Sentyabrın 9-da Nepalı bürüyən kütləvi iğtişaşlardan sonra ən azı 7557 məhbus ölkə həbsxanalarından qaçıb.
Axar.az xəbər verir ki, bu barədə ölkənin "Republica" qəzeti mənbəyə istinadən məlumat yayıb.
Qeyd olunub ki, 13 islah müəssisəsindən məhbuslar qaçıblar. Qaçan cinayətkarların tutulması üçün ölkə üzrə hüquq-mühafizə orqanlarının və silahlı qüvvələrin bölmələri yerləşdirilib. Səlahiyyətlilər vətəndaşları ehtiyatlı olmağa və hər hansı şübhəli hallar barədə məlumat verməyə çağırıblar.
Xatırladaq ki, daha əvvəl Mahottari rayonundakı Caleşvar həbsxanasından 570-dən çox məhbusun qaçdığı bildirilib. Məlumata görə, həmçinin ən azı 1500 nəfərin saxlandığı Lalitpur şəhərindəki həbsxananın bütün məhbusları da qaçıblar. Bundan əlavə, Nepalın cənubundakı Navalparasi rayonunun qərb hissəsində yerləşən rayon həbsxanasından 500-dən çox məhbusun və mərkəzi Pokhara şəhərindəki cəzaçəkmə müəssisəsindən 900-ə yaxın cinayətkarın qaçdığı bildirilir.
Qeyd edək ki, sentyabrın 9-da etirazçılar ölkənin onların nəzarətinə keçdiyini bəyan edərək, yeni hökumətin formalaşdırılmasına və seçki keçirilməsinə çağırıblar. Nepalda etirazçılar Katmandu meri Balendra Şahın baş nazir səlahiyyətlərinin icraçısı təyin olunmasını tələb ediblər.
Hökumət əleyhinə aksiyaların etirazçıları baş nazirin, ölkə Prezidenti Ram Çandra Paudelin və bir neçə başqa siyasətçinin Balkot şəhərində şəxsi iqamətgahlarını yandırıblar. Etirazçılar, həmçinin parlament binasını və Nepalın əsas inzibati kompleksini, ölkə hökumətinin və bir çox nazirliklərin yerləşdiyi Sinqha Durbar sarayını ələ keçirərək yandırıblar.