AZ

“Hər bir nəfs ölümü dadacaq”... Sonsuza kimi yaşamaq arzusunda olanlar üçün ölümsüzlük varmı?

Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.

Son zamanlar dünyanın ən zəngin insanları müxtəlif elmi layihələrə sərmayə qoyaraq ölümsüzlük axtarırlar. Texnologiya, genetika, süni orqan köçürülməsi kimi yollarla ömrü uzatmaq və ya əbədi yaşamaq arzusu gündəmə gətirilir. Halbuki dinimiz bu mövzuda çox açıq mövqe ortaya qoyur. Quran-i Kərimdə Allah təala belə buyurur: “Hər bir nəfs ölümü dadacaqdır” (Ali-İmran, 185). Bu hökm ümumidir, nə varlıya, nə kasıba, nə alimə, nə cahilə fərq qoymur. Ölüm hər kəsin qarşısında duran qaçılmaz həqiqətdir. Quranda başqa bir yerdə belə deyilir: “Harada olsanız olun, hətta möhkəm qalalarda da gizlənsəniz, ölüm sizi tapacaq” (Nisa, 78). Bu ayələr göstərir ki, ölümdən qaçış mümkün deyil və dünyanın heç bir gücü insanı ondan xilas edə bilməz.

Peyğəmbərimiz (s) də dünyaya bağlılığın insana necə ağır nəticələr gətirəcəyini də xatırladaraq buyurmuşdur: “Dünyada qərib və ya yolçu kimi yaşa” (Buxari, Rikak, 3). Başqa bir hədisdə isə belə deyilir: “Qəbrləri ziyarət edin, çünki o sizə axirəti xatırladır” (Müslim, Cənazə, 106). Bu hədislər göstərir ki, insan ölümsüzlüyü dünyada yox, axirətdə axtarmalıdır. Dünyadakı ömrün uzadılması mümkündür, amma heç vaxt sonsuz deyil. Əbədi həyat yalnız axirətdə, Allahın izni ilədir.

Alimlərin icmasına görə, ölümsüzlük arzusu Allahın qanununa qarşı çıxmaqdır. İbn Kəsir, Təfsirində qeyd edir ki, “Hər nəfs ölümü dadacaqdır” ayəsi bütün bəşəriyyəti əhatə edir və heç bir kəs bundan kənarda qala bilməz. İmam Qurtubi isə izah edir ki, insanın dünyada ölümsüzlük arzulaması Adəmin ilk sınağını xatırladır – o da Cənnətdə əbədi həyat üçün qadağan olunmuş meyvəyə yaxınlaşmışdı. Bu isə göstərir ki, ölümsüzlüyə aldanmaq şeytanın ən qədim vəsvəsəsidir.

Həqiqi ölümsüzlük nə var-dövlətdə, nə də texnologiyada deyil. Quranda buyurulur: “Kim iman gətirib saleh əməl etsə, Biz ona gözəl bir həyat bəxş edəcəyik və axirətdə mükafatını daha gözəl şəkildə verəcəyik” (Nəhl, 97). İnsanın adı, izi, əməli dünyada qalar, amma özü axirətdə əbədi həyata qovuşar. Əsl ölümsüzlük Allahın razılığına nail olmaq, Cənnət nemətlərinə çatmaqdır. Buna görə də zənginlərin bu yolda sərf etdiyi sərvət mənasız bir sərfiyyatdır. Hər bir mömin bilməlidir ki, əbədi həyatın açarı iman, ibadət və xeyirli əməllərdədir.

Şəriət mətnlərində də gəlib ki, bütün canlıları öldürən Ölüm Mələyidir. Sonda Ölüm mələyi belə öləcəkdir. Elm və texnika nə qədər inkişaf etsə də, Allahın qoyduğu nizama qarışa bilmir. Qocalmanın və ölmənin qarşısını heç cür almaq mümkün deyil. Sadəcə pulu çox olan bəzi insanlar özlərini aldadırlar. Əcəli, ölüm vaxtı gələn hər kəs mütləq öləcəkdir. Quranda bununla bağlı o qədər misallar verilib ki, yazmaqla bitirmək olmaz.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
16
bizimyol.info

1Mənbələr