AZ

Azərbaycanda quş əti ilə özünütəminat səviyyəsi kəskin azalır - Səbəb » AzadMedia.az



Son illər ərzində Azərbaycanda ərzaq təhlükəsizliyi məsələsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi diqqət mərkəzindədir. Lakin Dövlət Statistika Komitəsinin açıqladığı son göstəricilər bu sahədə, xüsusilə quşçuluq üzrə müəyyən problemlərin yarandığını ortaya qoyur.

2024-cü ildə bütün növ ət və ət məhsulları üzrə özünütəminat səviyyəsi 83,4 faiz təşkil edib. Bu, əvvəlki illə müqayisədə 1,9 faiz bəndi azalma deməkdir. Əsas azalma isə quş ətində müşahidə olunub. Belə ki, 2023-cü ildə 81,7 faiz olan təminat göstəricisi 2024-cü ildə 76,6 faizə enib. Bu, son illərin ən ciddi geriləmələrindən biri hesab olunur.

Müşahidələr göstərir ki, mal və qoyun ətində artım olsa da, quş ətində azalma var.

Statistik rəqəmlərə baxdıqda maraqlı mənzərə ortaya çıxır. Ölkədə mal əti üzrə özünütəminat 2023-cü illə müqayisədə cüzi də olsa artaraq 88,5 faizə yüksəlib. Qoyun və keçi əti üzrə göstərici isə 94,9 faizdən 96,5 faizə çatıb. Balıq məhsullarında da analoji artım qeydə alınıb. Yalnız quş ətində geriləmə müşahidə olunur ki, bu da ümumi balansı aşağı salan əsas faktordur.

Təbii ki, burda quşçuluq təsərrüfatlarının çətinlikləri də əsas faktorlardandır.

Mütəxəssislər hesab edirlər ki, quş ətində geriləmənin bir neçə əsas səbəbi var:

Yem məhsullarının qiymətində artım – Quşçuluq təsərrüfatlarının əsas xərcləri məhz yem idxalı ilə bağlıdır. Son illər dünya bazarındakı bahalaşma daxili istehsalın maya dəyərini yüksəldib.

Enerji və logistika xərcləri – İstehsal prosesində elektrik enerjisi və nəqliyyat xərclərinin artması istehsalçıların fəaliyyətini çətinləşdirib.

Xaricdən idxalın artması – İdxal olunan daha ucuz məhsullar yerli istehsalçıların bazar payını azaldır.

Xəstəliklər və baytarlıq problemləri – Bəzi quşçuluq təsərrüfatlarında profilaktik tədbirlərin zəif olması məhsuldarlığa mənfi təsir göstərib.

İdxaldan asılılıq təhlükəsi qapıdadır.
Əgər quş əti ilə özünütəminat səviyyəsi bu templə aşağı düşərsə, yaxın illərdə ölkənin daxili bazarının idxaldan asılılığı artacaq. Bu isə qiymət sabitliyinə və ərzaq təhlükəsizliyinə risk yaradır. Xüsusilə quş əti Azərbaycan əhalisinin gündəlik rasionunda mühüm yer tutduğu üçün bu sahədə sabitlik strateji əhəmiyyət daşıyır.

Mal və qoyun əti üzrə göstəricilərin yüksəlməsinə baxmayaraq, quşçuluqda müşahidə edilən geriləmə diqqət tələb edir. Bu sahədə dövlət dəstəyinin artırılması, istehsalçıların subsidiyalarla stimullaşdırılması, idxal asılılığının azaldılması və yem bazasının gücləndirilməsi əsas prioritetlərdən olmalıdır. Əks halda, bazarda qiymət artımı və xarici məhsullardan asılılıq qaçılmaz ola bilər.

Seçilən
6
1
azadmedia.az

2Mənbələr