Idman.biz saytından verilən məlumata görə, ain.az xəbər verir.
Azərbaycan yığmasının sabiq müdafiəçisi Vurğun Hüseynovun Futbolinfo.az-a müsahibəsi
– Millimizin İslandiyaya ağır məğlubiyyətdən (0:5) sonra Ukraynadan xal alacağını (1:1) gözləyirdiniz? Komandamızın bu görüşdəki çıxışını necə dəyərləndirirsiniz?
– Açığı, ağır məğlubiyyətdən sonra Ukraynaya qarşı evdəki oyunda komandamızın hansısa yaxşı nəticəsinə ümid etmirdim. Futbolçular sağ olsunlar ki, 90 dəqiqə mükəmməl mübarizə apardılar və xal qazandılar.
– Fernandu Santuşun istefaya göndərilməsindən sonra müvəqqəti baş məşqçi təyin olunan Ayxan Abbasov bir günün içində nəyi dəyişdi ki, Ukrayna ilə görüşdə uğurlu nəticə qeydə alındı?
– Ayxan müəllim təcrübəli məşqçidir, futbolçuları oyuna necə kökləmək lazım olduğunu yaxşı bilir. Görünən odur ki, bir günün içində futbolçuları Ukrayna ilə matça çox yaxşı hazırlayıb. Qeydə alınan uğurlu nəticədə Ayxan müəllimin böyük əməyinin olduğunu qeyd edərdim.
– Siz də vaxtilə müdafiəçi olmusunuz. Komandamızın Ukrayna ilə görüşdə kompakt müdafiə olunmasını bəyəndinizmi? Müdafiəçilərdən kimin çıxışı daha çox xoşunuza gəldi?
– Təkcə müdafiəçiləri qeyd etmək düz olmaz. Çünki komanda şəklində hər kəs meydanda mübarizə apardı. Hər birinə alqış düşür.
– Çalışdığınız “Sumqayıt” klubundan millidə çıxış edən oyunçuların performansını necə dəyərləndirirsiniz?
– Bildiyiniz kimi, Rüstəm Əhmədzadə matça bir gün qalmış milliyə dəvət aldı. Onun üçün nə qədər çətin olsa da, meydanda yaxşı mübarizə aparan futbolçulardan biri idi. Daha yaxşısını edə biləcək potensialda olan futbolçudur. Səbuhi Abdullazadəyə gəlincə, o da həm bizim, həm də milli üçün önəmli oyunçudur. Ukrayna ilə görüşdə ehtiyatdan oyuna çox yaxşı qoşuldu. Şəxsən mən hər ikisindən razı qaldım.
– Sizcə, Ayxan Abbasovun bundan sonra da əsas millini çalışdırması ən doğru qərar olarmı? Yoxsa başqa məşqçini bu posta daha layiqli namizəd hesab edirsiniz?
– Mən çox istəyərəm ki, millimizi yerli məşqçi çalışdırsın. Ad çəkmək istəmirəm. Yığmaya rəhbərlik etməyə qadir məşqçilərimiz var. Ayxan müəllim də özünü sübut etmiş mütəxəssislərimizdəndir. Ona da şans verilsə, layiqincə öhdəsindən gələcək.
– Qrupun ən güclü komandası ilə hələ qarşılaşmamışıq. Fransa ilə matçdan gözləntiniz nədir?
– Fransa yığması həddən artıq güclü komandadır. Onlara qarşı oynamaq çox çətindir. Buna baxmayaraq, Fransa millisinə də qarşı yaxşı mübarizə aparmalıyıq.
İdman.biz
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.