Musavat.com xəbər verir ki, Rusiya prezidentinin İnsan hüquqları üzrə şurasının üzvü, Kremlə yaxın politoloq Kirill Kabanov yenidən Azərbaycana qarşı sərt və təhqiramiz bəyanatla çıxış edib. O, bu dəfə hətta Əfqanıstan “Taliban” rejimini Azərbaycan hakimiyyətindən daha humanist adlandıraraq, azərbaycanlılara qarşı açıq nifrət püskürüb.
Kabanov iddia edib ki, Moskva Əfqanıstan hakimiyyəti ilə danışıqlar apararaq rus etnoqrafı Svyatoslav Kaverinin azad olunmasına nail olduğu halda, Azərbaycanla guya “girov götürülmüş” rusiyalıların azad edilməsi barədə hələ də razılıq əldə edə bilmir. O, Azərbaycan hakimiyyətini “rusofob mövqedə olmaqda” və “xoşməramlı jest etməməkdə” günahlandırıb.
Xatırladırıq ki, ötən ilin dekabrında Rusiya səmasında Azərbaycanın mülki təyyarəsinin vurulması ilə başlayan gərginlik fonunda Rusiya-Azərbaycan münasibətləri faktiki olaraq müharibə vəziyyətinə keçib. Bundan sonra Rusiyada azərbaycanlı diaspor nümayəndələrinin sıxışdırılması, döyülməsi, həbs olunması və hətta bəzən qətlə yetirilməsi halları baş verib.
Rusiya Azərbaycanın Ukraynadakı qaz habını, YDM -lərini, səfirliyini bombalayıb.
Moskva indi bütün gücü ilə Azərbaycana qarşı informasiya savaşı aparır. Bu təbliğat hücumunda Vladimir Solovyov, Marqarita Simonyan, Sergey Mardan, Zatulin kimi Rusiya mediasının və siyasətin təxribatçı fiqurları ilə yanaşı, Kirill Kabanov da əsas “köpək”lərdən biridir. Onun son açıqlaması da Rusiyanın dövlət KİV-lərində tirajlanaraq Azərbaycana qarşı nifrət dalğasının yeni mərhələsini göstərir.
Musavat.com xəbər verir ki, Rusiya mətbuatında, xüsusilə də dövlət mediasında Azərbaycana qarşı bu nifrət ritorikası davamlı xarakter daşıyır və hər gün yeni “səlib yürüşü”nün təbliğat vasitəsinə çevrilir.
Bütün bunların Putinin şəxsi göstərişi və onun ətraflndakı ideoloqların drijorluğu ilə baş verdiyi şübhə doğurmur.
Musavat.com