AZ

Uşağın ağız qoxusu daxili xəstəlikdən ola bilər - Mütəxəssis rəyi

Uşaqlarda pis ağız gigiyenası, karies, diş əti iltihabı, tüpürcəyin miqdarının azalması (quru ağız) halitoza səbəb olur.

Ölkə.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssisi, Azərbaycan Tibb Universitetinin həkim-stomatoloqu Güney Həsənova izah edib.

O bildirib ki, uşaqlarda qastrit, tonzillit (angina) kimi xroniki xəstəliklər ağızdan qoxunun gəlməsinə səbəb ola bilər:

"Sarımsaq, soğan və bəzi ədviyyatların çox qəbulu halitoza səbəb olur. Əgər uşaq ortodontik aparat istifadə edirsə, onların yaxşı təmizlənməməsi də halitoz yaradır. Pəhrizə də diqqət edilməli, şirin, turş və ədviyyatlı qidaları nəzarətdə saxlamalıdır. Əgər qoxu keçmirsə, bu zaman mütləq diş həkiminə müraciət etməlidir".

Həkim-stomatoloq eyni zamanda uşaqların dişlərini qıcamasının (bruksizm) qurd xəstəliyinin əlaməti olmadığına da diqqət çəkib:

"Bu, 3-6 yaş aralığında olan uşaqlarda normaldır. Uşaq ağız və çənə sistemini bir-birinə uyğunlaşdırmağa çalışır. Bu, süd dişləri olan zaman təbii və keçici haldır. 10 yaşından sonra bu hal davam edirsə, stomatoloqa müraciət etmək lazımdır. Gecə taxmaq üçün nəzərdə tutulan xüsusi aparatlar bu dövrdə lazım deyil. Valideynlər uşağı müşahidə etməli, amma narahat olmamalıdır. Əgər bu vəziyyət daimi dişlər çıxdıqdan sonra da davam edirsə, stomatoloqa müraciət etmək məsləhətdir. Həmçinin, uşaqda stres, yuxu pozuntusu və ya gündəlik gərginlik hiss olunursa, uşaq psixoloqu ilə məsləhətləşmək faydalı ola bilər".

Seçilən
30
3
olke.az

4Mənbələr