AZ

Balanslı və praqmatik xarici siyasət sayəsində Bakı qlobal dialoqların əsas mərkəzlərindən birinə çevrilib - ŞƏRH

Bakı, 10 sentyabr, AZƏRTAC

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasının Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq təşkilatlar üçün etibarlı tərəfdaş və dialoq platforması kimi artan rolunu bir daha nümayiş etdirir. Həmçinin belə yüksək səviyyəli tədbirlər ölkəmizin beynəlxalq sistemdə mövqeyinin gücləndiyini, qlobal proseslərə fəal şəkildə inteqrasiya olunduğunu və regional əməkdaşlığa verdiyi töhfənin artdığını göstərir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Aytən Qurbanova söyləyib.

O qeyd edib ki, xüsusilə son illərdə Azərbaycanın bir sıra mühüm beynəlxalq tədbirlərə, konfranslara və forumlara ev sahibliyi etməsi beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir: “Bu isə Azərbaycanın sabitlik, dayanıqlı inkişaf və çoxtərəfli əməkdaşlıq üçün etibarlı məkana çevrildiyini sübut edir. Digər tərəfdən, Bakıda keçirilən beynəlxalq forumlar milli maraqlarımızın beynəlxalq səviyyədə müdafiəsi üçün əlverişli zəmin yaradır. Məhz bu nöqteyi-nəzərdən yanaşdıqda, AQEM-in Bakıda keçirilən sessiyası yalnız siyasi dialoq üçün platforma olmaqla kifayətlənmir. Forum həm regional, həm də qlobal enerji təhlükəsizliyi, davamlı inkişaf və beyin mərkəzləri arasında əlaqələrin möhkəmləndirilməsi üçüm xüsusi strateji əhəmiyyətə malikdir. Heç şübhəsiz ki, beyin mərkəzlərinin iştirakı ilə keçirilən belə tədbirlər vasitəsilə Azərbaycan enerji siyasəti, nəqliyyat və tranzit imkanları, iqlim dəyişikliyi və ərzaq təhlükəsizliyi kimi vacib mövzularda mövqeyini beynəlxalq auditoriyaya çatdırır. İstisnasız olaraq qeyd etmək lazımdır ki, Azərbaycan beynəlxalq beyin mərkəzləri ilə təmasların gücləndirilməsinə və elmi-analitik potensialın beynəlxalq şəbəkələrə inteqrasiyasına mühüm önəm verir. Ona görə də AQEM-in Bakı sessiyası ölkəmizin qlobal analitik mühitdə fəal iştirakının növbəti mərhələsini təmsil edir. Eyni zamanda, belə tədbirlər ölkə daxilində analitik düşüncənin inkişafına təkan verən addım kimi də qiymətləndirilə bilər”.

A.Qurbanova bildirib ki, nəticə etibarilə Azərbaycanın balanslı və praqmatik xarici siyasəti sayəsində Bakı şəhəri bu gün qlobal dialoqların əsas mərkəzlərindən birinə çevrilib: “Enerji təhlükəsizliyi, nəqliyyat marşrutlarının diversifikasiyası və “yaşıl keçid” kontekstində Azərbaycan həm neft və qaz ixracatçısı, həm də bərpa olunan enerji təşəbbüslərinin fəal iştirakçısı olaraq ciddi beynəlxalq marağa səbəb olan aktora çevrilib. Beləliklə də, AQEM Beyin Mərkəzləri Forumunun Bakıda keçirilməsi Azərbaycanın qlobal təşəbbüslərə verdiyi töhfənin, sülh və əməkdaşlıq istiqamətində yürüdülən ardıcıl siyasətin və milli maraqların qlobal çağırışlarla uzlaşdırılması strategiyasının bariz nümunəsidir. Bu kimi tədbirlər vasitəsilə Azərbaycan strateji düşüncə platforması kimi regional və qlobal təhlükəsizlik, eləcə də enerji və iqlim siyasətinin formalaşmasında fəal iştirakını davam etdirir”, - deyə A.Qurbanova əlavə edib.

 

 

Seçilən
5
1
azertag.az

2Mənbələr