaldan azad olundu. Azərbaycan Ordusu hərb tarixində misli görünməyən hərbi əməliyyatlar keçirərək, düşmənin müdafiə xətlərini darmadağın edərək şanlı zəfər tarixi yazdı. Ordumuz parlaq qələbə ilə ölkəmizin ərazi bütövlüyünü bərpa etməklə, regionda yeni reallıqlar yaratdı. 

9 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanat işğalçı dövlətin birmənalı kapitulyasiya sənədi idi. Lakin ərazilərimizin bir hissəsində Ermənistanın və  qondarma rejimin hərbi ünsürləri qalmaqda davam edirdi. Bundan başqa, Ermənistan tərəfinin yeni revanşist planlar qurmaları, hücum xarakterli qurğuların inşasına cəhd göstərməsi, preventiv tədbirlərin görülməsini zəruri etmişdi. Nəhayət, 19-20 sentyabr 2023-cü ildə uğurlu antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmişdir. Bununla da, konstitusiyamızın hüquqi qüvvəsi işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2024-cü il tarixli Sərəncamına əsasən, sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü elan edilmişdir.

Bu gün Azərbaycan öz iqtisadi, siyasi, diplomatik, hərbi və mədəni potensialını daha da inkişaf etdirərək Cənubi Qafqazın lider ölkəsi, siyasi və iqtisadi mərkəzinə çevrilmişdir. Azərbaycan öz sözünü deyən, mövqeyini qətiyyətlə müdafiə edən, dünyanın yeni enerji xəritəsini yaradan, nəhəng beynəlxalq tədbirlərə evsahibliyi edən, həmçinin beynəlxalq arenada böyük nüfuz sahibidir. Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycan müstəqil və ləyaqətli siyasət yürüdür: "Bizim siyasətimiz güzəştsiz siyasətdir. Biz prinsipial məsələlərlə bağlı heç kimə güzəştə getməmişik və getməyəcəyik. Müstəqil, ləyaqətli siyasət aparırıq, öz gücümüzə, xalqın dəstəyinə güvənirik. Xalq da bizim siyasətimizə öz dəstəyini göstərir".  

İşğaldan azad edilmiş ərazilərdə seçkilərin keçirilməsi və 2024-cü il fevral ayının 7-də cənab Prezident İlham Əliyevin ailə üzvləri ilə birlikdə Xankəndi şəhərində prezident seçkilərində səsvermədə iştirak etməsi suverenliyimizin və konstitusiyamızın hüquqi qüvvəsinin ölkə ərazisinin əhatə etdiyinin göstəricisidir. 2025-ci il Konstitusiyamızın qəbul olunmasının 30-cu və Vətən müharibəsində Qələbəmizin 5-ci ildönümünün qeyd edildiyi bir dövrdə, keçdiyimiz inkişaf yoluna baxdıqda Ümummilli Lider Heydər Əliyevin titanik zəhməti ilə qurub yaratdığı və cənab Prezident İlham Əliyevin qüdrətli dövlət səviyyəsinə yüksəltdiyi Azərbaycanın əzəmətini aydın görürük. 

Rövşən ƏLİYEV, 

Qazax rayon prokuroru, baş ədliyyə müşaviri

Seçilən
74
azerbaijan-news.az

1Mənbələr