Araşdırmalara görə, göz hərəkətlərindəki dəyişikliklər Altsheymer və demans riskini illər öncədən göstərə bilər. İngiltərə, Kanada və Karib adalarından alimlərin apardığı tədqiqatlarda yaddaş problemi olan şəxslərin vizual reaksiyalarının zəiflədiyi, baxışların məhdud sahəyə yönəldiyi və üzdə tanıma çətinliyi yaşadıqları müəyyən edilib.
Pravda.az bildirir ki, İngiltərədə 8 mindən çox sağlam fərd üzərində aparılan uzunmüddətli müşahidələrdə, demans inkişaf edən şəxslərin vizual tapşırıqlara daha gec reaksiya verdiyi aşkar edilib. Bu nəticələr demansın 12 il əvvəldən belə müəyyən edilə biləcəyini göstərir.
Kanadada aparılan testlər isə yaddaş zəifliyi olan insanlarda göz hərəkətlərinin daha monoton və məhdud sahəyə yönəldiyini ortaya qoyub.
Mütəxəssislər bildirirlər ki, aşağıdakı əlamətlər demansın erkən xəbərçisi ola bilər:
Əşyaların kənarlarını seçməkdə çətinlik
Mavi-yaşıl rəng tonlarını ayırd etməkdə problem
Göz hərəkətlərini idarə etməkdə zəiflik və diqqət dağınıqlığı
Üzləri tanımaqda çətinlik
Alimlər vurğulayır ki, gözlər yalnız görmə orqanı deyil, həm də beyin sağlamlığı üçün mühüm göstəricidir. Bu səbəbdən göz hərəkətlərindəki kiçik dəyişikliklərin belə diqqətdən qaçırılmaması tövsiyə olunur.
Əminə Bayramova