AZ

Müşfiq Məmmədli: “Vətəndaşların məcburi müayinə edilmələrinə ehtiyac yoxdur”

Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli ani ölümlərin daha çox gənclər arasında sıx yayılması səbəbindən vətəndaşların könüllü tibbi müayinə ilə yanaşı ildə bir dəfə məcburi müayinə olunmaları barədə qanuna dəyişiklik edilməsi təklifinə münasibət bildirib.

 

Deputat Pravda.az-a açıqlamasında deyib ki, vətəndaşların məcburi müayinə edilmələrinə ehtiyac yoxdur.

 

M.Məmmədli bildirib ki, vətəndaş kifayət qədər yetkin insandır: “İcbari tibbi sığorta çərçivəsində onun sağlamlığı zəmanət altına alınıb. Onsuz da müəssisələr yetərincə əhali sıxlığı ilə qarşı-qarşıyadır. Bu prosesdə hər bir vətəndaş öz hüquqlarından, dövlətin ona verdiyi imkanlardan istifadə etməli, öz sağlamlığının qeydinə qalmalıdır. İcbari tibbi sığortanın tətbiqindən sonra vətəndaşın  tibbi müayinədən keçməsi üçün heç bir maneə qalmayıb. Yəni vətəndaş istədiyi zaman ilkin səhiyyə xidmətinə müraciət edərək və oradan göndəriş alaraq bütün maneələrdən keçə bilir. Vətəndaşa tibbi müayinələrlə bağlı heç bir məhdudiyyət qoyulmayıb. Buna görə də konkret qrafiklər üzrə bu prosesin həyata keçirilməsinin Azərbaycanda elə bir əhəmiyyəti yoxdur. Təbii ki, bəzi hallarda müraciətlərin sayının çox olması ilə əlaqədar bir qədər tibbi xidmət zaman alır. Yenə də deyirəm, bu prosesləri Azərbaycanda icbari tibbi sığorta çərçivəsində həyata keçirmək mümkündür”.

 

Aytəkin Qardaşova

Tarix: 8 Sentyabr 2025, 16:26   
Seçilən
30
pravda.az

1Mənbələr