AZ

Yeni qanun layihəsində daxili qoşunların fəaliyyətini tənzimləyən istiqamətlər genişləndirilib

Bakı, 9 sentyabr, AZƏRTAC

“Azərbaycan Respublikasının daxili qoşunları haqqında” yeni qanun layihəsində daxili qoşunların fəaliyyət istiqamətləri daha dəqiq müəyyənləşdirilib və onların səlahiyyət dairəsi genişləndirilib. Qanunun “Fiziki qüvvənin, xüsusi vasitələrin, odlu silahın, döyüş və xüsusi texnikanın tətbiqi şərtləri” adlanan beşinci fəsli bu vasitələrin hansı hallarda və şərtlərlə istifadə oluna biləcəyini tənzimləyir. Həmin fəsildə, həmçinin bu vasitələrin tətbiqinin yolverilməz olduğu hallar da öz əksini tapıb.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev komitənin sentyabrın 9-da keçirilən iclasında çıxışı zamanı səsləndirib.

Komitənin sədri Arzu Nağıyev qanun layihəsinin əsas müddəaları barədə ətraflı məlumat verib. Bildirib ki, layihənin 20-ci maddəsinə əsasən, daxili qoşunların hərbi qulluqçularının fiziki və texniki müdaxilə vasitələrini tətbiq etməzdən öncə hüquq pozuntusunu aradan qaldırmaq məqsədilə şəxsə xəbərdarlıq etməsi və bunun üçün müəyyən vaxt verməsi nəzərdə tutulur. Bu cür müdaxilələr yalnız son zərurət və ya zəruri müdafiə hallarında, digər vasitələr nəticə vermədikdə və hüquq pozuntusunun ağırlıq dərəcəsi nəzərə alınaraq həyata keçirilə bilər. Sözügedən vasitələrin tətbiqi nəticəsində hər hansı xəsarət və ya ölüm hadisəsi baş verdiyi təqdirdə daxili qoşunların hərbi hissə komandirləri və ya digər məsul şəxslər bu barədə dərhal müvafiq prokurorluq orqanına məlumat verməlidirlər.

Qeyd olunub ki, yeni qanun qüvvəyə mindikdən sonra, 1994-cü il fevralın 8-də qəbul olunmuş və hazırda qüvvədə olan “Daxili qoşunların statusu haqqında” Azərbaycan Respublikasının 781 nömrəli Qanununun ləğvi nəzərdə tutulur.

Seçilən
6
2
azertag.az

3Mənbələr