AZ

Belə olmaz! Ət qiymətləri süfrədən qırmızı əti silir

ain.az, Bizimyol portalına istinadən məlumat verir.

Son aylarda ölkədə ərzaq bazarında ən çox müzakirə olunan məsələlərdən biri də ətin qiymətidir. Artıq alıcılar mağaza və bazarlarda “ət almaq” yox, “ət axtarmaq” məcburiyyətində qalıblar. Mal ətinin kilosu 17-18 manata, qoyun ətinin isə 25 manata qədər yüksəlməsi vətəndaşların həm cibinə, həm də gündəlik qida rasionuna ciddi təsir edir.

Əslində, Azərbaycan ət istehsalında müəyyən potensiala malikdir. Kənd təsərrüfatı bölgələrində heyvandarlıq hələ də əsas məşğulluq sahələrindən biri hesab olunur. Amma sual ortaya çıxır: bu qədər mal-qara saxlanan bir ölkədə necə olur ki, ət qiymətləri ildən-ilə əlçatmaz həddə çatır?

Qiymət artımının bəhanələri

Satıcıların arqumenti eynidir: yem bahadır, yanacaq bahadır, xərclər artır. Amma diqqət etsək görərik ki, qiymətlərin bu dərəcədə kəskin qalxması təkcə yemlə bağlı deyil. Çünki eyni bölgələrdə kəndli hələ də otlaqdan istifadə edir, mal-qarasını çöldə otarır. Əgər məsələ yalnız yemlə izah olunurdusa, niyə qoyun ətinin qiyməti bu qədər bahadır?

İdarəetməsizlik və nəzarətsizlik

Ətin qiymətində yaranmış xaos əslində dövlətin bu sahədəki nəzarətsizliyindən qaynaqlanır. İnhisarçıların əlində olan bazarda rəqabət yoxdur. Hər kəs özbaşına qiymət qoyur, alıcı da məcbur qalıb ya alır, ya da ümumiyyətlə almır. Rəsmi qurumlar isə sadəcə statistik rəqəmlərlə kifayətlənir.

Sosial problemə çevrilən ət

Ət qiymətlərinin bahalaşması sadəcə mətbəx problemi deyil, sosial problemdir. Çünki normal qidalanma üçün vacib olan zülal mənbəyi artıq orta təbəqənin süfrəsindən silinmək üzrədir. Bir ailənin həftədə bir dəfə ət alması belə dəbdəbəyə çevrilib. İndi çoxları yalnız toy, yas və xüsusi günlərdə ət yeməklərinə rast gəlir.

Əgər ət bazarında real nəzarət mexanizmi qurulmasa, qiymətlər daha da qalxacaq və nəticədə sağlam qidalanma sadəcə varlıların imtiyazına çevriləcək. Bu gün cəmiyyətin tələb etdiyi “bahalaşma ilə bağlı hesabat” deyil, konkret addımlardır: inhisarçılığa son qoymaq, fermeri dəstəkləmək, ət idxalında alternativ mənbələr yaratmaq. Əks halda, vətəndaşların gündəlik sualı belə olacaq: “Bu gün evə ət yoxsa kartof alaq?”

Leyla Mirzə, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
33
1
bizimyol.info

2Mənbələr