Fatimə Hacıbəyli: “İctimai qınaq elə yaradılmalıdır ki, bu, əhalinin xeyrinə işləyib insanlara normal toy etmək istəyini aşılasın”
Azərbaycanda toy adətləri mədəniyyətimizin tərkib hissəsini təşkil edir. Minilliklər boyu bu ənənələr Azərbaycanın müxtəlif tarixi bölgələrində inkişaf edərək vahid və zəngin bir ənənə sisteminə çevrilib.
Toy deyərkən göz önünə iki gəncin ən xoşbəxt günündə onlarla bu sevinci paylaşmaq gəlir. Ancaq bu gün toy edən ailələrə “toy tutulur”.
Toy edən ailələrə “toy tutan” toylar barədə ictimai xadimlər, ziyalılar xalqa müraciət edib toyları boykota çağırsalar da, vəziyyət daha da ciddiləşir, israfçılıq baş alıb gedir. Məlumdur ki, yas yerlərində israfçılığın qarşısını almaq məqsədilə tədbirlər həyata keçirilir. Bölgələrdə dəbdəbəli ehsan süfrələri yığışdırılır, onun yerinə çay və halva verilir. Bu hal yas sahibini izafi xərcdən azad edir. Ancaq toylarda isə vəziyyət günü-gündən pisləşir. Həm toy edən şəxslərin istəklərinin gerçəkləşməsi, həm də şadlıq evlərinin soyğunçu siyasəti toy sahibini daha da çıxılmaz vəziyyətə salır.
“Əldən gedən milli-mənəvi, dini, mədəni-tarixi varlığı, habelə, normal insani münasibətləri qoruyub saxlamaq üçün həyəcan təbili çalınmalıdır”
Sosioloq Fatimə Hacıbəyli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, son zamanlar Azərbaycanda keçirilən toy mərasimləri milli və insani dəyərlərdən uzaq düşüb: “Bu gün keçirilən toyların tək məqsədi israfçılıqdır. Toy mərasimləri artıq ailə institutuna dəstək yox, zərbə vurur.
Hazırda yaranmış acınacaqlı vəziyyətdə bu problemi tək maarifləndirmə yolu ilə həll etmək mümkün deyil. Şadlıq sarayları şəbəkəsinin arxasında dayanan qüvvələrin belə xoşagəlməz prosesləri mafioz hərəkatla qoruyub saxlaması maarifləndirməni nəticəsiz qoyur. Ona görə də Azərbaycanda bu sahədə inzibati metodlara ilk növbədə ehtiyac duyulur. İctimai qınaq elə yaradılmalıdır ki, bu, əhalinin xeyrinə işləyib insanlara normal toy etmək istəyini aşılasın. Hazırda isə ictimai qınaq tam əksinədir. Belə ki, sadə toy etmək istəyənlər cəmiyyət tərəfindən qınaq və lağ obyektinə çevrilir. Qohum olan iki tərəfdən birinin sadə toy arzusunu əks tərəf kasıblıq kimi anlayıb maddi yardım təklif edir. Başqa ölkələrin təcrübəsinə arxalanaraq, toy məclislərinin keçirilməsində sadəlik anlayışının təbliğatına çalışmalıyıq. Burada televiziyanın, sosial şəbəkələrin rolu danılmazdır. Lakin televiziya şou biznes nümayəndələrinə bazar qurub, onları təbliğ etməklə məşğuldur. Ona görə bu məsələnin tənzim edilməsində inzibati müdaxiləyə böyük ehtiyac var.
Məlumat üçün deyim ki, bir çox ölkələrdə dəbdəbəli toylar qanunla qadağan olunub. Dəbdəbəli və israfçılıqla müşayiət olunan toy mərasimləri dünyanın müxtəlif ölkələrində də sosial, iqtisadi və mədəni narahatlıq doğuran bir məsələyə çevrilib. Qanunu pozan şəxsləri isə cərimələr və digər inzibati cəzalar gözləyir”.
Həmsöhbətimiz hesab edir ki, artıq əldən gedən milli-mənəvi, dini, mədəni-tarixi varlığı, habelə, normal insani münasibətləri qoruyub saxlamaq üçün həyəcan təbili çalınmalıdır.
Günel CƏLİLOVA