AZ

Quruculuq işləri Qarabağa firavan həyat gətirir

Ölkəmizin ərazi bütövlüyünün bərpa olunması xalqımızın çoxəsrlik tarixində olduqca mühüm yer tutur. Dövlət sərhədlərini bərpa edən Azərbaycan xalqı hərbi və diplomatik sahədə ən böyük uğura nail oldu. Arzular, istəklər həyata keçdi, xəyallar gerçəkləşdi. Bizi Zəfərə qovuşduran Vətən müharibəsi qəhrəmanlıq tariximizə böyük hərflərlə yazıldı. 

Şanlı Azərbaycan Ordusu Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin sərkərdəliyi altında 30 ilə yaxın erməni işğalında qalmış torpaqlarımızı azad etdi. Qarabağ və Şərqi Zəngəzur düşmənlərdən təmizlənəndən sonra dövlətimizin başçısının tapşırığı ilə qısa müddət ərzində həmin ərazilərdə quruculuq işlərinə başlanıldı.

Hazırda da quruculuq işləri sürətlə davam edir, bir an olsun belə dayandırılmır. Keçmiş məcburi köçkünlərin doğma ocaqlarına qayıdışı üçün dövlətimiz tərəfindən genişmiqyaslı işlər görülür, müvafiq layihə və proqramlar həyata keçirilir. Artıq keçmiş köçkünlər Zəngilanda, Cəbrayılda, Füzulidə, Laçında, Kəlbəcərdə, Xocalıda, Şuşada, Ağdərədə və  başqa bölgələrdə yenidən tikilmiş yaşayış məntəqələrinə köçürülürlər. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdış Dövlət Proqramı uğurla həyata keçirilir.

Aparılan böyük quruculuq və bərpa işləri bu gün qəsbkarlardan azad olunmuş və  işğal zamanında düşmən tərəfindən viran qoyulmuş torpaqlarımıza  xoşbəxt, işıqlı bir həyat gətirir. 5 ilə yaxın müddətdə bu ərazilərin sosial-iqtisadi inkişafı ilə bağlı geniş işlər görülüb. Bu işlərə baxdıqca hər bir insanın üzü gülür, ürəyi fərəhlənir. Bütün bunları gördükcə fikirləşirik ki, Azərbaycan xalqı İkinci Qarabağ müharibəsində nümayiş etdirdiyi rəşadəti, igidliyi və hünəri Qarabağda və Şərqi Zəngəzurda geniş vüsət alan bərpa-quruculuq işlərində də göstərir. Bərpa işlərində çalışan insanlar bölgənin inkişafı və tərəqqisi naminə üzərinə düşən bütün işləri bacarıqla, peşəkarlıqla yerinə yetirirlər. 

Bu gün Qarabağda və Şərqi Zəngəzurda aparılan quruculuq işlərinə diqqət yetirdikcə görürük ki, gündən-günə iqtisadi gücünü artıran, regionda söz sahibinə çevrilən dövlətimiz ermənilər tərəfindən vaxtilə doğma ocaqlarından didərgin salınmış keçmiş məcburi köçkünlərin ata-baba yurdlarına qayıtmasını təmin edən uğurlu layihələr həyata keçirir. Artıq keçmiş köçkünlər tikintisi başa çatmış yeni yaşayış məntəqələrinə dönürlər. Yaşayış binaları ilə bərabər ərazilərdə infrastruktur da yaradılır. Doğma ocaqlarına dönmüş və dönəcək keçmiş köçkünlərin iş yerləri ilə təmin olunması məqsədilə sənaye müəssisələri və digər obyektlər tikilərək istifadəyə verilir. İşğaldan azad olunmuş bölgələrdə kənd təsərrüfatı sahəsi də dirçəldilir. Yaşayış məntəqlərini bir-birinə birləşdirəcək yeni yollar çəkilir, körpülər, tunellər tikilir. Görülən bütün bu işlər isə bölgənin inkişafına böyük təkan verir. 

İşğaldan azad olunmuş bölgələrdə yollar, dəmir yol xətləri ilə yanaşı, beynəlxalq hava limanları da tikilərək istifadəyə verilir. Zəngilan, Füzuli və Laçın rayonlarında tikilmiş hava limanları bölgənin inkişafını daha da sürətləndirəcək. Ürəkaçan faktlardan biri də odur ki, erməni işğalından azad olunmuş şəhərlərimiz beynəlxalq səviyyəli tədbirlərə də evsahibliyi edirlər. Artıq Qarabağ dünyanın müxtəlif bölgələrindən gəlmiş çoxsaylı qonaqlar üçün rahat, gözəl bir məkana çevrilib. Musiqi beşiyimiz olan Şuşada, Qarabağın mərkəzi şəhəri olan Xankəndidə keçirilən beynəlxalq səviyyəli tədbirlər dediklərimizə əyani nümunədir. 

Qarabağda və Şərqi Zəngəzurda aparılan quruculuq işlərindən danışan Prezident İlham Əliyev demişdir: "Biz bu torpaqların sahibiyik, buraya qayıtmışıq və burada əbədi yaşayacağıq". Dövlətimizin başçısı onu da demişdir ki, biz tezliklə doğma Qarabağımızı cənnətə çevirəcəyik. Bu gün inamla deyə bilərik ki, Şərqi Zəngəzur da, Qarabağ da aparılan böyük quruculuq işlərindən sonra gözəliyyi ilə görənləri heyran edir, əsl cənnəti xatırladır.

İstənilən bir bölgənin iqtisadiyyatının, sosial həyatının yüksəlişi orada yaşamaqla, qurub-yaratmaqla bağlıdır. Uzun illər doğma yurdundan didərgin düşmüş vətəndaşlarımız artıq böyük sevinc içində torpaqlarına qovuşurlar. 

Şərqi Zəngəzur da, Qarabağ da yeraltı və yerüstü sərvətlərlə zəngindir. Bölgənin aqrar üstünlüyü, xammal bazası və emaledici sənaye istehsalı baxımından olduqca əlverişlidir. Bu torpaqlar üzümçülük, tütünçülük, pambıqçılıq və baramaçılığın, meyvə-tərəvəzçiliyin, bostançılıq və heyvandarlığın inkişafı üçün böyük potensiala sahibdir. Doğma ocaqlarına qayıtmış keçmiş köçkünlərin yekdil fikri budur: böyük zəhmətlərə qatlaşaraq işləyəcək və bölgənin inkişafına əvəzsiz töhfələr verəcəklər. 

Qarabağa və Şərqi Zəngəzura köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə həyata keçirilən layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən insanlar da yaşayırlar. Onların da sayı davamlı şəkildə artır və bütün proses Böyük Qayıdışa dair Dövlət Proqramına uyğun şəkildə aparılır.

Hazırda erməni işğalından azad edilmiş ərazilərimiz demək olar ki, böyük tikinti məkanına çevrilib. Bölgələrdə quruculuq işləri getdikcə daha da sürətlənir. Azərbaycan qısa müddət ərzində bu yerlərdə geniş infrastruktur layihələrindən tutmuş yaşayış məskənlərinə qədər çoxsaylı uğurlu layihələr həyata keçirib və keçirməkdə davam edir. Dövlətimiz bütün bu işləri sırf öz maliyyə imkanları hesabına reallaşdırır. Böyük qayıdış proqramının birinci mərhələsinin sonunda Qarabağ və Şərqi Zəngəzurda 140 min keçmiş məcburi köçkünün məskunlaşması təmin ediləcək. Azərbaycan dövlətinin prioritetlərindən biri işğaldan azad olunmuş ərazilərdə Böyük qayıdışı tez gerçəkləşdirməkdir. 

Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Seçilən
68
azerbaijan-news.az

1Mənbələr