AZ

“Evro İnşaat” şirkətinin pulunu mənimsəyən satış təmsilçisinə hökm oxundu

Şəmkir Rayon Məhkəməsində mənimsəmədə təqsirləndirilən Elşən Məmmədzadənin (soyadı şərtidir) barəsindəki cinayət işi üzrə məhkəmə iclası yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Həvayət Məhəmmədinin sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.
 

Məhkəmənin hökmü ilə Elşən Məmmədzadə 3 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.


İttiham aktına əsasən, Elşən Məmmədzadə 2022-ci ildə zərərçəkmiş “Evro İnşaat” MMC ilə bağladığı müqaviləyə uyğun olaraq satış təmsilçisi vəzifəsində çalışıb. O, təhkim olunduğu rayonlardan sifarişləri toplayaraq şirkətin mərkəzi uçot şöbəsinə göndərməli, müştərilərə çatdırılmış tikinti materiallarının pulunu isə yığaraq tam şəkildə şirkətin xəzinəsinə təqdim etməli olub.


Lakin təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə edərək öhdəsinə düşən vəsaitin bir hissəsini qanunsuz olaraq mənimsəyib.


Belə ki, 2023-cü ilin fevral ayından etibarən Elşənə etibar edilmiş və satış üçün ayrılmış tikinti materiallarının satışından əldə olunmuş ümumilikdə 103 093,91 manat məbləğində pul vəsaitindən yalnız 62 775,92 manatını şirkətin xəzinəsinə ödəyib, 27 250,92 manatlıq materialı geri qaytarıb, qalan 13 067,07 manatı isə şəxsi məqsədlərinə sərf edib.


Nəticədə, təqsirləndirilən şəxs hissə-hissə və müxtəlif vaxtlarda pulu mənimsəyərək “Evro İnşaat” MMC-yə xeyli miqdarda maddi ziyan vurub.

 

Kamal Məmmədov 

Tarix: 10 Sentyabr 2025, 09:10   
Seçilən
12
pravda.az

1Mənbələr