AZ

Nepalın keçmiş baş nazirinin həyat yoldaşı sağdır?

Nepalın keçmiş baş nazirinin həyat yoldaşı Cala Nath Khanal sağdır və ağır vəziyyətdə xəstəxanadadır.

Moderator.az-ın xəbərinə görə, bu barədə "Khabarhub" portalı tibb müəssisəsinin rəhbərliyinə istinadən məlumat yayıb.

Sentyabrın 9-da qadının iğtişaşçıların keçmiş baş nazirin iqamətgahına hücumundan sonra öldüyü bildirilmişdı. Portalın son məlumatına görə, o, ağır bədən xəsarətləri alıb və reanimasiya şöbəsinə yerləşdirilib.

Xatırladaq ki, sentyabrın 8-də Nepalın paytaxtı Katmanduda parlament binası yaxınlığında "Z nəslinin inqilabı" adlı etiraz aksiyası keçirilib.

Etirazlar paytaxtda və ölkənin ən azı yeddi böyük şəhərində keçirilib. Nümayişçilər hökumətin sentyabrın 4-də Nepalın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində müəyyən edilmiş müddətdə qeydiyyatdan keçməmiş mesencer və sosial şəbəkələrin, o cümlədən "WhatsApp", "Facebook" və "Instagram"ın fəaliyyətini məhdudlaşdırmaq barədə elan etdiyi qərarına qarşı çıxıblar. Polislə toqquşmalarda ölənlərin sayı 22-yə çatıb, 500-dən çox yaralı var. Nepalın bir sıra siyasətçiləri, o cümlədən daxili işlər naziri Rameş Lexak və baş nazir Şarma Oli istefa veriblər.

Sentyabrın 9-da etirazçılar ölkənin onların nəzarətində olduğunu bəyan edərək, yeni hökumətin qurulmasını və seçkinin keçirilməsini tələb ediblər. Nepalda etirazçılar Katmandu meri Balendra Şahın baş nazir səlahiyyətlərini icra edən vəzifəsinə təyin olunmasını tələb ediblər.

Hökumət əleyhinə etirazçılar Balkot şəhərində baş nazirin, ölkə prezidenti Ram Çandra Paudelin və bir neçə başqa siyasətçinin şəxsi iqamətgahlarını yandırıblar. Etirazçılar həmçinin parlament binasını və Nepalın əsas inzibati kompleksini, ölkə hökumətinin və bir çox nazirliklərin yerləşdiyi Sinqha Durbar Sarayını ələ keçirərək yandırıblar.

Seçilən
17
1
moderator.az

2Mənbələr