AZ

İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarının Bakıda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb SƏRƏNCAM  

İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb.

AZƏRTAC xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Təşkilat Komitəsinin sədri Azərbaycan Respublikası Baş nazirinin müavini Samir Şərifov, Təşkilat Komitəsi sədrinin müavini iqtisadiyyat naziri Mikayıl Cabbarovdur.

Təşkilat Komitəsinin üzvləri isə xarici işlər naziri Ceyhun Bayramov, maliyyə naziri Sahil Babayev, mədəniyyət naziri Adil Kərimli , fövqəladə hallar naziri Kəmaləddin Heydərov, daxili işlər naziri Vilayət Eyvazov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, səhiyyə naziri Teymur Musayev , Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Mərkəzi Bankın sədri Taleh Kazımov, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Samir Rzayev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov təyin ediliblər.

Təşkilat Komitəsi “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən təmsil olunan Azərbaycan Respublikası Hökuməti ilə İslam İnkişaf Bankı Qrupu arasında ev sahibi ölkə tərəfindən İİB Qrupunun 2026-cı ildə keçiriləcək İllik Toplantıları üçün təminatlara dair Anlaşma Memorandumu”na uyğun olaraq, İllik Toplantıların təşkili və keçirilməsi ilə bağlı Tədbirlər Planının hazırlanmasını və icrasını təmin etməli, İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının keçirilməsi ilə əlaqədar digər zəruri məsələləri həll etməlidir.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının keçirilməsi ilə bağlı İslam İnkişaf Bankı Qrupu ilə əlaqələndirmə və Təşkilat Komitəsinin katibliyi funksiyalarını həyata keçirməlidir.

Nazirlər Kabineti İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının keçirilməsi ilə əlaqədar xərclərin maliyyələşdirilməsi üçün 2026-cı ilin dövlət büdcəsi layihəsində müvafiq vəsaitin nəzərdə tutulmasını təmin etməli və digər zəruri məsələlərin həlli üçün tədbirlər görməlidir.

Qeyd edək ki, İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının Bakı şəhərində keçirilməsi barədə İslam İnkişaf Bankı Qrupunun Müdirlər Şurası tərəfindən 2025-ci il mayın 22-də qərar qəbul edilib və bununla əlaqədar “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən təmsil olunan Azərbaycan Respublikası Hökuməti ilə İslam İnkişaf Bankı Qrupu arasında Azərbaycan Respublikası Hökuməti (ev sahibi ölkə) tərəfindən İİB Qrupunun 2026-cı ildə keçiriləcək İllik Toplantıları üçün təminatlara dair Anlaşma Memorandumu” imzalanıb.

Gələn il iyunun 16-19-da İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının Bakı şəhərində təşkili Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisi olmaqla yanaşı, ölkəmizin regional və beynəlxalq tərəfdaşlıqlarının möhkəmlənməsinə, İslam maliyyə institutları ilə əməkdaşlığın genişlənməsinə, Azərbaycan Respublikasının iqtisadi və investisiya potensialının tanıdılmasına müsbət töhfə verəcək.

Seçilən
19
31
azerbaijan-news.az

10Mənbələr