Baş ağrısı sadəcə xoşagəlməz hal deyil, həm də müxtəlif xəstəliklərin əlaməti ola bilər və diqqətlə araşdırılmalıdır.
Redaktor.az xəbər verir ki, bu barədə lenta.ru-ya terapevt İrina Volgina məlumat verib.
Terapevtin sözlərinə görə, baş ağrısı arterial təzyiqin yüksəlməsi ilə, xüsusən də hipertonik xəstəlik zamanı bağlı ola bilər. Belə hallarda ağrı əsasən ənsə nahiyəsində olur, bəzən digər hissələrə yayılır. Əlavə simptomlar isə ürəkbulanma, qusma, başgicəllənmə və göz önündə “milçəklərin” görünməsi ola bilər. Bundan başqa, bu problem boyun damarlarında qan dövranı pozğunluğu, hormonal nasazlıqlar və ateroskleroz fonunda da yaranır.
Həkimin sözlərinə görə, baş ağrısı həm də beyin damar xəstəlikləri və onkoloji proseslərin göstəricisi ola bilər. Son vaxtlar ən çox rast gəlinən problemlərdən biri isə migren sayılır. Bu xəstəlik güclü baş ağrısı ilə xarakterizə olunur və çox vaxt ürəkbulanma, qusma, işığa qarşı həssaslıq və “aura” ilə müşayiət olunur. Migren xəstənin gündəlik iş qabiliyyətini tamamilə məhdudlaşdırır.
Terapevt əlavə edib ki, tez-tez baş ağrısının səbəbi görmə zəifləməsi və ya gözlə bağlı digər problemlər də ola bilər. Eyni zamanda, fiziki və emosional gərginlik nəticəsində yaranan “gərginlik baş ağrısı” da geniş yayılıb və bu halda ağrı müxtəlif nahiyələrdə özünü göstərə bilər.
Aytəkin TOFİQQIZI