AZ

Ayjan Beiseyeva: Mərkəzi Asiya və Qafqaz qadınları Orta Dəhlizdə ticarət və logistikanın inkişafı üçün birləşirlər - MÜSAHİBƏ

Bakı, 9 sentyabr, AZƏRTAC

Bakıda nəqliyyat, logistika və ticarət sahəsində çalışan Mərkəzi Asiya və Qafqaz qadınlarını birləşdirən “Qadınlar ticarət və logistikada” (Women in TLP) Assosiasiyasının regional strukturunun təqdimatı keçirilib. Bununla bağlı “Women in TLP”nin Mərkəzi Asiya və Qafqaz üzrə regional strukturunun sədri Ayjan Beiseyeva AZƏRTAC-a müsahibə verib.

– Xanım Beiseyeva, “Women in TLP” təşəbbüsü necə yarandı?

– Bu təşəbbüs regionun beş ölkəsi – Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın daxil olduğu Mərkəzi Asiyada Nəqliyyat və Logistika üzrə Tərəfdaşlıq çərçivəsində yarandı. Demək olar ki, on ildir biz bu ölkələrin hökumətləri ilə dövlət–özəl dialoq mexanizmi vasitəsilə fəal işləyirik, biznesə həll yollarını tapmaqda dəstək oluruq.

Son iki-üç ildə tərəfdaşlığımızın qadınlar hissəsi xeyli fəallaşıb. Təchizat zəncirlərində çalışan qadınlara dəstək göstərməyə təbii ehtiyac yarandı. Bu xüsusilə Orta Dəhlizdən (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu – TBNM) fəal istifadə fonunda daha da aktuallaşdı.

– Yeni əməkdaşlıq mərhələsində hansı hədəfləri qarşıya qoyursunuz?

– Məqsədimiz Mərkəzi Asiya və Qafqaz qadınlarını birləşdirəcək, təcrübə mübadiləsinə və ümumi problemlərin çevik həllinə imkan verəcək ümumi bir platforma yaratmaqdır. Əvvəllər müəyyən əlaqələr olsa da, onlar pərakəndə idi. İndi isə biz daha yüksəksəviyyəli qarşılıqlı fəaliyyətə çıxmaq istəyirik.

Biz TLP üzvü olan qadınlar arasında araşdırma apardıq ki, onların hansı məsələlərdən narahat olduqlarını, nəyə ehtiyac duyduqlarını öyrənək. Bunun əsasında strategiya hazırlanıb. Bu gün Bakıda baş verənlər tarixi əhəmiyyət daşıyır, axı bizə Azərbaycan və Gürcüstan da qoşuldu. Əminəm ki, bu, Orta Dəhliz boyunca nəqliyyat, logistika və ticarət məsələlərinin daha səmərəli həllinə, həmçinin Avropa İttifaqı bazarlarına çıxış imkanlarının genişlənməsinə töhfə verəcək.

– “Women in TLP”nin növbəti planları nədən ibarətdir?

– Növbəti addım Azərbaycanda və Gürcüstanda qadınlar arasında oxşar araşdırma aparmaq olacaq ki, onların ehtiyaclarını və gözləntilərini müəyyənləşdirək. Biz anlayırıq ki, əsas istiqamətlər potensialın artırılması, avtomobil daşımalarının dəstəklənməsi və multimodal marşrutların – dəmir yolu, hava və dəniz daşımalarının inkişafı olacaq.

Bundan başqa, operativ və etibarlı informasiyaya çıxış xüsusi əhəmiyyət kəsb edir. “Women in TLP” platforması qanunvericilikdən başlayaraq Avropa İttifaqına çıxışa qədər B2B əlaqələri, networking, etibarlı tərəfdaşların axtarışı, yeni bazarların öyrənilməsi üçün imkan yaradacaq.

– Bakıdakı təqdimatın region üçün əhəmiyyətini necə qiymətləndirirsiniz?

– Biz Bakını mühüm birləşmə nöqtəsi kimi görürük. Buradan əməkdaşlığın yeni mərhələsi başlanır. Bu mərhələdə Mərkəzi Asiya və Qafqaz qadınları Orta Dəhliz üzrə ticarət-logistika əlaqələrinin inkişafına mühüm töhfə verə biləcəklər.

Seçilən
21
azertag.az

1Mənbələr