Vüqar Dadaşov: “Rusiya ancaq işğalçılıq prinsipinə əsaslanan siyasət yürüdüb”
ABŞ Prezidenti Donald Tramp Rusiyanı yeni sanksiyalarla təhdid etdiyi vaxt Vaşinqton və Moskvanın pərdə arxasında razılaşmalar əldə etdiyinə dair məlumatlar yayılıb. Rusiya danışıqlar zamanı sanksiyaların yumlaşdılması qarşılığında ABŞ-la enerji sektorunda əməkdaşlığa hazır olduğunu bildirib. AB-yə yaxınlığı ilə tanınan “EU Observer” nəşrinin əldə etdiyi məlumatlara görə, bütün dünyanın diqqəti Rusiya və Ukrayna arasında sülh prosesinə kökləndiyi vaxt Moskva və Vaşinqton pərdə arxasında ticarət sövdələşmələrini müzakirə edir. Avropanın dilomatik mənbələri pərdəarxası müzakirələrin avqust ayında başladığını bildirirlər.
Qapalı görüşlərdə ABŞ-ın ən böyük neft şirkəti olan “Exxon Mobil”in 2022-ci ildə çəkildiyi “Saxalin-1” neft və qaz layihəsinə qayıtması müzakirə edilir. ABŞ şirkətin 4 milyard avroluq səhmlərinin Rusiya tərəfindən nəzarətə götürülməsinə göz yumaraq, Moskvanı anlaşmaya sövq etmək istəyir. Bununla yanaşı, Rusiyanın sanksiyalara məruz qalan “Arktik LNG 2” kimi təbii qaz layihələrində amerikalı şirkətlərin iştirakı, rus istehsalı olan buzqıranların ABŞ tərəfindən satın alınması, bu istiqamətdə ortaq investisiyaların qoyulması da müzakirə mövzularındandır. Bu məsələlər Tramp və Putinin Alyaska görüşündə müzakirə edilib. Trampın bir tərəfdən Rusiyanı sanksiyalarla təhdid etməsi, digər tərəfdən Moskva ilə pərdəarxası razılaşmaları müzakirə etməsi Avropada qəzəblə qarşılanıb.
Nəşrin əldə etdiyi məlumata görə, ABŞ-ın hədəfi Çinin Rusiya üzərindəki enerji və texnoloji təsirini azaltmaqdır. Xüsusilə maraqların toqquşduğu Arktikadakı strateji LNG layihələrində Amerika texnologiyasının tətbiqinə nail olmaq və ABŞ-ın qlobal enerji rəqabətində üstünlüyünü təmin etəməkdir.
Avropalı diplomatlar hesab edirlər ki, Rusiya ilə pərdəarxası danışıqlar aparan ABŞ Avropa İttifaqını aldadır.
Bu arada ABŞ prezidenti Donald Tramp “77 WABC” radiosuna müsahibəsində deyib ki, mən daha əvvəl Rusiyanın Ukraynaya qarşı müharibəsini tez bir zamanda bitirə biləcəyimə inanırdım. Ancaq məlum oldu ki, bunu etmək o qədər də asan deyil. ABŞ prezidenti bir daha bəyan edib ki, ikinci prezidentlik müddəti başlayandan bəri, o, yeddi müharibəni bitirə bilib. Onun sözlərinə görə, bu müharibələrdən bəzilərinin ömrü 30 ildən çox olub. Tramp etiraf edib ki, o, əvvəllər Vladimir Putinlə yaxşı anlaşdığı üçün Rusiyanın Ukraynaya qarşı müharibəsini həll etməyin onun üçün çox asan olacağına inanırdı.
Tramp bildirib ki, o sülhün çox yaxın olduğunu düşünməyə başlayanda Putin Ukraynaya raket və dronlarla hücum edir. "Əslində çox təəccüblənirəm. Mən dedim ki, bu iş kifayət qədər tez həll olunacaq. Amma bu, mürəkkəbdir. Putinlə Zelenski arasında böyük nifrət var. Bildiyiniz kimi, böyük düşmənçilik var və çoxlu qan tökülüb", - Tramp deyib. O, həmçinin əlavə edib ki, Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə hər həftə 5-7 min insan ölür.
Mövzu ilə bağlı qəzetimizə danışan politoloq Vüqar Dadaşov deyib ki, Rusiya dövlət olaraq, inkişaf prosesində ancaq işğalçılıq prinsipinə əsaslanan siyasət yürüdüb. İşğalçılıq, imperialist idealgiya rus dövlətinin mövcudluq formasıdır. Yəni, Rusiya, işğalçılıqla mövcudluğunu təmin edir. Rusiya bu gün də siyasətini davam etdirir. Ancaq, Rusiya–Ukrayna müharibəsi əslində Rusiyanın məcburi cəlb edildiyi müharibədir. İnkar etmək olmaz ki, Rusiyanın Ukraynaya hücumunun əsas səbəbi məhz Qərbin, ABŞ-ın Rusiyanı bu müharibəyə məqsədli təhrik etməsidir. Plan ondan ibarət idi ki, Rusiya Ukrayna cəbhəsində uzunmüddətli müharibəyə cəlb olunsun və Rusiya Əfqanıstanda olduğu kimi hərbi bataqlığa düşsün və ABŞ-ın strateji planlarının icrası mümkün olsun: “1990-ci il SSRİ və ABŞ arasında razılaşmaya əsasən, NATO-nun Şərqə doğru genişlənməməsi öhdəliyinə zidd olaraq, ABŞ hətta Ukrayna vasitəsi ilə Rusiya sərhədlərinə tərəf genişlənməyə başladı. Rusiyanı öz mahiyyətindən istifadə etməklə istəmədiyi bir müharibəyə cəlb etmək o qədər də çətin olmadı. ABŞ-ın da strateji planı ondan ibarət idi: Rusiya bu müharibəyə cəlb olunsun və ilkin mərhələdə plan baş tutdu. Ancaq, prosesdə müharibə ABŞ üçün gözlənilməz nəticələr verdi. Rusiya Ukraynanın daxilinə doğru irəliləmək əvəzinə, hədəfi dəyişərək, sərhədləri boyu müəyyən əraziləri tutmaqla orada möhkəmlənməyə başladı. Beləliklə, ABŞ-ın Rusiya üçün hesabladığı bataqlıq müharibəsi bir növ müdafiə xarakteri aldı. ABŞ Rusiyanı zəiflətmək əvəzinə demək olar ki, yeni güc mərkəzinin yaranmasına təkan vermiş oldu. Birqütblü dünyanın formalaşmasına çalışan ABŞ əksinə, Çin - Rusiya yaxınlaşmasına səbəb olaraq, real güc mərkəzini önə çıxardı. Məsələ budur ki, Rusiya minlərlə iqtisadi sanksiyalar səbəbindən məcburən Çinlə iqtisadi və hərbi yaxınlaşmanı gücləndirməyə məcbur oldu və bu ittifaq daha da genişləndi. Şimali Koreya və digər ölkələr də bu birlikdə, reallıqda Çin ətrafında birləşməyə başladı. Proses Amerikanın istəmədiyi bir istiqamətdə inkişaf etdi. Rusiya - Ukrayna müharibəsindən ən çox iqtisadi xeyir görən tərəf ABŞ olsa da, əslində strateji baxımdan əsl udan tərəf Çin oldu. Çin bu müharibə səbəbindən Rusiyanı öz təsir dairəsinə çəkdi və iqtisadiyyatını özünə bağladı və özündən asılı vəziyyətə saldı. Plan Çinin uzunmüddətli böyük strateji hədəflərinə hesablanıb”.
O, qeyd edib ki, Rusiya - Çin münasibəti hərbi müttəfiqlik kimi təqdim edilsə də, əslində isə tamamilə Çinin strateji maraqlarına xidmət edir. Belə ki, dünyanın ən çox əhalisindən olan Çinin, dünyanın ən böyük ərazisi və qonşusu olan Rusiyada maraqları təmin olunmağa yaxınlaşır. Əhali artımı fonunda Rusiyanın ərazilərinin əhəmiyyətli hissəsinin müxtəlif formalarda Çinin nəzarətinə keçməsi ehtimalı yüksəlir. Bu isə ABŞ-ın qəti istəmədiyi bir ssenaridir. Əslində, ABŞ-ın Ukrayna–Rusiya müharibəsində Rusiyanın tamamilə məğlub edilməsinin uzadılmasının səbəbi də məhz Çin faktorudur.
Rusiya məğlub edilsə Çinin Rusiya əraziləri ilə bağlı strateji hədəfləri reallaşa bilər. ABŞ isə buna yol vermək niyyətində deyil. Bu səbəbdən də atəşkəsin əldə edilməsi, həmçinin Kremldə hakimiyyət dəyişikliyi Rusiyanı Çindən qoparmaq üçün düşünülür. Trampın müharibəni dayandırmaq canfəşanlığının əsl səbəbi budur. Çin isə əksinə Rusiya - Ukrayna müharibəsinin davamına maraqlıdır və Rusiyaya təsir edir: “Düzdür, Rusiya–Ukrayna müharibəsinə Trumpın Putinlə Alyaskadakı görüşündən sonra münasibətinin dəyişməsi, Ukraynanın Rusiya qarşı əhəmiyyətli hücumlarına, genişlənməsinə bir təkan olsa da, bütövlükdə ABŞ-ın məsələyə yanaşma tərzinin dəyişməsi demək deyil. Üç ildən çox davam edən Rusiya–Ukrayna müharibəsi Ukraynanı sovet dövründə malik olduğu hərbi, elmi-texniki və hətta nüvə potensialını bərpa etməyə, təkmilləşdirməyə məcbur edib. Tramp və Zelenski arasında qeyri normal münasibət məhz müharibəyə baxış bucağından qaynaqlanır. Ancaq, ABŞ gedən qlobal prosesdə Çini əngəlləmək üçün Rusiya Ukrayna müharibəsini dayandırmaq üçün cəhdlərini davam etdirəcək”.
Cavid