AZ

"Aeropotdan sərnişindaşıma xidmətinin yalnız bir taksi şirkətinə verilməsi yolverilməzdir"

Aeropotdan taksi vasitəsilə sərnişindaşıma xidmətinin yalnız bir taksi operatoruna, xüsusilə də dövlətə məxsus şirkətə icazə verilməsi faktiki olaraq inhisarçılıqdır.

Azreform.info xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Odsman Gündüz qeyd edib. O bu addımın bahalaşmaya səbəb olacağını söyləyib:

“Hava limanından şəhər istiqamətinə taksilə sərnişindaşımada yalnız dövlətə məxsus "Bakı taksi xidməti" şirkətinə icazə veriləcəyi haqqında məlumatlar yayılıb. Bununla bağlı AZAL-ın anlaşılmaz bir açıqlamasına istinad olunur.

Yəni sərnişinlər və yola salanlar “Bolt” və ya “Yango” ilə Heydər Əliyev Beynəlxalq Aeroportuna gələ bilərlər, amma dönüş mütləq dövlətə məxsus taksiylə olacaq. Absurd bir qərardır.

Düşünürəm ki, aeropotdan taksi vasitəsilə sərnişindaşıma xidmətinin yalnız bir taksi operatoruna, xüsusilə də dövlətə məxsus şirkətə icazə verilməsi faktiki olaraq inhisarçılıqdır. 

Bu addım sərnişinlərin seçim azadlığını əlindən alır. Düşünmək olar ki, bunun da nəticəsində mütləq uzun növbələr, baha qiymətlər və xidmət keyfiyyətinin zəifləməsi qaçılmaz olacaq .

Rəqabətə tab gətirməyən bir dövlət şirkətinə süni vasitələrlə üstün hüquqlar, hökmran mövqe verilməsi yolverilməzdir”.

O.Gündüz bu vəziyyətin Rəqabət Məcəlləsinin tələblərinə zidd olduğunu söyləyib:

“Taksi bazarında vətəndaşların qanuni mənafelərinin və hüquqlarının pozulmasına gətirib çıxaran və rəqabətsiz mühitin formalaşmasına səbəb olan hərəkətlər Rəqabət Məcəlləsinin tələblərinə ziddir.

Ümid edirəm hava limanı administrasiyasının taksi bazarındakı məhdudlaşdırıcı qərarları Antiinhisarın diqqətini cəlb edəcək.

Xatırladıram ki əvvəllər İqtisadiyyat Nazirliyi tabeliyində olan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi artıq birbaşa Prezidentə tabedir”.

Billurə

Seçilən
15
5
azreform.info

6Mənbələr