AZ

Ət bazarında qıtlıq və bahalaşma DAYANMIR

2024-cü ildə Azərbaycanda bütün növ ət və ət məhsulları üzrə özünütəminetmə səviyyəsi 83,4 % təşkil edib.

Bu göstərici 2023-cü illə müqayisədə 1.9 faiz bəndi azalıb.Dövlət Statistika Komitəsinin məlumatları əsasında aparılan hesablamalara görə, hesabat dövründə mal əti və ət məhsulları üzrə göstərici 88,5 % olub.

Bu isə əvvəlki ilin nəticəsindən (88,4 %) 0,1 faiz bəndi çoxdur. Ölkədə ət qıtlığının əsas səbəbləri daxili və xarici amillərlə əlaqələndirilir. Rayonlarda heyvan sayının azalması, yem və otun bahalaşması daxildəki əsas amillərdən biri sayılır. 

Digər tərəfdən, Rusiya, Gürcüstan, Ukrayna kimi ölkələrdən idxal olunan ətin miqdarının azalması da təklifi məhdudlaşdırır. Belə vəziyyətdə bazarda qiymətlər yüksəlir və əhali üçün problem yaranır.

Bəs ölkədə ət qıtlığını aradan qaldırmaq üçün hökumət hansı addımları atacaq? Hökumət idxalı, yoxsa daxili istehsalı artıracaq?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, daxildə istehsal ətə olan təlabatı qarşılamır:

“Ətin qiymətində artımın yalnız idxalla bağlı olduğunu demək düzgün olmaz. Azərbaycanda ət bazarında bahalaşmanı bir neçə əsas faktor şərtləndirir. Birincisi, heyvandarlıqda yem məhsullarının (xüsusilə arpa, qarğıdalı, yonca) qiyməti həm daxildə, həm də idxalda artıb. Bu, heyvandarlıq təsərrüfatlarının məhsullarını maya dəyərini yüksəldir. Baytarlıq preparatları, yanacaq, nəqliyyat və elektrik xərcləri də heyvandarlıqda əlavə yük yaradır.

Eyni zamanda, yay mövsümündə bəzi rayonlarda otlaq qıtlığı və suvarma problemləri mal-qaranın yemlənməsini çətinləşdirib. Yayda xəstəliklər də artır ki, bu da heyvanların təkəf olma risqini aprtırır. Ona görə də payız-qışa keçid dövründə təsərrüfatlar ətə daha çox qiymət qoyur. Qurban bayramı sonrası bazarda bir müddət qiymət enməsi olur, sonra yenidən tələblə bağlı artım baş verir”.

Onun sözlərinə görə, valyuta məzənnəsi də idxala təsir edən amillərdəndir:

“Azərbaycan əhəmiyyətli həcmdə diri mal-qara və ət məhsulları idxal edir (əsasən Gürcüstan, Braziliya və bəzi MDB ölkələrindən).

Xarici bazarlarda qiymətlərin yüksəlməsi daxildə də qiymətə təsir edir. Valyuta məzənnəsi də idxal olunan məhsulun maya dəyərini artırır. Əhalinin ətə olan tələbi stabil yüksəkdir, amma daxildə istehsal bu tələbi tam qarşılamır. Nəticədə bazarda azalma və qiymət artımı yaranır”.

Ekspert qeyd edib ki, ət qiymətlərinin bahalaşması həm daxili xərclərin artması, həm də idxal bazarlarının təsiri ilə bağlıdır:

“Ətin qiymətinin təkcə fermer və idxalçılarla bağlı olmadığını nəzərə almaq lazımdır. Bakı və iri şəhərlərdə topdansatışdan pərakəndəyə gələn yolda bir neçə vasitəçi qiyməti şişirdir.

Yəni nəticə olaraq, ət qiymətlərinin bahalaşması həm daxili xərclərin artması, həm də idxal bazarlarının təsiri ilə bağlıdır. Bunu sadəcə idxalla izah etmək doğru olmaz, çünki maya dəyərinin əsas yükü ölkə daxilində formalaşır”.

Seçilən
7
1
cebheinfo.az

2Mənbələr