AZ

Səhiyyə Nazirliyi xəbərdarlıq edir: Uşağın ağız qoxusu daxili xəstəlikdən ola bilər

Səhiyyə Nazirliyinin rəsmi “İnstagram” hesabında canlı yayımda çıxış edən Azərbaycan Tibb Universiteti Tədris Stomatoloji Klinikasının həkim-stomatoloqu Güney Həsənova uşaqlarda ağız qoxusunun (halitoz) səbəblərini və onunla necə məşğul olmağı izah edib.

Musavat.com xəbər verir ki, onun sözlərinə görə, pis ağız gigiyenası, karies, diş əti iltihabı, tüpürcəyin miqdarının azalması (quru ağız) halitoza səbəb olur:

“Həmçinin, uşaqlarda qastrit, tonzillit (angina) kimi xroniki xəstəliklər ağızdan qoxunun gəlməsinə səbəb ola bilər. Sarımsaq, soğan və bəzi ədviyyatların çox qəbulu halitoza səbəb olur. Əgər uşaq ortodontik aparat istifadə edirsə, onların yaxşı təmizlənməməsi də halitoz yaradır”.

Stomatoloq bildirib ki, ilkin olaraq valideyn uşağın dişlərinin gündə 2 dəfə fırçalamasına və dilinin də təmizləməsinə nəzarət etməlidir:

“Bundan əlavə, pəhrizə də diqqət edilməli, şirin, turş və ədviyyatlı qidaları nəzarətdə saxlamalıdır. Əgər qoxu keçmirsə, bu zaman mütləq diş həkiminə müraciət etməlidir. Diş həkimi əvvəlcə gigiyenik təmizləmə və kariyes müalicəsi aparacaq. Əgər problem davam edərsə, qan analizləri, mədə və boğazın müayinəsi üçün mütəxəssisə yönləndirəcək”.
G.Həsənova sonda qeyd edib ki, pis qoxu çox zaman sadə səbəblərə bağlı olur və asanlıqla aradan qalxır: “Əsas odur ki, valideynlər diqqətli olsun və erkən müdaxilə etsinlər”.

Seçilən
42
6
musavat.com

7Mənbələr