Nepalın paytaxtı Katmanduda davam edən etirazlardan sonra komendant saatı tətbiq olunub.
Axar.az xəbər verir ki, bu barədə “Röyters“ məlumat yayaıb.
Bildirilib ki, davam edən qanlı etirazlardan sonra hazırda əsgərlər ölkə parlamentini qoruyur, paytaxt küçələrində patrul xidmətini davam etdirir.
Qeyd edək ki, Nepalda zorakılıqla müşayiət olunan küçə etirazları ötən həftə elan edilmiş sosial media qadağasından sonra başlayıb. Bir neçə gün davam edən və qan tökülməsi ilə nəticələnən etirazlardan sonra Baş nazir istefa verib.
25 nəfərin öldüyü, 500-dən çox insanın yaralandığı etirazlardan sonra sosial mediaya qoyulan qadağa ləğv edilib.
Xatırladaq ki, Nepalda hökumətin Feysbuk, X və Yutub daxil olmaqla 26 sosial media platformasını bloklamaq qərarına görə, etirazçılarla polis toqquşub.