AZ

Azərbaycan millisi ilk xalını Ukrayna ilə matçda qazandı

Bu gün futbol üzrə Azərbaycan millisi dünya çempionatının (DÇ-2026) seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, seçmə mərhələnin D qrupunda qərarlaşmış millimiz 2-ci tur çərçivəsində Ukrayna yığması ilə üz-üzə gəlib.

Ukrayna yığması Azərbaycan millisi üçün tanış rəqib idi. Sözügedən komanda ilə buna qədər 2 oyun keçirmişdik. Bunların hər ikisi yoxlama görüşü çərçivəsində olub. 2006-cı ildə Bakıda keçirilmiş ilk görüşdə qapılara qol vurulmamışdı. Elə həmin ilin avqustunda Kiyevdə keçirilmiş oyunda isə millimiz 0:6 hesablı darmadağına üzülmüşdü. Bir sözlə, sözügedən kollektivlər ilk dəfə rəsmi oyunda üz-üzə gəliblər.

Bu oyun ərəfəsində Azərbaycan yığmasında gözlənilməz ayrılıq reallaşmışdı. Belə ki, baş məşqçi Fernando Santos AFFA rəhbərliyi tərəfindən istefaya göndərilmişdi. Buna komandamızın seçmə mərhələnin ilk turunda İslandiyaya səfərdə 0:6 hesablı məğlubiyyəti səbəb olmuşdu. Komandamızı Ukrayna ilə görüşə U-21 millinin baş məşqçisi Ayxan Abbasov çıxarmışdı.

Ukrayna yığması da seçmə mərhələyə uğursuz başlamışdı. Sergey Rebrovun rəhbərlik etdiyi kollektiv Fransa yığmasına 0:2 hesabıyla uduzmuşdu.

Bu komandaların Tofiq Bəhramov adına Respublika stadionunda baş tutmuş görüşündə isə qalib müəyyənləşməyib. Hesabı qonaqların açdığı matçda millimiz penaltidən vurduğu qolla bərabərliyi təmin edə bilib. Beləcə, tərəflər meydanı hərəyə 1 qol və 1 xalla tərk ediblər.

DÇ-2026-nın seçmə mərhələsi
D qrupu
9 sentyabr

Azərbaycan – Ukrayna 1:1
Qollar: Emin Mahmudov, 72-pen – Georgi Sudakov, 51.
Baş hakim: Vassilis Fotias (Yunanıstan).
Baş hakimin köməkçiləri: Andreas Meintanas, Mixail Papadakis (Yunanıstan).
Dördüncü hakim: Anastasios Papapetru (Yunanıstan).
VAR hakimləri: Angelos Evangelu, Yoannis Papadopulos
(Yunanıstan).
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu. Saat 20:00.

Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 3. Elvin Cəfərquliyev, 4. Bəhlul Mustafazadə, 5. Anton Krivotsyuk, 8. Emin Mahmudov (k), 9. Renat Dadaşov, 10. Mahir Emreli, 14. Elvin Bədəlov, 15. Abdulla Xaybullayev, 19. Rüstəm Əhmədzadə, 21. Qismət Alıyev.
Ehtiyat oyunçular: 12. Aydın Bayramov, 23. Rza Cəfərov, 2. Rəhman Daşdəmirov, 6. Səbuhi Abdullazadə, 7. Anatoli Nuriyev, 11. Ozan Can Kökçü, 13. Abbas Hüseynov, 16. Ceyhun Nuriyev, 17. Toral Bayramov, 18. Cəlal Hüseynov, 20. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı.
Baş məşqçi əvəzi: Ayxan Abbasov.

Ukrayna: 12. Anatoli Trubin, 2. Yuxim Konoplya, 6. İvan Kalyujni, 7. Vladislav Vanat, 8. Georgi Sudakov, 13. İlya Zabarnı, 14. Oleq Oçeretko, 17. Aleksandr Zinçenko, 19. Artyom Bondarenko, 20. Aleksandr Zubkov, 22. Mikola Matviyenko (k).
Ehtiyat oyunçular: 1. Goergi Buşan, 23. Dmitri Rıjnik, 3. Taras Mixavko, 4. Aleksandr Svatok, 5. Valeri Bondar, 10. Mikola Şaparenko, 11. Artyom Dovbik, 15. Boqdan Mixayliçenko, 16. Nazar Voloşin, 18. Yeqor Yarmolyuk, 21. Aleksandr Nazarenko.
Baş məşqçi: Sergey Rebrov.

error: Məzmun qorunur!
Seçilən
26
5
arena.az

10Mənbələr