AZ

"Formula 1 yarışlarının Şuşa və Xankəndidə keçirilməsi mümkündür" - AÇIQLAMA

"Formula 1 yarışları ölkəmiz üçün böyük önəm daşıyan tədbirlərdən biridir. Bu yarışlar həm ölkəmizin tanınması, həm də turist axınının artması baxımından əhəmiyyətlidir. Yəni bu yarış həm iqtisadi gəlir gətirir, həm də ölkəmizin beynəlxalq imicini yüksəldir. Eyni zamanda insanların yollarda çəkdiyi əziyyət nəzərə alınmalıdır. Bu baxımdan yarışın şəhərin mərkəzində deyil, "Sea Breeze" kimi alternativ ərazilərdə keçirilməsi məqsədəuyğun olardı. Belə ərazilərdə yarış üçün lazım olan döngələr mövcuddur və əlavə bariyerlərlə istənilən süni şərait yaratmaq mümkündür".

Bu fikirləri Redaktor.az-a açıqlamasında nəqliyyat eksperti Adil Nəbiyev növbəti Formula 1 yarışlarının paytaxt Bakıda deyil, digər ərazilərdə keçirilməsinin mümkünlüyündən danışarkən bildirdi.

Onun sözlərinə görə, şəhərin mərkəzində yolların bağlanması narahatlıq yaradır:

"Əvvəllər yarış yay aylarına təsadüf edirdi, məktəblər açılmamış və insanların əksəriyyəti istirahət vaxtında olurdular. Lakin məktəb dövrünə təsadüf etməsi yarış zamanı ciddi problemlər yaradır. Əgər bu məsələ gələcəkdə daha çox müzakirə olunsa, adiyyəti qurumlar tərəfindən gələcək il üçün uyğun qərarlar verilə bilər. Formula 1 yarışlarını yalnız şəhərin mərkəzində keçirmək lazım deyil. Dünyanın digər ölkələrində də belə yarışlar mərkəz xaricində keçirilir".

Ekspert təklif etdi ki, yarışlar döngələri çox olan rayonlarda, hətta Qarabağın müxtəlif bölgələrində, məsələn, Şuşa və Xankəndidə belə yarışların keçirilməsi mümkündür.

"Bu, həm döngələr, həm də gözəl təbiət fonunda yarışı daha maraqlı edər. Uzun müddət Azərbaycanda Formula 1 yarışlarının keçirilməsi planlaşdırılırsa, şəhərin mərkəzində təşkil etmək praktik deyil. Şəhərin içi onsuz da tıxaclıdır və iş saatlarında insanlar bu vəziyyətdən ciddi əziyyət çəkirlər. Buna görə alternativ ərazilərdə yarışların keçirilməsi həm logistika, həm də əhali üçün daha məqsədəuyğun olardı", - deyə Adil Nəbiyev yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Seçilən
7
1
redaktor.az

2Mənbələr