Bakıda yerləşən "Appro Hospital"-da ağır yaralı olan xəstəyə qarşı qeyri-ciddi münasibət göstərilib.
Day.Az xəbər verir ki, avqustun 1-də qəza edən Təcili Yardım maşında olan həkim Əliağa Quliyev ağır yaralanıb və Şirvan Rayon Mərkəzi Xəsətxanasına aparılıb. Buradan isə Bakıda yerləşən "Appro Hospital"a köçürülüb.
Məsələ ilə bağlı Milli.Az-a müraciət edən şikayətçi bildirib ki, atası Əliağa Quliyev 37 gün "Appro Hospital"-da müalicə olunub.
"Hər gün bizə deyirdilər ki, xəstəni buradan çıxarın, sağalmayacaq. Bu müddət ərzində də bizim 40 min manata yaxın pulumuzu alıblar. Onların sıxışdırmalarından sonra biz məcbur qalıb xəstəmizi oradan çıxarmalı olduq. Elə həmin günün səhəri də adgünü olan həkimə bir tort, mənim atamın xəstəxanadan çıxması münasibətilə isə bir tort alıb toy-bayram edirlər. Videodan da göründüyü kimi həkim Ağdadaş Qasımov "Əliağa getdi" deyib bunu lağ obyektinə çevirir. Bu nə insanlığa sığır, nə də həkim etikasına. Mənim atam özü də həkimdir və peşə fəaliyyətini icra edərkən bu qəzaya düşüb ağır yaralanıb. Ona qarşı belə hörmətsizlik edilməsi həkim adı üçün biabırçılıqdır".
Fotoda həkim Ağdadaş Qasımov
Xatırladaq ki, Əliağa Quliyev həkimdir və 1 avqust tarixində təcili tibbi yardım avtomobilində olarkən qəza baş verib. Hadisə Bakı-Qazax avtomagistral yolunda baş verib. Hərəkətdə olan təcili tibbi yardım avtomobilinin sürücüsü idarəetməni itirərək əvvəlcə "KamAZ" markalı yük avtomobilinə, daha sonra yolu iki hissəyə ayıran dəmir məhəccərə çırpılıb. Qəza nəticəsində 1 nəfər ölüb, 2 nəfər ağır yaralanmışdı.