AZ

Millimizin yeni baş məşqçisi kim olacaq? - NAMİZƏDLƏR

“Fernandu Santuşun dönəmi Azərbaycan futbolu üçün rəzalət idi”.

Bu sözləri “Sportinfo TV” və “CBC Sport” telekanalının aparıcı-eksperti, tanınmış idman jurnalisti Elçin Cəfərov “Cebheinfo.az”-a açıqlamasında deyib.

O bildirib ki, indiyə kimi yığmamızı çalışdıran mütəxəssislərin heç biri bu qədər rəzil duruma düşməyib:

“Santuş Azərbaycan futbolu üçün “qara ləkə” idi. İlk gündən etibarən təyinatın düzgün olmadığını, qoca və tükənmiş Santuşun futbolumuza hansısa xeyir verməyəcəyini bildirmişdik. Gecikmiş qərar olsa da, zərərin yarısından dönmək kardır. 

Ümumiyyətlə, bir məşqçini komandaya təyin edərkən onun yaxın keçmişinə və tətbiq etdiyi oyun planına baxırlar. Hansı heyətlərlə hansı nəticələr aldığı da önəmlidir.

Ondan sonra təklif verilir. Polşa millisindən və “Beşiktaş”dan qovulan Fernandu Santuşun yığmamıza baş məşqçi təyin etmək Azərbaycan futbolu üçün “intihar” idi. Bu, futbolumuza qarşı böyük hörmətsizlik idi”.

Ekspert portuqaliyalı mütəxəssisin alacağı təzminat barədə də danışıb:

“AFFA-nın Santuşa 4.5 milyon avro (təxminən 9 milyon manat) təzminat ödəyəcəyi barədə iddialar var. Müqavilə imzalayarakən bu detallara çox diqqətlə yanaşmaq lazımdır. 70 yaşlı birini gətirib belə uzun müqavilə imzalayıb, bu qədər pul verirsənsə, deməli, birinci günahkar özünsən. 

Burada Santuşda günah axtarmaq lazım deyil. O müqaviləyə razılıq verənlər məsuliyyət daşımalıdır. Santuşu millimizə hansı menecerin təklif etdiyini araşdırmaq lazımdır. Həmçinin, onun millimizə təyinatının gerçəkləşməsinə səbəbkar olanlar da dərhal göndərilməlidir”. 

Elçin Cəfərov hesab edir ki, millimizin yeni baş məşqçisi yerli olacaq:

“Yığmamıza xarici yox, yerli baş məşqçi təyin etmək lazımdır. Bizim millinin futbolçuları Avropa və ya dünyanın tanınmış çempionatlarında oynasa, baş məşqçinin xarici olmasını başa düşmək olar. Lakin bizim milliyə Avropa səviyyəli mütəxəssis gətirməyə ehtiyac yoxdur. Biz heyətə uyğun seçim etməliyik. Bu gün əlimizdə olan futbolçu qrupu ilə ancaq yerli məşqçi ilə nələrsə etmək olar”.

Müsahibimiz mümkün namizədlərin adlarını çəkib:

“Məncə, Azərbaycan yığmasının yeni baş məşqçisi Qurban Qurbanov, Rəşad Sadıqov, Azər Bağırov, Ayxan Abbasov, Mahmud Qurbanov ola bilər. Düşünürəm ki, seçim sadəcə yerli olmalıdır. Böyük ehtimalla millimizin yeni baş məşqçisi azərbaycanlı olacaq. Yəqin ki, bu ayın sonuna qədər yeni təyinat açıqlana bilər”.

Mütəxəssin sözlərinə görə, bizim əsas problemimiz aşağı yaş qruplarından ibarət yığmaları inkişaf etdirməməkdir:

“Əsas prioritet isə bu olmalıdır. Əsas millimizdə hansı oyun planı tətbiq olunursa, aşağı yaş kateqoriyalarında olan millilərimiz də eyni oyun planı ilə oynamalıdır. Onlar illər ərzində təkmilləşərək əsas yığma üçün hazırlaşmalı və oyun planına bələd olmalıdır. Milli komandaların inkişafı üçün aşağı yaş qruplarının məşqçiləri əsas komandanın baş məşqçisi tərəfindən seçilməlidir. 

Çünki eyni oyun planını və sistemi aşılamaq lazımdır. “Barselona” buna ən gözəl nümunədir. Bu gün “Barselona”nın əsas komandası hansı oyunu oynayırsa, aşağı yaş kateqoriyaları da eyni oyunu oynayır. Biz də millimizə bunu tətbiq etsək, nəticə əldə etmək olar”.

Seçilən
8
cebheinfo.az

1Mənbələr