AZ

AQDİM-nin tərkibində “Donorlara Yardım və Hüquqlarının Müdafiəsi Departamenti” yaradıldı


Hər damla qan – bir həyat deməkdir. Hər könüllü donor – kiminsə yaşamağa ümididir. Qan donorluğu sadəcə tibbi prosedur deyil, bu, insanlığa edilən ən böyük xidmətlərdən biridir. Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi də məhz bu amal uğrunda illərdir yorulmadan çalışır, həmrəylik körpüləri qurur.
Bu gün Mərkəzin fəaliyyətində yeni bir mərhələnin başlanğıcıdır – "Donorlara Yardım və Hüquqlarının Müdafiəsi Departamenti” təsis olunub. Bu addım təsadüfi deyil, çünki hər bir donor yalnız qanını deyil, həm də ürəyini, sevgisini, insanlığa olan borc hissini bölüşür. Onların sağlamlığı, rahatlığı, hüquqları isə qorunmağa layiqdir.
Azərbaycan dövləti daim vətəndaşların sağlamlığını ən ali dəyər kimi önə çəkib. Xüsusilə də təhlükəsiz qan təminatı məsələsi dövlət siyasətinin prioritetlərindən biridir. Bu istiqamətdə görülən işlər, həyata keçirilən proqramlar, qanvermə aksiyalarının genişləndirilməsi insanların həyatına işıq saçıb.

Bu böyük işlərin önündə isə Cənab Prezident İlham Əliyev ölkəmizdə irsi qan xəstəliklərindən əziyyət çəkən uşaqların və onların ailələrinin sağlamlıq və rifahına xüsusi diqqət göstərir. Dövlət başçısının rəhbərliyi ilə bu sahədə müasir tibbi müalicə imkanları genişləndirilib, uşaqların müalicəsi və dərman təminatı təmin olunub, həmçinin   Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın misilsiz xidmətləri dayanır. Onun humanizmə, mərhəmətə və insan həyatına verdiyi dəyər sayəsində bu gün minlərlə insan ölümlə həyat arasında körpü qurub.
Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Talassemiyadan əziyyət çəkən uşaqlar üçün genişmiqyaslı dəstək proqramları reallaşdırılıb, müasir qan bankları, laboratoriyalar və avadanlıqlar ölkəmizə gətirilib, Qan donorluğu mədəniyyətinin təbliği üçün maarifləndirici kampaniyalar aparılıb, onlarla uşağın, gəncin, ailənin həyatına işıq, ümid və sevinc bəxş olunub. Əslində, bu təşəbbüslər yalnız tibbi layihələr deyil – bunlar insanlığa sədaqət nümunələridir.
Yaradılan "Donorlara Yardım və Hüquqlarının Müdafiəsi Departamenti” bir məqsədə xidmət edir – donorlarımızın yanında olmaq. Onlar qan verdikləri an təkcə kiminsə həyatını xilas etmir, həm də Vətənin sağlam gələcəyi üçün ən böyük fədakarlığı göstərirlər.




Departamentin fəaliyyət istiqamətləri isə genişdir:

Hüquqi müdafiə: Donorların qanvermə prosesində və sonrasında üzləşə biləcəkləri bütün hüquqi məsələlərdə dəstək;

Sosial yardım: Maddi və mənəvi ehtiyacı olan donorların və ailələrinin yanında olmaq;

Maarifləndirmə: İnsanların qanvermənin əhəmiyyəti və donor hüquqları barədə məlumatlandırılması;

Psixoloji dəstək: İlk dəfə qan verənlərin həyəcanını, qorxusunu aradan qaldırmaq, onlara güvən vermək;

Əməkdaşlıq: Dövlət qurumları, səhiyyə müəssisələri və beynəlxalq təşkilatlarla sıx əlaqədə olmaq.

Donor – sadəcə bir insan deyil, qəhrəmandır

Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin idarə heyətinin sədri Fuad Rəsul bu münasibətlə deyib: "Donor olmaq – həyat vermək deməkdir. Bu, yalnız tibbi bir addım deyil, insanlığa göstərilən sədaqətin ən gözəl təzahürüdür. Bizim borcumuz isə bu fədakar insanların hər zaman yanında olmaqdır. Yeni yaradılan departament donorlarımız üçün qayğının, dəstəyin və minnətdarlığın rəmzi olacaq. Donorlarımızın sağlamlığı və hüquqları qorunduqca, onların sayı artdıqca, həyat işığına qovuşan insanların da sayı çoxalacaq. Bu gün yaradılan departament sabah yüzlərlə, minlərlə insanın həyatına yeni ümid qapısı olacaq. Hər damla qan – bir ömür, hər donor – bir qəhrəmandır. Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin bu addımı isə insanlıq adına atılmış ən dəyərli addımlardan biridir. Donorlarımızın fədəkarlığını düşünərək Donorlarımız Fədakarlığın və Qəhrəmanlığın Simvoludur. Qan donorluğu – insanın insana göstərə biləcəyi ən ali fədakarlıq nümunəsidir. Könüllü və təmənnasız şəkildə qan verən donorlarımız hər gün onlarla ailəyə ümid, yüzlərlə insana həyat bəxş edirlər. Onların bu böyük xidməti cəmiyyət tərəfindən dərin ehtiramla qarşılanmalıdır”.


Seçilən
10
2
7news.az

3Mənbələr