AZ

Süni intellekt uğrunda mübarizə yeni mərhələyə keçir

Süni intellekt sahəsində qlobal liderlik uğrunda mübarizə yeni mərhələyə qədəm qoyur. Broadcom və OpenAI arasında imzalanan müqavilə, illərdir süni intellekt sürətləndiriciləri bazarında hegemonluq edən Nvidia-ya ilk dəfə real rəqib çıxarmaq gücündədir. Broadcom-un açıqladığı 10 milyard dollardan artıq dəyəri olan müqavilənin tərəfdaşının məhz OpenAI olduğu nüfuzlu media qurumları tərəfindən təsdiqlənib.

Bu əməkdaşlıq sadəcə kommersiya sövdələşməsi deyil – Nvidia GPU-larına alternativ ola biləcək xüsusi çipin hazırlanması planlaşdırılır. Hal-hazırda bazarda mövcud olan dillə işləyən modellərin, o cümlədən ChatGPT-nin böyük əksəriyyəti məhz Nvidia çiplərində fəaliyyət göstərir. İlk çatdırılmaların 2026-cı ildə başlanması nəzərdə tutulur. Əgər layihə uğurla reallaşarsa, süni intellekt infrastrukturunda tamamilə yeni bir dövrün başlanğıcına şahidlik edə bilərik.

Broadcom üçün bu, sadəcə iri sifariş deyil – şirkətin sənayedə yeni rola iddiasıdır. Uzun illər şəbəkə həlləri və ixtisaslaşmış ASIC çipləri ilə tanınan Broadcom artıq texniki təchizatçını aşaraq, sürətlə böyüyən iqtisadiyyat sahəsində əsas oyunçulardan birinə çevrilmək niyyətindədir.

Maliyyə göstəriciləri də bu mövqeyi möhkəmləndirdi: Broadcom üçüncü rübdə həm gəlir, həm də mənfəət üzrə proqnozları üstələdi, dördüncü rüb üçün 17,4 milyard dollarlıq gözlənti isə Wall Street-in proqnozlarından yüksək oldu. Xüsusən də AI çipləri seqmentində 63%-lik illik artım – 5,2 milyard dollara qədər – investorları heyrətləndirdi. Şirkətin səhmləri kəskin bahalaşdı, kapitalizasiyası yüz milyardlarla dollar artdı. Nvidia-nın səhmləri isə azaldı ki, bu da bazarda ilk dəfə şirkətin liderliyinə real təhlükənin yarandığını göstərir.

OpenAI üçün bu addım strateji xarakter daşıyır. Təşkilat uzun müddətdir GPU çatışmazlığı, bir təchizatçıya yüksək asılılıq və modellərin öyrədilməsi xərclərinin artması ilə üzləşirdi. Xüsusi sürətləndiricilərə keçid OpenAI-yə müstəqillik qazandıracaq: öz avadanlığı hesabına hesablamaları modellərin memarlığına uyğunlaşdırmaq, xərcləri azaltmaq və Nvidia-nın CUDA ekosistemindən qurtulmaq mümkün olacaq. Paralel olaraq şirkət Oracle və Google ilə əməkdaşlıq edir, Stargate layihəsi çərçivəsində öz data-mərkəzlərini qurur və nəticədə alqoritmdən tutmuş aparat səviyyəsinə qədər tam dövr yaradır.

Bu, Nvidia üçün ilk real çağırışdır. Bəli, Google-un TPU-su, Amazon-un Trainium-u, Microsoft-un daxili layihələri mövcuddur, amma heç biri bu qədər böyük müqavilə və strateji motivasiyalı sifarişçi ilə dəstəklənməyib. Nvidia hələ də böyük üstünlüyə sahibdir: onun GPU-ları sadəcə çip deyil, illərlə formalaşmış proqram təminatı, optimallaşdırılmış kitabxanalar və aparıcı data-mərkəzlərlə əlaqələrdən ibarət bütöv bir ekosistemdir. Amma hətta belə bir möhkəm dayağı belə xüsusi sifarişlə yaradılmış yeni həllər sarsıda bilər.

Əsas dönüş məhz buradadır: son illər süni intellekt universal GPU-lar üzərində qurulurdusa, indi daha effektiv və daha ucuz ixtisaslaşmış sürətləndiricilərə keçid mümkündür. Bu isə qaydaları dəyişəcək – hesablamaların dəyəri azalacaq, yeni modellərin tətbiqi sürətlənəcək, süni intellekt yalnız texnoloji nəhənglər üçün deyil, orta biznes üçün də əlçatan olacaq. Nvidia hələ də “taxtda oturan kral”dır, amma ilk dəfə onun qarşısına real rəqib çıxıb. Broadcom və OpenAI artıq qapını döyür – həm də ideyalarla yox, 10 milyard dollarlıq müqavilə ilə.

Rəqiblər də kənarda dayanmayacaq. Xüsusilə Microsoft, Amazon və Google-un reaksiyası Broadcom-OpenAI əməkdaşlığını bazarda genişmiqyaslı dəyişikliklərin katalizatoruna çevirə bilər. OpenAI-nin əsas investoru və modellərin ən böyük istifadəçisi olan Microsoft üçün bu, ən böyük fürsətdir – həm Nvidia-dan asılılığı azaltmaq, həm də daha ucuz və sürətli hesablamalara eksklüziv çıxış əldə etmək. Böyük ehtimalla şirkət yeni Broadcom çiplərini Azure data-mərkəzlərinə inteqrasiya edəcək və müştərilərə GPU qıtlığı fonunda alternativ təqdim edəcək. Bu isə Microsoft-un bulud bazarındakı liderliyini möhkəmləndirəcək.

Amazon-un AWS-i isə daha çətin vəziyyətə düşə bilər. Bəli, şirkətin artıq Trainium və Inferentia çipləri var, amma Nvidia-nın üstünlüyü hələ də güclüdür. Əgər OpenAI və Broadcom uğurlu nəticə göstərə bilsə, Amazon öz çiplərinin inkişafını sürətləndirmək, qiymətləri endirmək və ya eksklüziv xidmətlər təklif etməklə daha aqressiv addımlar atmaq məcburiyyətində qalacaq. AWS üçün bu, sadəcə rəqabət məsələsi deyil, Sİ infrastrukturunda sağ qalmaq məsələsidir.

Google isə TPU-ları ilə nisbətən rahat mövqedədir. Şirkətin öz infrastruktur və modelləri var, buna görə də Nvidia-dan asılı deyil. Lakin Broadcom və OpenAI alyansının uğuru sübut etsə ki, xüsusi həllər “daxili layihə” çərçivəsini aşaraq sənaye standartına çevrilir, Google da TPU-larını daha geniş auditoriyaya açmaq məcburiyyətində qalacaq.

Nvidia üçün əsas risk isə bazar payını itirməkdən çox, oyunun qaydalarının dəyişməsidir. Əvvəllər müştərilər üçün “universal GPU alıb işləmək” kifayət idisə, indi hər kəs konkret tapşırığa uyğun fərdi sürətləndirici sifariş vermək istəyəcək. Bu, Nvidia-nı seçim qarşısında qoyur: ya bazara uyğunlaşıb özü fərdiləşdirilmiş həllər təklif etməlidir, ya da monopolistdən sadəcə “bir təchizatçıya” çevrilmək riski daşıyır.

Ümumilikdə, növbəti 2–3 ildə “bulud müharibələri”nin şahidi ola bilərik. Aparıcı provayderlər sadəcə xidmətlər üzrə deyil, həm də öz çiplərini ekosistemlərinin əsas elementi kimi təşviq edəcək. Microsoft və OpenAI isə yeni standartın – xüsusi Sİ katalizatorlarının – əsas təşəbbüskarına çevrilərək süni intellektin daha geniş kütlələr üçün əlçatan olmasına təkan verə bilər.

Seçilən
66
banker.az

1Mənbələr